Mobil versiya
Mingəçevir təhsili “qızıl dövrü”nü yaşayır
Tarix: 24-11-2018 | Saat: 12:51
Bölmə:Manşet | çapa göndər

Mingəçevir təhsili “qızıl dövrü”nü yaşayır


2017-2018-ci tədris ilinin nəticələrinə görə Mingəçevir məktəblərinin on məzunu Təhsil Nazirliyi tərəfindən qızıl medala layiq görülmüşlər

Ölkənin təhsil sistemində davamlı şəkildə və ən əsası da uğurla aparılan islahatlar öz nəticəsini verməkdədir. Demək lazımdır ki, bu gün paytaxt məktəbləri ilə yanaşı respublikanın digər şəhər və rayonlarında yerləşən təhsil müəssisələrinin də bu uğurlarda öz payları vardır. Sevinidirici haldır ki, istər yeni tədris metodikalarının tətbiqində, istərsə də məzunlarının ali məktəblərə qəbulu üzrə göstəricilərdə bölgələrdə fəaliyyət göstərən təhsil müəssisələri Bakı məktəbləri ilə uğurla rəqabət apara bilirlər. O cümlədən, son illər yüksək nəticələri ilə diqqəti cəlb edən qurumlardan biri də Mingəçevir Şəhər Təhsil Şöbəsidir.

Təhsil Şöbəsinin fəaliyyəti təqdirəlayiqdir

Mingəçevir şəhər Təhsil Şöbəsi 1956-cı ildə Şəhər Xalq Maarif Şöbəsi kimi yaradılmışdır. O zaman Mingəçevirdə 1№li Azərbaycan orta məktəbi, 3№li rus orta məktəbi, 2 və 4№li 7 illik məktəblər, Azərbaycan və rus fəhlə gənclər məktəbləri fəaliyyət göstərirdilər. 1992-ci ildən isə qurum Mingəçevir Şəhər Təhsil Şöbəsi adlandırılmışdır.



Hazırda Mingəçevir ŞTŞ tabeliyində 19 tam orta məktəb və 2 lisey olmaqla 21 ümumtəhsil məktəbi və 7 məktəbdənkənar tərbiyə müəssisəsi fəaliyyət göstərir. Şöbənin ümumtəhsil məktəblərində 13576 şagird təhsil alır, 1472 nəfər pedaqoji və 458 nəfət texniki işçi çalışır. Pedaqoji işçilərdən müəllimlərin 1238 nəfəri ali, 234 nəfəri orta ixtisas təhsillidir. Şəhərin 4 məktəbində təlim 2 dildə ( azərbaycan və rus), 17 məktəbdə isə yalnız Azərbaycan dilində aparılır. Bu məktəblərdə 2 xarici dil, ingilis və rus dilləri tədris olunur. Şəhər məktəblərindən 16-si beşgünlük, 5 məktəb isə 6 günlük iş növbəsi ilə işləyir. Bir növbəli məktəblərin sayı 15, iki növbəli məktəblərin sayı 6-dır. Mingəçevir Şəhər Təhsil Şöbəsinin müdiri Sahib Məmmədovdur.



Qısa arayış:

Məmmədov Sahib Əmirxan oğlu 03 yanvar 1960-cı ildə Azərbaycan Respublikası Ağdam rayonu Çəmənli kəndində anadan olmuşdur. 1984-cü ildə M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı institutunu Rus dili və ədəbiyyatı müəllimi ixtisası üzrə bitirmişdir. 1984-cü ildə Yevlax rayon Gülövşə kənd orta məktəbində ixtisası üzrə pedaqoji fəaliyyətə başlamışdır. 1984-1992-ci illər ərzində Gülövşə kənd orta məktəbində müəllim işlədiyi zaman “Baş müəllim”, “Metodist müəllim” fəxri adlarını almışdır. 1992-ci ildən Mingəçevir şəhər Təhsil şöbəsində metodist, 1992-ci ilin iyun ayından Mingəçevir şəhər 15 nömrəli tam orta məktəbdə direktor, 2008-ci ildən Texniki Humanitar Liseydə direktor vəzifəsində işləmişdir. Pedaqogika üzrə fəlsəfə doktorudur. 2007-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Əməkdar müəllim” fəxri adına layiq görülmüşdür.



2013-cü ilin fevral ayında Mingəçevir şəhər Təhsil şöbəsinə müdir təyin edilmişdir.

