Mobil versiya
Üç dövlət qurumu ləğv edildi
Tarix: 03-02-2016 | Saat: 15:48
Bölmə:Siyasət / Aia TV / Karusel | çapa göndər



Prezident İlham Əliyev Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxsin yaradılması haqqında Fərman imzalayıb.

“Qafqazinfo” xəbər verir ki, fərmanda son vaxtlar dünyada baş verən iqtisadi-siyasi proseslər ölkədə qiymətli kağızlar bazarının, investisiya fondu, bank və sığorta fəaliyyəti sahələrinin, habelə ödəniş sistemlərinin fəaliyyətinin çevikliyinin və şəffaflığının təmin olunmasını, həmçinin bu sahələrdə tənzimləmə və nəzarət sisteminin təkmilləşdirilməsini, eləcə də ictimai nəzarət sisteminin yaradılmasını zəruri etdiyi bilirilir. Ölkənin maliyyə sisteminin daha da sabit və dayanıqlı, rəqabətqabiliyyətliliyinin isə daha yüksək olması üçün maliyyə bazarlarının fəaliyyətinin səmərəli şəkildə təmin olunması, eləcə də kreditorların, investorların və sığorta olunanların hüquqlarının qorunması tələb olunur.

“Azərbaycan Respublikasının maliyyə sektorunun dayanıqlılığını təmin etmək və bu sahədə nəzarət mexanizmlərini təkmilləşdirilmək məqsədi ilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikasının qiymətli kağızlar bazarı, investisiya fondları, sığorta, kredit təşkilatları (bank, bank olmayan kredit təşkilatları və poçt rabitəsinin operatoru) və ödəniş sistemləri fəaliyyətinin lisenziyalaşdırılması, tənzimlənməsi və nəzarəti, habelə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması sahəsində nəzarət sisteminin təkmilləşdirilməsini, həmçinin bu sahələr üzrə nəzarət sisteminin şəffaflığını və çevikliyini təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxs yaradılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxsin təsisçisinin aşağıdakı səlahiyyətləri Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilir:

2.1. nizamnamənin və strukturunun təsdiqi;
2.2. nizamnamə fondunun miqdarının müəyyən edilməsi;
2.3. icra orqanlarının (kollegial və ya təkbaşçı) yaradılması, onların səlahiyyətlərinin müəyyənləşdirilməsi və səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi.

3. Müəyyən edilsin ki:
3.1 Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasında 5 nəfər üzvdən ibarət Direktorlar Şurası yaradılır;
3.2. Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədrinin və üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi, habelə onların səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilir.

4. Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Nizamnaməsi qüvvəyə mindiyi gündən Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti və Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidməti ləğv edilsin və onların istifadəsində olan dövlət əmlakı Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına verilsin.

5. Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının fəaliyyətinin təmin edilməsi ilə əlaqədar aşağıdakı tərkibdə İşçi qrupu yaradılsın:

İşçi qrupunun rəhbəri

Rüfət Aslanlı - Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri

İşçi qrupunun üzvləri

Asim Məmmədov - “Xalq Bank” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının sədri

Cəlal Qasımov - “Kapital Bank” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının sədri

Faiq Hüseynov - “Unibank” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri

Rövşən Cavadov - Azərbaycan Respublikası Dövlət Neft Fondunun investisiya departamentinin direktoru

Zəka Mirzəyev - Azərbaycan Respublikası Maliyyə Nazirliyinin maliyyə və sığorta bazarlarının tənzimlənməsi şöbəsində sektor müdiri

6. İşçi qrupuna tapşırılsın ki:

6.1. Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Nizamnaməsinin layihəsini, habelə Palatanın strukturu və işçilərinin ümumi say həddi barədə təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

6.2. Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının yaradılması ilə əlaqədar:

6.2.1. “Qiymətli kağızlar bazarı haqqında”, “Banklar haqqında”, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında”, Bank olmayan kredit təşkilatları haqqında” və “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası qanunlarının uyğunlaşdırılması barədə təkliflərini bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

6.2.2. Azərbaycan Respublikasının digər qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

6.3. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

7. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

7.1. bu Fərmanın 4-cü hissəsi nəzərə alınmaqla, Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinin və Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətinin istifadəsində olan dövlət əmlakının Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına verilməsini həll etsin;

7.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını iki ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
7.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

7.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
8. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin".



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-12-2024