Mobil versiya
Komitə sədri: Qoşulmama Hərəkatının zirvə görüşü işğalçı Ermənistana böyük zərbə oldu
Tarix: 28-10-2019 | Saat: 11:56
Bölmə:Siyasət | çapa göndər

Komitə sədri:


Azərbaycanın Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşünə uğurla ev sahibliyi etməsi və növbəti üç il ərzində BMT-dən sonra öz sıralarında dünyanın ən çox ölkəsini birləşdirən bu təşkilata sədrliyi öz üzərinə götürməsi ölkəmizin tarixi bir uğurudur.

Bunu Trend-ə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib.

S.Seyidov bildirib ki, Yer kürəsində yaşayan insanların 50 faizindən çoxu Qoşulmama Hərəkatının üzv ölkələrində yaşayır: “Ona görə də, Azərbaycanın növbəti 3 il müddətində bu təşkilata rəhbərlik etməsi mühüm əhəmiyyət kəsb edir. Birincisi, belə bir böyük təşkilata sədrliyin Azərbaycana həvalə edilməsi ölkəmizin beynəlxalq aləmdə nüfuzunun, ölkəmizə olan etimadın artmasının daha bir göstəricisidir. Digər tərəfdən, təşkilata daxil olan dövlətlərin hamısının Azərbaycanın ərazi bütövlüyünü, sərhədlərinin toxunulmazılığını dəstəkləməsi, Azərbaycanın qaçqın və məcburi köçkünlərinin öz tarixi torpaqlarına qayıtmasının vacibliyini vurğulaması, Azərbaycanın dünyada artan nüfuzunu təsdiq etməsi özü-özlüyündə tarixi bir faktdır və Azərbaycanın böyük uğurudur”.

Komitə sədri vurğulayıb ki, Zirvə Görüşünün nəticəsi kimi qəbul edilən sənədləri Azərbaycanın ciddi diplomatik uğuru hesab etmək olar: “Bu sənədlərdə hərəkata üzv olan bütün ölkələr birmənalı şəkildə Azərbaycanın ərazi bütövlüyünü və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həll edilməsini dəstəklədi.

Dövlət və Hökumət başçıları BMT Təhlükəsizlik Şurasının qətnamələrinə baxmayaraq, münaqişənin hələ də həll olunmamasından təəssüf hissi keçirdiklərini bildirdi. Onlar BMT Nizamnaməsində öz əksini tapmış gücdən istifadə etməmək prinsipini yenidən təsdiqlədilər və tərəfləri münaqişənin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərin toxunulmazlığı əsasında danışıqlar yolu ilə həll olunmasına ruhlandırdılar”.

S.Seyidov qeyd edib ki, Azərbaycanın Zirvə toplantısına bu cür uğurla ev sahibliyi etməsi, həmçinin, işğalçı Ermənistana böyük bir zərbədir: “Nəzərə alsaq ki, Qoşulmama Hərəkatının Zirvə Görüşündə müzakirə edilən məsələlər sonradan BMT-də qaldırılır, Azərbaycan Ermənistanın işğalçı siyasətini bir daha beynəlxalq tribunadan ifşa etmiş olur. Çünki faktiki olaraq Qoşulmama Hərəkatına üzv olan bütün ölkələr Ermənistanı işğalçı ölkə kimi tanıdılar”.

Milli Məclisin deputatı əlavə edib ki, həm bu Zirvə Görüşündə, həm də ümumiyyətlə son ay yarım ərzində Prezident İlham Əliyevin "Valday" forumundan başlamış, ondan sonra Aşqabadda MDB rəhbərlərinin sammitində, daha sonra Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yeddinci sammitində gətirdiyi dəllilər və ümumiyyətlə, dünya səviyyəsində apardığı işlər Azərbaycanın beynəlxalq münasibətlərini və xarici siyasətini tamamilə yeni bir müstəviyə qaldırıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-11-2024