Mobil versiya
2018-in səs-küylü hadisələri: Hökumətdə yenilik, enerji qəzası, Gəncə hadisələri, hərbi parad...
Tarix: 15-12-2018 | Saat: 14:39
Bölmə:Manşet / Gündəm | çapa göndər

2018-in səs-küylü hadisələri: Hökumətdə yenilik, enerji qəzası, Gəncə hadisələri, hərbi parad...


2018-ci il yekunlaşmaq üzrədir. Modern.az saytı bu il ölkəmizdə ajiotaj yaradan vacib hadisələri araşdırıb. Beləliklə, bu il ölkə mətbuatının uzun müddət gündəmindən düşməyən hadisələri xronoloji ardıcıllıqla təqdim edirik.


2018-ci ilin ilk günlərini bizim üçün xoş olan hadisələrlə qarşıladıq. Belə ki, bu il Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyidir. Ona görə, yanvar ayının 10-da ölkə başçısı, Prezident İlham Əliyev 2018-ci ilin Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi haqqında sərəncam imzaladı. Prezidentin sərəncamı sayəsində AXC-nin elan olunması kimi əlamətdar hadisənin dövlət səviyyəsində layiqincə qeyd edilməsi yüksək səviyyədə təşkil edildi.


Növbəti – fevral ayının ilk günlərində isə prezidentin gözlənilməz bir sərəncamı mediada və cəmiyyətdə müzakirələrə səbəb oldu. Növbədənkənar Prezidenti seçkilərinin elan edilməsi haqqında Prezident İlham Əliyevin fevralın 5-i imzaladığı sərəncam səs-küy yarada bildi. Sərəncama əsasən, prezident seçkiləri aprel ayının 11-nə təyin edildi və elə qərar verilən gündən seçki kampaniyasına başlanıldı.


Mart ayını bəd xəbərlə qarşıladıq. Ayın 2-də Bakı şəhəri, Xətai rayonu, Zığ şossesi 13 ünvanında yerləşən Respublika Narkoloji Mərkəzində güclü yanğın baş verdi. Rəsmi məlumata görə, Mərkəzin pasiyenti, Bakı şəhər sakini Məhəmməd Məmmədovun intihar məqsədilə törətdiyi bədbəxt hadisə nəticəsində 25 nəfər dünyasını dəyişdi. Mərkəzdə "alkoqol qəbulu nəticəsində psixi və davranış pozuntuları" diaqnozu ilə müalicə alan pasiyent dindirildikdən sonra həbs olundu.
Qeyd edək ki, yanğın baş verən zaman həmin korpusda 55 nəfər olub. Onlardan 30 nəfər xilas edilib, 3 nəfər Toksikologiya Mərkəzinə göndərilib. Binanın yanar konstruksiyalarının altından isə 25 cəsəd çıxarılıb.

Mart ayının 4-5-də gündəmi “Real” Televiziyasının yaradılması xəbəri zəbt etdi. Milli Teleradio Şurasının tanınmış telejurnalist Mirşahin Ağayevin rəhbərlik etdiyi "Real" TV-yə peyk yayımı üçün müddətsiz lisenziya verməsindən sonra telekanal fəaliyyətə başladı. “Real” TV yalnız informasiya kanalı olaraq, efir məkanında öz yerini tutdu.


Aprel ayının 11-i gözlənildiyi kimi Azərbaycanda VIII prezident seçkiləri baş tutdu. Seçkilərin nəticələrinə görə, 86,03 faiz səs toplayan İlham Əliyev növbəti dəfə prezident seçildi. Bundan sonra mətbuat ölkə başçısının yeni hökumətin tərkibindəki dəyişiklikləri, bəzi qurumların ləğv edilməsi və yeni dövlət orqanlarının yaradılması haqqında qərarlarını izlədi.