Etiraf etmək lazımdır ki, bu gün Mingəçevir sakinlərinin böyük əksəriyyəti, xüsusilə də şəhər əhalisinin pedaqoji sahədə çalışan hissəsi Sahib Məmmədovun rəhbərliyi altında Mingəçevir

ŞTŞ-nin fəaliyyətini dövlətin Təhsil strategiyasının yerlərdə həyata keçirilməsi baxımından son dərəcə uğurlu və təqdirəlayiq hesab edirlər.

Mingəçevir məktəbliləri yenə birincilər sırasında



Demək lazımdır ki, 2017-2018-ci tədris ili də Mingəçevir ümumtəhsil məktəbləri üçün çox uğurlu və məhsuldar bir il olmuşdur. Belə ki, cari ildə Mingəçevirdə yerləşən 19 tam orta məktəbi və 2 liseyi bitirmiş 789 məzunundan 650 nəfəri ali məktəblərə qəbul üçün sənəd vermiş və onlardan 66 nəfəri 600-dən yuxarı bal toplayaraq respublika birinciləri sırasında qərarlaşmışlar. 600-700 intervalında bal toplayan məzunların sayının çoxluğuna görə TRHETL, THL pilot sinilfəri, THL, 18 №-li, 10 №-li tam orta məktəblər fərqlənmişlər. Şəhər üzrə ən yüksək balı toplayanlar: 695 bal -THL-nın pilot siniflərinin, 688 bal -14№-li tam orta məktəbin, 686 bal - 1№-li tam orta məktəbin, 680 bal -7№-li tam orta məktəbin, 679 bal -THL-ın, 675 bal -18№-li tam orta məktəbin, 674 bal –TRHETL-in məzunu olmuşdur. Sentyabrın 7-də keçirilmiş Mingəçevir şəhər təhsil işçilərinin 2018-ci il sentyabr konfransının gedişində də bu nəticələr qeyd olunmuşdur. Konfransda çıxış edən Təhsil şöbəsinin müdiri Sahib Məmmədov tədris ili ərzində əldə olunmuş nailiyyətlər, mövcud nöqsan və çətinliklər və qarşıda duran vəzifələr barədə konfrans iştirakçılarına geniş məlumat vermiş, bu vəzifələrin uğurla yerinə yetirilməsi üçün nəzərdə tutlan fəaliyyət proqramını təqdim etmişdir.

Xüsusi olaraq vurğulamaq istərdik ki, “Ümum təhsil müəssisələrinin məzunlarının qızıl və gümüş medalla təltifi haqqında” Azərbaycan Respublikası Təhsil nazirinin 10 avqust 2018-ci il tarixli F-548 nömrəli əmrinə əsasən Mingəçevir şəhər ümumtəhsil məktəblərinin 10 məzunu qızıl, 2 məzunu isə gümüş medala layiq görülmüşlər.



Heç kim unudulmur...

Həmçinin qeyd olunmalıdır ki, bu gün Mingəçevir məktəblərində sadəcə gənc nəslin müasir biliklərə yiyələnmələri ilə kifayətlənmirlər. Belə ki, cəmiyyətimizin gələcəkdə layiqli üzvləri ola bilmələri üçün şagirdlərin eyni zamanda həm savadlı, həm də milli-vətənpərvər ruhda formalaşmış gənc vətəndaşlar kimi yetişmələri vacibdir. Məhz bu baxımdan da Mingəçevir ŞTŞ-nin işi son dərəcə effektiv şəkildə qurulub. Vətənə sevgi, dövlətə sədaqət prinsiplərinin gənc nəslə aşılanması məqsədilə Mingəçevir məktəblərində mütəmadi olaraq görüş və tədbirlər keçirilir. Belə tədbirlərdən biri də keçən ay Mingəçevir şəhər İ.Kişiyev adına 17 №-li tam orta məktəbdə keçirilib. Oktyabr ayının 29-da məktəbdə Əfqanıstan müharibəsinin veteranları ilə yuxarı sinif şagirdlərinin görüşü təşkil olunub. Tədbirdə Əfqanıstan Veteranları İctimai Birliyinin yerli şöbəsinin sədri Elşən İbrahimli çıxış edərək Əfqanıstanda geden döyüşlərdə iştirak eden və həlak olan Mingəçevirli oğulların keçdikləri döyüş yolundan geniş bəhs edib. Tədbirdə məktəbin adını daşıdığı İlqar Kişiyevin anası Suğra Kişiyeva da iştirak edib. Heç şübhəsiz, bu kimi görüşlər gənc və yeniyetmələrdə əzmkarlıq və mübarizlik kimi keyfiyyətlərin möhkəmlənməsinə xidmət edir.

aia.az
Arzu Nağıyeva
Murad Əsədov



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə