Mobil versiya
İşdə qaça-qaça yediyimiz yeməklərin fəsadı... - “Qastrit xərçəngə çevrilə bilər”
Tarix: 03-11-2018 | Saat: 11:21
Bölmə:Qərbi Azərbaycan | çapa göndər

İşdə qaça-qaça yediyimiz yeməklərin fəsadı... - “Qastrit xərçəngə çevrilə bilər”


Son zamanlar iş şəraitinin ağır olması, vaxtlı-vaxtında və düzgün qidalanmama, geni dəyişdirilmiş qidalar səbəbindən çox insanlarda məda-bağırsaq problemləri, mədə ağrıları kimi hallar müşahidə olunur. Buna bağlı olaraq da mədə xorası, qastrit kimi problem yaranır. İş və həyat fəaliyyətini məhdudlaşıran mədə-bağırsaq problemləri gündəlik həyatda bir sıra narahatlıqlara da səbəb olur.

aia.az xəbər verir ki, Medicina.az son zamanlar geniş yayılan mədə problemləri ilə bağlı qastroenteroloq-hepatoloq Şahnaz Atayevadan bir sıra suallara cavab alıb:

-Doktor, son zamanlarda bir çox insanlarda müşahidə edilən mədə xorası və qastritlərin yaranma səbəbləri nələrdir?

-Bunun yaranmasının bir çox səbəbləri var. Mədə xorası müxtəlif səbəblərdən (siqaret, alkol, düzgün qidalanmama, müxtəlif dərman maddələri, helikobakter pilori bakteriyası, stress və s.) mədənin daxili qişasında yaranan bir problemdir.

-Qastrit və mədə xorasının xərçəngə çevrilmə ehtimalı nə qədərdir?

-Qastritlərin müxtəlif növləri olur. Onlardan xərçəngə çevrilmə ehtimalı ən çox olan atrofik qastrit hesab edilir. Mədə xorası müalicə olunmadıqda xərçəngə çevrilmir, amma xərçəng xorası ilə səhv salına bilər. Adətən xərçəng xoraları yerləşməsinə və görünüşünə görə seçilirlər. Lakin qastrit, mədə xorası, mədə xərçənginin başlıca səbəbi olan mədənin selikli qişasında yaşayan helikobakter pilori infeksiyasının təsiri nəticəsində xərçəng xorası yaranır. Xərçəng diaqnozu nə qədər erkən dəqiqləşdirilərsə, xəstənin həyatını qurtarmaq şansımız bir o qədər artmış olur.

Ona görə də hər iki xəstəlikdə müalicə ilə yanaşı kontrol müayinələr çox önəmlidir. Xroniki qastrit vaxt keçdikcə mədə vəzilərində geri dönməyən dəyişikliyə, atrofik qastrit, metaplaziya, displaziya və xərçəngə qədər inkişaf edə bilər. Bu risk genetik meyilliyi olan və kanserogen maddələrə daha çox məruz qalan insanlarda artır.

-Qastrit və xoraların xərçəngə çevrilməməsi üçün hansı qabaqlayıcı tədbirlər görülür?

-Əgər xəstəyə atrofik qastrit diaqnozu qoyulubsa və biopsiya ilə metaplaziya, displaziya təsdiqlənibsə xəstə mütləq davamlı olaraq nəzarətdə olmalıdır. Mədə xoralarında da xoranın yerləşmə yeri, görünüşü xərçəngə ilkin şübhə yaradarsa, o zaman belə xoraların ətrafında biopsiya aparmaq mütləqdir. Onkoloji xəstəlik təsdiqlənərsə, digər orqanlar da vaxtında müayinə olunmalı və təxirə salınmadan tam müalicəyə başlanmalıdır. Əgər xəstədə endoskopik müayinə zamanı atrofik qastritə şübhə varsa, mütləq biopsiya alınmalı, patohistoloji olaraq diaqnoz təsdiqləndikdən sonra mütləq sıx nəzarətdə olmalı, lazım gələrsə, endoskopik müayinələrlə həmin nahiyə müalicə olunmalıdır.

-Bəs mədə şikayətləri olan insanlar nə etməlidirlər?

-Əgər mədə şikayətləriniz varsa o zaman mütləq vaxtında həkimə müraciət edin. Qastrit, eroziya, xoraya səbəb olan amillər araşdırılmalı, xastəlik vaxtında müalicə olunmalıdır. Müalicə ilə yanaşı pəhriz və qidalanma tərzi də çox önəmlidir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-11-2024