Mobil versiya
“ Bakıda qalmaqallı məhkəmə başladı - 17 nəfərlik dəstə
Tarix: 01-02-2016 | Saat: 14:56
Bölmə:Parlament / Aia TV / Karusel | çapa göndər


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 2014-cü ilin noyabrın 24-də Qəbələ rayonunda iş adamı Vahid Vahabovu qətlə yetirməkdə, həmçinin, vətəndaşlara ağır xəsarətlər yetirməkdə, onlara məxsus avtomobilləri qaçırmaqda şübhəli bilinən 17 nəfərdən ibarət mütəşəkkil cinayətkar dəstə üzvlərinin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

“Qafqazinfo”nun prosesdə iştirak edən əməkdaşının verdiyi xəbərə görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib. Prosesdən öncə təqsirləndirilən Əhməd Kərimovun atası ona müraciət edərək “Ağıılı olun, övladlarınız sizi gözləyir. Axı siz nə edirsiz? Mənə söz ver ki, daha ağıllı olacaqsan” deyib.

Ə.Kərimovun isə “Söz verirəm, Allahın yolundan dönməyəcəm” deməsinə atası “Siz şeytanın yolundasınız” deyə cavab verib.

Vəkil vəsatət verərək təqsirləndirilən Niyaməddin Xəlilovun psixi durumu barəsində ekspertiza təyin olunmasını istəyib. N.Xəlilov isə vəsatətə münasibət bildirərək dəstəkləmədiyini deyib: “Mən vəsatət nədi bilmirəm. Keçən dəfə də dedim, indi də deyirəm. Bu məhkəmə dini əqidəmə, etiqadıma ziddir. Mən mühakimə olunmuram. Ona görə də müdafiə olunmağıma ehtiyac yoxdur”.

Hakimlər kollegiyasının qərarı ilə vəsatət baxılmamış saxlanılıb.

İttiham aktı elan olunduqdan sonra hakim bildirib ki, ittihama görə təqsirləndirilənlərin bir qismi ömürlük, bir neçəsi isə 20 ilə qədər azadlıqdan məhrum edilə bilər. Bundan sonra təqsirləndirilənlər buna etiraz ediblər.

Dəstə başçısı Nurəddin Xəlilov məhkəməni rədd etdiklərini deyib: “Sizi və sizin qanunlarınızı inkar edirik. Siz bizə yox, biz sizə hökm oxuyacağıq. İstəyirsiniz 2 dəfə ömürlük cəza verin. Bizim üçün fərqi yoxdur. Allah istədiyi vaxt mən türmədən çıxacağam. Sizin hökm etmək ixtiyarınız yoxdur. Sizə bu ixtiyarı kim verib. Hökm Allahındır. Allah peyğəmbərləri göndərib ki, ona itaət olunsun. Hamınız inandığınızı deyirsiniz, oturun fikirləşin. 20 il cəza nədir ki? Əbədi cəhənnəm var. Sizin elminiz nədirsə, Allahın elmindən dönmüsüz”.

Hakim “Başqasının arvadna mesaj yazmaq da dindəndi?” deyə təqsirləndirlənə sual verib.



Bundan sonra digər təqsirləndirilən İlqar Musayev ifadə verib. O ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyində ona işgəncə edildiyini və bu işin həmin nazirliyin rəhbərliyi tərəfindən qurulmuş ssenari olduğunu deyib: “Mənim heç bir günahım yoxdur. Bütün bunları MTN-də mənə “yüklədilər”. Evimə gətirib silah qoydular. Sonra da işgəncə altında hər şeyi yazdırdılar. Boynuma qoydular ki, sən terrorçusan. MTN özü cinayətkardır, bizi cinayətkar elan edir. Bunlar hamısı MTN-də qurulan ssenaridir. O vaxt da işgəncələrdən prokurorluğa şikayət etdim. Qurban adlı müstəntiq məni dindirdi. “Bandotdel” bir gün öncə gəlib mənim evimi “şımon” elədi, heç nə çıxmadı. Səhərisi gün MTN-çilər gəldi. Gözümün qabağında silahı qoyub sonra götürdülər. Burda tutulanların hamısından eyni silah “tapılıb”. Çünki hamısını MTN qoyub. MTN-çilər necə cinayətkar tuturdular ki, indi mənlə bir yerdə Kürdəxanıda yatırlar. Mən burda tutulanlardan çoxusunu heç tanımırdım”.

