Mobil versiya
Restoran-kafeyə gedənlərə xəbərdarlıq - Bəzi iaşə obyektləri xəstəlik yayır!
Tarix: 01-02-2018 | Saat: 17:42
Bölmə:Ölkə | çapa göndər

Restoran-kafeyə gedənlərə xəbərdarlıq - Bəzi iaşə obyektləri xəstəlik yayır!



Bu gün bəzi ictimai iaşə obyektlərində-xüsusilə kafelərdə sanitar-gigiyenik qaydalara əməl olunması ilə bağlı bir sıra nöqsanlara yol verilir. Bu da insanların sağlamlığı üçün çox təhlükəlidir. Xüsusilə təmiz yuyulmayan boşqablar bir sıra xəstəliklərin başlanğıcı ola bilər. Doğrudur, əlaqədar dövlət qurumları belə halların aradan qaldırılması üçün bir sıra tədbirlər həyata keçirirlər, ancaq təəssüf ki, bəzən bu tədbirlər nəticəsiz qalır.

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov Modern.az-a bildirib ki, bununla bağlı aparılan monitorinqlərin nəticələri heç də ürəkaçan deyil:

“Monitorinqlər nəticəsində məlum oldu ki, şəhərin mərkəzində, Nizami küçəsində yerləşən bəzi restoranların mətbəxləri bərbad vəziyyətdədir. Zallar yaxşı görünsə də, mətbəxdə qab yuyulma yerləri həddindən artıq bərbad antisanitar şəraitdədir. Azad İstehlakçılar Birliyi tərəfindən ilk dəfə olaraq Nizami küçəsində yerləşən restoran ifşa olundu və 4 gün ərzində orada dəyişikliklər aparıldı. Azərbaycanda yeganə restoran oldu ki, zalda oturan müştəri monitorinq vasitəsilə mətbəxdə gedən hadisələri izləyə bildi. Yəni mətbəxə kameralar yerləşdirildi və istehlakçı qabların yuyulması, saxlanması kimi prosesləri izləyə bildi. Düşünürəm ki, bütün restoran və kafelərdə bunu tətbiq etmək lazımdır”.

E.Hüseynov qeyd edib ki, bəzi kafe və restoranların mətbəxində qablar primitiv üsulla yuyulur və qab yuyan əskilərlə bağlı da böyük problemlər var:

“Bilirsiniz, qab yuyan əskilər gərək hər gün dəyişdirilsin və isti emaldan keçirilsin. Lakin bunlara əməl olunmur. Hətta əksinə, antisanitar vəziyyət müşahidə edilir. Yəni bu sahədə ciddi problem mövcuddur. Bu baxımdan istehlakçı çalışmalıdır ki, açıq mətbəxi olan yerlərə üstünlük versin. Həmçinin Qida Təhlükəsizliyi Agentliyinin bu məsələlərə ciddi nəzarət edəcəyini düşünürəm”.


Tibb üzrə ekspert Adil Qeybulla bildirib ki, ictimai iaşə müəssisələrində sanitar-epidomoloji nəzarətə çox ciddi şəkildə əməl olunmalıdır:

“Məsələn, xarici ölkələrdə mütəmadi olaraq həmin obyektlər yoxlanılır və onların balları aşağı salınır. Balı aşağı salınmış müəssisə isə bağlana və ya başqa bu kimi problemlər yaşaya bilər. Bizdə bu məsələlərə təəssüflər olsun ki, barmaqarası baxılır. Hesab edirəm ki, ictimai iaşə obyektlərinə ciddi nəzarət edilməlidir və bu, formal olmamalıdır. İstənilən halda mətbuat da bu məsələni hər zaman diqqətdə saxlamalıdır ki, ən azında müvafiq orqanlar məsuliyyətlərini dərk etsinlər”.


Ekspert deyib ki, antisanitar şərait bir sıra xəstəliklərin yaranmasına səbəb ola bilər:


“Digər tərəfdən kafelərdə və ya restoranlarda qalıq qidaların üzərində mikroorqanizmlər ola bilər. Bu baxımdan zəhərlənmə, müxtəlif bağırsaq infeksiyalarının keçməsi kimi hallar ortaya çıxır. Anti-gigiyenik şərait bütün yerlərdə yolverilməz situasiyadır. Kifayət qədər təmizlənməmiş boşqablar təkrar istifadə oluna bilər.

Ümumiyyətlə boşqablar və qablar ilk növbədə mütləq yağsızlaşdırılmalı, yəni isti suda xüsusi məhlullarla, eyni zamanda axar suda yuyulmalıdır. Hazırda qabyuyan maşınlar da bunun üçün hesablanıb. Əl vasitəsilə yuyulma olduqda da mütləq axar su olmalıdır. Qablar natəmiz yuyulduqda istifadəyə yararsız sayılır. Bu səbəbdən mütəmadi olaraq nəzarət mütləqdir”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024