Aprelin 21-də Prezident İlham Əliyev Nazirlər Kabinetinin yeni tərkibi haqqında sərəncam imzaladı. Sərəncama əsasən, Yaqub Eyyubov Baş nazirin birinci müavini, Əli Əhmədov, Əli Həsənov və Hacıbala Abutalıbov Baş nazirin müavinləri, Ramil Usubov daxili işlər naziri, Pərviz Şahbazov energetika naziri, Fikrət Məmmədov ədliyyə naziri, Sahil Babayev əmək və əhalinin sosial müdafiəsi naziri, Kəmaləddin Heydərov fövqəladə hallar naziri, Elmar Məmmədyarov xarici işlər naziri, Şahin Mustafayev iqtisadiyyat naziri, İnam Kərimov kənd təsərrüfatı naziri, Samir Şərifov maliyyə naziri, Zakir Həsənov müdafiə naziri, Ramin Quluzadə nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri, Mikayıl Cabbarov vergilər naziri təyin olundu.

Prezident, həmçinin Samir Nuriyevi Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, Rövşən Rzayevi Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Elçin Quliyevi Dövlət Sərhəd Xidmətinin rəisi, Mədət Quliyevi Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Orxan Sultanovu Xarici Kəşfiyyat Xidmətinin rəisi təyin etdi.
Yeni hökumətin tərkibi müəyyənləşərkən əsas hadisə isə baş nazir Artur Rasizadənin vəzifəsindən azad edilməsi oldu. Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Novruz Məmmədov isə Artur Rasizadənin əvəzinə baş nazir təyin edildi.


Aprelin sonunda Bakıda baş verən daha yanğın hadisəsi mətbuatda geniş müzakirə edildi. Bakı şəhəri, Nəsimi rayonu, Yusif Səfərov küçəsində yerləşən, istismar edilməyən çoxmərtəbəli binanın yanması ajiotaja səbəb oldu. Hadisənin geniş müzakirə edilməsinin səbəbi isə “Trump Tower” adlanan binanın keçmiş nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədova məxsus olduğu haqqında iddialar idi.


Mayın 4-ü Azərbaycanı hüznə qərq edən hadisə - xalq artisti Fuad Poladovun ölümü ilə yadda qaldı. Xərçəng xəstəliyindən uzun müddət müalicə olunan mərhum sənətkar öz vəsiyyətinə görə, "Qurd qapısı" qəbiristanlığında dəfn olundu.


Mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyi qeyd edildi. Ölkə başçısı, Prezident İlham Əliyevin “İstiqlal bəyannaməsi” abidəsini ziyarət etməsi ilə başlanan yubiley tədbirləri həmin gün respublikanın hər yerində davam etdirildi.


2018-ci ilin iyun ayını da əlamətdar hadisələrlə yola saldıq. İyunun 12-də Türkiyənin Əskişəhər şəhərində Azərbaycan qazını Avropaya çatdıracaq Trans-Anadolu Boru Qaz Kəmərinin (TANAP) açılışı mərasimi keçirildi. Mərasimdə Azərbaycan prezidenti İlham Əliyev, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, bir çox ölkənin dövlət və hökumət başçıları, energetika nazirləri, enerji şirkətlərinin rəhbərləri də iştirak etdilər.
Qeyd edək ki, ümumi dəyəri 40 mlrd. avro təşkil edən Cənub Qaz Dəhlizinin bir hissəsi olan TANAP layihəsi Azərbaycanda hasil olunan təbii qazın Gürcüstandan keçərək Türkiyə ərazisi ilə Avropaya nəql edilməsini nəzərdə tutur. İnşası 6 il çəkən bu layihə Azərbaycan, Türkiyə və Avropa üçün böyük önəm daşıyır.


İyun ayının 26-da Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 100 illik yubileyi qeyd edildi. Bu münasibətlə həmin gün Bakının Azadlıq meydanında təntənəli hərbi parad keçirildi.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev, birinci xanım Mehriban Əliyeva da həmin paradda iştirak etdilər.
Möhtəşəm hərbi paradda 240-dan çox hərbi texnika, gəmilər, 70-dən artıq uçuş vasitəsi, o cümlədən silahlanmaya yeni qəbul edilmiş ən müasir zirehli texnikalar, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, helikopterlər, pilotsuz uçuş aparatları kimi müxtəlif növ ən yeni silah və texnikalar nümayiş olundu.
Parad, həmçinin Türkiyə, Pakistan, Belarus, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Gürcüstan, İran, İsrail, Qazaxıstan, Özbəkistan, Rusiya, Səudiyyə Ərəbistanı və Ukraynadan olan 100-dək nümayəndənin iştirakı ilə də yadda qaldı.


