Mobil versiya
Məhkəmə qərarlarını icra etməyən 6.775 şəxs məsuliyyətə cəlb olunub - MÜŞAVİRƏ
Tarix: 28-01-2019 | Saat: 16:58
Bölmə:Gündəm | çapa göndər

Məhkəmə qərarlarını icra etməyən 6.775 şəxs məsuliyyətə cəlb olunub - MÜŞAVİRƏ


Ədliyyə Nazirliyində icra və probasiya xidmətlərinin bütün yerli qurumlarının, habelə nazirliyin müvafiq idarələrinin rəhbərlərinin, cinayət işləri üzrə ibtidai istintaqı aparan müstəntiqlərin iştirakı ilə 2018-ci ildə məhkəmə və digər orqanların qərarlarının, o cümlədən azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzaların icrası, ədalət mühakiməsi əleyhinə və bəzi digər cinayətlərin istintaqının aparılması sahəsində görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş müşavirə keçirilib.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, ədliyyə nazirinin müavini Vilayət Zahirov , icra baş idarəsinin rəisi – baş icra məmuru Nurəddin Mustafayev, Probasiya xidmətinin rəisi - baş probasiya məmuru Akşin Ziyadov və İstintaq idarəsinin rəisi Zakir Qafarov hesabat məruzəsi ilə çıxış ediblər.

Bildirilib ki, 2018-ci ildə icra qurumlarına daxil olan icra işlərinin sayı 873 minə çatıb, onlardan 450 mindən çoxunun icrası təmin edilib, qalan işlərin icrası üzrə tədbirlər davam etdirilir. Görülən tədbirlər nəticəsində hüquqi və fiziki şəxslərə əvvəlki illə müqayisədə 2 dəfədən artıq – 1.1 milyard manatdan çox vəsait ödətdirilib.

Məhkəmə qərarlarının icrasından qərəzli boyun qaçıran 6.775 şəxs inzibati məsuliyyətə cəlb olunub, o cümlədən 2.913 şəxs məhkəmələr tərəfindən inzibati qaydada həbs olunub, 446 şəxs barəsində cinayət işi başlanılıb. Ölkədən getmək hüquqi müvəqqəti məhdudlaşdırılan belə şəxslərdən 4.885 nəfərin isə məhkəmə qərarını icra etdiklərinə görə üzərlərindən məhdudiyyət götürülüb.

Vətəndaşların rahatlığı üçün nazirlik tərəfindən yaradılmış belə məhdudlaşdırmanın olub-olmamasını dərhal öyrənməyə imkan verən elektron xidmətdən istifadənin sayı ilbəil artaraq 2018-ci ildə 1.4 milyona çatıb.

Həmçinin azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzaların icrası sahəsində görülmüş işlər barədə məlumat verilib. Diqqətə çatdırılıb ki, yerli probasiya qurumlarının qeydiyyatında olan məhkumların təxminən yarısı - 10.182 nəfər ötən il cəza müddətinin başa çatması, təyin olunmuş cəzanın tam icra olunması ilə əlaqədar və ya qanunla müəyyən edilmiş digər əsaslarla qeydiyyatdan çıxarılıb, cəzanın icrasından boyun qaçıran 527 məhkumun cəzası məhkəmələr tərəfindən digər cəza növü, o cümlədən 46 nəfərin cəzası azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilib.

Dövlət başçısının cəza siyasətinin humanistləşdirilməsinə dair 2017-ci il 10 fevral tarixli Sərəncamı ilə yaradılmış nazirliyin Probasiya xidməti tərəfindən hesabat dövründə işin müasir tələblər səviyyəsində səmərəli təşkili ilə bağlı xeyli işlər görülüb, azadlıqdan məhrumetməyə alternativ cəzaların icrasında elektron nəzarət vasitələrinin tətbiqinə başlanılıb, bu məqsədlə Probasiya xidmətində müasir avadanlıqlarla təchiz olunmuş, məhkumları fasiləsiz izləməyə və operativ əlaqə qurmağa imkan verən Elektron monitorinq mərkəzi yaradılıb. 2018-ci ildə azadlıqdan məhrumetməyə alternativ cəzalara, o cümlədən azadlığın məhdudlaşdırılması cəza növünə məhkum olunmuş 605 şəxsə elektron qolbaq tətbiq edilib, cəza müddəti bitən və digər qanuni əsaslara görə məhkumlardan isə qolbaqlar çıxarılıb.

2018-ci il ərzində məhkəmənin qərarlarına əsasən 1.030 şəxs ictimai işlər növündə cəzanın və inzibati tənbehin icrasına cəlb edilib, onlardan 603-ü ictimai işlərin müddətinin başa çatması ilə əlaqədar qeydiyyatdan çıxarılıb. Cərimə və islah işləri cəzalarının icrası ilə bağlı dövlət büdcəsinə ödənilən vəsaitin məbləği 70 faiz artaraq 2.5 milyon manatı ötüb.

Eyni zamanda, cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı 2017-ci il 17 oktyabr tarixli Qanunla Cinayət Məcəlləsində bir çox əməllərin dekriminallaşdırılması nəticəsində probasiya xidmətinin qeydiyyatında olan 1200-dən çox şəxs məhkəmələr tərəfindən cəza çəkməkdən azad edilib və ya cəza müddəti azaldılıb.

Hesabat dövründə nazirliyin İstintaq idarəsinin icraatında olmuş 1.078 cinayət işinin 673-nün ibtidai istintaqı tamamlanıb, onlardan 276-sı alimentin ödənilməsindən qərəzli şəkildə boyun qaçıran şəxslərlə bağlı olub, fiziki və hüquqi şəxslərə vurulmuş 1.9 milyon manatdan çox vəsaitin istintaq zamanı ödətdirilməsinə nail olunub.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024