İ.Musayevin istintaqa ifadəsi elan olunub. Qeyd olunub ki, o Suriyada döyüşüb, sonra isə Azərbaycana qayıdıb eyni fəaliyyəti burda davam etdirmək niyyətində olub.

Təqsirləndirilən şəxs bildirib ki, o heç vaxt Suriyada olmayıb və ifadəni işgəncə altında yazıb.

Bundan sonra digər təqsirləndirilənlərdən elan olunan ittiham üzrə özlərini təqsirli bilib-bilmədikləri soruşulub. Onların başçısı “Təkbir” gətirdikdən sonra qalanları ucadan “Allahu Əkbər” deyiblər.

Təqsirləndirilələrin bir qismi “bu teatrdır, biz tək olan Allaha inanırıq, ona ibadət edirik. Hökm Allahındır” deyiblər.



İfadə verməkdən imtina edən şəxslərin ibtidai istintaqa verdiyi ifadələri elan olunmuş hesab edilib.
Özünü təqsirli bilməyən digər təqsirləndirilən Anar Quliyev ifadə verərək heç nədən xəbəri olmadığını deyib: “Burdakıların çoxusunu tanımıram. Mənə işgəncə verdilər, nə dedilər yazdım”.

İfadə verməkdən imtina edən təqsirləndirilən biri “Bu yetimi heç nədən tutublar” deyə replika atıb.

Anar Quliyev ifadəsinə davam edərək günahsız olduğunu deyib: “Ay rəis, siz buda nə danışırsız heç onu başa düşmürəm. Orda yazılıb terrorçuluğu maliyyələdirmişəm. Ölmüşdü Xankişi. Mən bir dəfə burda tutulanlardan birinə 200 manat pul vermişəm. O da kirayə pulu üçün idi. Mən “biət” sözünün nə olduğunu burda bilmişəm. MTN-də olanda mənim başımdan dabanıma kimi gömgöy idi. O vərəqə qol çəkəndə artıq özümdə deyildim”.

Sələfi əqidəli digər təqsirləndirilən isə hakimdən Allaha şikayət etdiyini deyib: “Mənim şikayətim var. Sizdən Allaha şikayət edirəm. Mən Allahın əsgəriyəm”.

Təqsirləndirilənlərin ifadəsi başa çatdıqdan sonra zərərçəkənlər ifadə verib. Məhkəmə prosesi fevralın 8-nə təyin edilib.

Qeyd edək ki, cinayət işi üzrə Nurəddin Xəlilov, Müşfiq Mikayılov, Rəşad Həşimli, Əhməd Kərimov, Çoşqun Kərimbəyli, Bahadur Məmmədov, Zaur Əliyev, Pərviz Şıxalyev, Rəşad Səfərəliyev, Xəlil Məmmədov, Şakir Məmmədov, Rafiq Bəyimov, Ceyhun Abdullayev, İlqar Musayev, Anar Rzayev, Niyaməddin Xəlilov, Fəxri Şirinzadə təqsirləndirilir. Qeyd olunan şəxslər dövlət əleyhinə yönələn addımlar atmaqda, silahlı qrup yaratmaqda, dövlət quruluşu əleyhinə fəaliyyət göstərməkdə, dini düşməniçilik yaratmaqda, oğurluqda, quldurluqda ittiham olunurlar.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-12-2024