Əhəmiyyətli hadisələrlə yadda qalan iyun ayından fərqli olaraq, iyulda o qədər də ürəkaçan olaylar baş vermədi. Ayın ilk günlərində, daha dəqiq desək, iyulun 3-ü gecə saatlarında Mingəçevir şəhərində fəaliyyət göstərən ölkənin ən böyük elektrik stansiyası olan “Azərbaycan” İES-in 6-cı enerji blokunda yanğınla müşahidə olunan partlayış baş verdi. Nəticədə ölkənin enerji təchizatında ciddi problemlər yarandı. Respublikanın müxtəlif bölgələrində, xüsusilə paytaxtda elektrik enerjisinin verilməsi dayandırıldı. Prezident İlham Əliyevin tapşırığı ilə Mingəçevirdəki qəzanın araşdırılması ilə bağlı Dövlət Komissiyası yaradıldı. Prezidentin sərəncamında iyulun 3-də Mingəçevirdə "Azərbaycan İstilik Elektrik Stansiyası" MMC-nin yarımstansiyalarında baş vermiş qəzanın Bakı və Gəncə şəhərləri də daxil olmaqla 39 şəhər və rayonunun elektrik enerjisinin kəsilməyinə səbəb olduğu bildirildi.


Bu hadisə nəticəsində Etibar Pirverdiyev «Azərenerji» Açıq Səhmdar Cəmiyyətinin (ASC) prezidenti vəzifəsindən azad edildi.


İyulun 3-də ajiotaja səbəb olan daha bir hadisə baş verdi. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı sui-qəsd həyata keçirildi. Belə ki, Elmar Vəliyev və onun mühafizəçisi Qasım Aşbazov İcra Hakimiyyətinin inzibati binasının qarşısında odlu silahdan açılan atəş nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb, xəstəxanaya yerləşdirildilər.
Cinayəti törətmiş 1983-cü il təvəllüdlü Yunis Səfərov isə dərhal polis əməkdaşları tərəfindən tutulub, istintaqa cəlb edildi.


Gəncə hadisələri bununla da bitmədi. 2018-ci il iyulun 10-da, saat 20 radələrində 150-200 nəfərdən ibarət radikal dini yönümlü bir qrup şəxs Gəncə şəhər İcra Hakimiyyətinin inzibati binasının önündəki meydana toplaşaraq, asayişi kobud şəkildə pozmağa cəhd göstərdilər. Təəssüf ki, aksiyalar zamanı xidməti vəzifələrini yerinə yetirən iki polis zabiti – Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki İlqar Balakişiyev və Nizami Rayon Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Səməd Abbasov radikal ünsürlərin kəsici-deşici alətlərlə yetirdikləri zərbələr nəticəsində şəhid oldular.


Maraqlıdır ki, statistikalara və tarixlərə nəzər saldıqda 2018-ci il üçün üzücü hadisələrin ayların ilk 10 günlüyündə baş verdiyini görürük. Elə Azərbaycanın ən böyük informasiya agentliyi olan "APA Holding" MMC-nin fəaliyyətini dayandırması da avqust ayının 1-nə təsadüf etdi. Nəticədə Apa.az, Lent.az, Vesti.az, Apasport.az, APA.TV saytlarına giriş məhdudlaşdı.
Avqust ayının 30-da isə "APA Holding"in prezidenti Vüsalə Mahirqızı agentliyin fəaliyyətinin tamamilə dayandırıldığı barədə son qərarı elan etdi.


Sentyabrın ayında isə Bakı daha bir tarixi gün yaşadı. Sentyabrın 15-də paytaxtda Qafqaz İslam Ordusunun Bakını işğaldan azad etməsinin 100 illik yubileyi münasibətilə təntənəli yubiley mərasimi - hərbi parad keçirildi. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirak etdiyi möhtəşəm tədbirdə Türkiyə və Azərbaycan Bakının yadelli qüvvələrdən azad edilməsinin 100 illiyini birgə qeyd etdi. İki ölkənin qardaşlığını, birliyini əks etdirən bu hadisə dünya mətbuatının gündəmində də işıqlandırıldı.


Sentyabrın 26-da Prezident İlham Əliyevin rəhbərliyi altında ərsəyə gələn, Azərbaycanın üçüncü peyki olan “Azerspace-2” telekommunikasiya peyki orbitə buraxıldı. Həmin gün Bakı vaxtı ilə saat 2:38 radələrində Fransız Qvianasında yerləşən kosmodromdan – Qviana Kosmik Mərkəzindən orbitə buraxılan peykimiz Azərbaycanın növbəti uğuru kimi tarixə düşdü. Məlumata görə, “Azerspace-2” peykinin orbitdə yanacaq ömrü minimum 20 il təşkil edəcək.


Sentyabrın ayında baş verən uğurlu hadisələr təəssüf ki, oktyabrda davamlı olmadı. Oktyabrın ilk gününü də bədbəxt hadisə ilə qarşıladıq. Bakı şəhəri, Xəzər rayonunun Binə qəsəbəsində sərnişin avtobusu ilə qatarın toqquşması nəticəsində 20 nəfər yaralandı. Uzun müddət mətbuatın gündəmində olan hadisənin təfərrüatları barədə də müxtəlif fikirlər səsləndirildi. Qəza nəticəsində yaralananlardan 7-si qadın, 10-u kişi, 3-ü isə uşaq idi. Faciəli qəza 1 nəfərin ölümünə də səbəb oldu.


Oktyabr ayı şəhid ailələrinin davamlı etiraz aksiyaları ilə də yadda qaldı. Dövlət başçısının "Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında" fərmanı ilə qeyd edilən kateqoriyaya aid hər bir şəhid ailəsinin vərəsəsinə 11 min manat məbləğində birdəfəlik ödəmənın həyata keçirilməsi təsdiqini tapdı. Bundan sonra həmin məbləği almaqda problemlər yaşayan bəzi şəhid ailələri davamlı etiraz aksiyaları təşkil etdilər.


Noyabr ayında isə mətbuatda ən çox müzakirə olunan hadisələrdən biri tanınmış aktrisa, xalq artisti Amaliya Pənahovanın vəfatı oldu. Xərçəng xəstəliyindən uzun müddət müalicə olunduğu deyilən xalq artisti noyabrın 8-i gözlərini əbədi yumdu.


Noyabrın 15-də isə bir müddətdir, Bakı şəhər İcra Hakimiyyəti başçısının müavini səlahiyyətlərini icra edən Eldar Əzizov Bakı meri təyin edildi. Onun bu vəzifədə qərarlaşması Azərbaycan mətbuatının da gündəmində yer alan hadisələrdən biri oldu.


Noyabrın elə həmin günü təyinatla bərabər uzun illər vəzifədə qalan tanınmış şəxsin mübahisəli şəkildə vəzifəsindən uzaqlaşdırılması ilə də tarixə yazıldı. Prezident İlham Əliyevin sərəncamı ilə Bakı Dövlət Universitetinin 19 illik rektoru Abel Məhərrəmov vəzifəsindən azad edildi.


Milli Məclisin payız sessiyasının davam etdiyi müddətdə noyabr ayı mübahisəli qanun layihələrinin qəbul edilməsi ilə də yadda qaldı. “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” və “Əmək pensiyaları haqqında qanuna dəyişiklik edilməsi barədə” qanun layihələrinin qəbul olunması mediada və cəmiyyətdə uzun müddət müzakirə obyekti kimi qaldı.


2018-ci ilin sonuncu əlamətdar hadisəsi isə Azərbaycan müəllimlərinin XV qurultayı oldu. Noyabr ayının 28-də Bakı şəhərində keçirilən qurultayda Azərbaycanın müxtəlif bölgələrindən qatılan müəllimlər, təhsil işçiləri, media nümayəndələri və rəsmilər iştirak etdi. Son 5 ildə təhsil sistemində qazanılan uğurlar, əldə edilən nəticələr, qarşıda dayanan vəzifələr qurultayın əsas mövzusu oldu.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024