Mobil versiya
Səlim Müslümov nazirliyin vəzifəli şəxslərini CƏZALANDIRDI
Tarix: 29-01-2018 | Saat: 14:28
Bölmə:Manşet / Ölkə | çapa göndər

Səlim Müslümov nazirliyin vəzifəli şəxslərini CƏZALANDIRDI


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində tibbi-sosial ekspertiza və əlilliyi olan şəxslərin reabilitasiyası sahəsində görülən işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş kollegiya iclası keçirilib.


Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsi bildirib ki, iclasda çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov tibbi-sosial ekspertiza və reabilitasiya sisteminin müasir və şəffaf infrastrukturunun yaradılmasının Azərbaycanda sosial sahənin inkişafı ilə bağlı islahatlar proqramının əsas komponentlərindən biri olduğunu vurğulayıb.

Nazir bildirib ki, dövlət başçısının 14 sentyabr 2015-ci il tarixli Fərmanına uyğun olaraq, əlilliyin qiymətləndirilməsi prosedurunun Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Alt Sistemi əsasında elektronlaşdırılması son illərdə bu sahədə aparılan effektiv islahat tədbiri olub.

"Həmin sistemin qurulması əlilliyin qiymətləndirilməsinin vətəndaş-ekspert təması olmadan, elektron müstəvidə və şəxsin kimliyi, göndəriş verən təşkilatın hansı səhiyyə qurumu olduğu bilinmədən, şəffaf şəkildə həyata keçirilməsinə imkan verib. Əlillik dərəcələrinin təyin olunmasında obyektivliyə və şəffaflığa təminat verən bu elektron sistem əlilliyin azalmasına da imkan yaradıb. Belə ki, 2017-ci ildə ilkin əlillik təyin olunanların sayı 2016-cı illə müqayisədə 12 min 538 nəfər və ya 31 faiz az olmuşdur. Əvvəlki illə müqayisədə ilkin olaraq əlillik dərəcəsi verilənlərin sayı 26 faiz və ilkin olaraq sağlamlıq imkanları məhdud uşaq hesab edilənlərin sayı 49 faiz azalıb”.

S.Müslümov Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş "Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə uyğun olaraq 2016-cı ilin əvvəlindən I dərəcə əlilliyin müddətsiz müəyyən olunmasının, II və III dərəcə əlilliyin müddətinin beş ilədək, sağlamlıq imkanlarının məhdudluğu müddətinin 3 ilədək uzadılmasının əlilliyin hər il təkrar qiymətləndirilməsi praktikasının aradan qalxmasına səbəb olduğunu və həmin insanlar tərəfindən razılıqla qarşılandığını qeyd edib. Bu islahatların aparılması ilə ümumilikdə 250 minə yaxın insanın hər il təkrar müayinədən keçməsi zərurəti aradan qaldırılıb:

"Ötən il də 28 488 nəfər şəxsin əlilliyi və sağlamlıq imkanlarının məhdudluğu Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Alt Sistemi tərəfindən avtomatik uzadılıb”.


Nazir bildirib ki, bununla belə, əlilliyin müəyyən edilməsi üçün sistemə daxil edilən göndərişlərdə əksini tapan xəstəlik məlumatları əsasında əlillik təyinatlarının aparılıb-aparılmamasına münasibətdə TSEK-lər tərəfindən bir sıra hallarda obyektiv yanaşma meyarının gücləndirilməsi vacibdir. Hər hansı şəxsin əlilliyinin qiymətləndirilməsində ilk növbədə müvafiq göndəriş formasında qeyd olunan xəstəlik məlumatlarının TSEK-lər tərəfindən düzgün təhlil edilməsi, şəxsin müalicə olunmaqla sağlamlığını bərpa etdirmək, əlilliyə məruz qalmamaq potensialının mövcud olub-olmaması daha diqqətlə nəzərdən keçirilməlidir. Bu amil əlilliyin qiymətləndirilməsində daha obyektiv, dəqiq yanaşma üçün mühüm şərtdir və TSEK-lər bu məsələlərə daha məsuliyyətlə yanaşmalıdırlar. Çünki onlar şəxsi görmədən, onun barəsində əlavə informasiyaya malik olmadan, yalnız sistem vasitəsilə qəbul etdikləri elektron göndərişdəki məlumata əsaslanaraq əlilliyin qiymətləndirilməsini həyata keçirirlər.

Əlilliyi olan insanların sağlamlıqlarının bərpası, reabilitasiya potensiallarının müəyyən olunaraq reallaşdırılması istiqamətində işlərin ildən-ilə gücləndirildiyini vurğulayan S.Müslümov nazirliyin bərpa mərkəzləri tərəfindən ötən il 39,8 min nəfər əlilliyi olan şəxsə və sağlamlıq imkanları məhdud uşağa stasionar və ambulator şəraitdə bərpa xidmətlərinin göstərildiyini bildirib:

"Son bir ildə əlilliyi olan şəxslər 33 min ədəd protez-ortopedik məmulat və reabilitasiya vasitəsi, o cümlədən tibbi göstərişi olan əlillər 1193 ədəd əlil arabası ilə təmin edilib. Respublikamızın bölgələrində yaşayan əlilliyi olan şəxslərə və sağlamlıq imkanları məhdud uşaqlara səyyar formada protez-ortopedik bərpa xidmətlərinin göstərilməsi işlərinin davamı kimi, ötən il bu təbəqələrdən olan 1011 nəfər şəxs elə yaşadıqları rayon və ya şəhərdə səyyar qaydada müvafiq xidmətlərlə təmin olunub”.


Nazirt deyib ki, hazırda Milli Məclisdə baxılmaqda olan "Əlilliyi olan şəxslərin hüquqları haqqında” yeni qanun layihəsində əlilliyin qarşısının alınması və əlilliyi olan şəxslərin reabilitasiyası məqsədinə xidmət edən bir sıra önəmli tədbirlər əksini tapıb.

İclasda çıxış edən əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov və digərləri tibbi-sosial ekspertiza, əlilliyin qarşısının alınması, əlilliyi olan şəxslərlə bağlı fərdi reabilitasiya proqramlarının tərtib olunaraq həyata keçirilməsi, həmin insanlarla bağlı qanunvericiliyin təkmilləşdirilməsi, TSEK əməkdaşlarının bilik və peşəkarlığının artırılması, vətəndaşların müvafiq sahə üzrə müraciətlərinə baxılması və başqa sahələrdə görülən işləri diqqətə çatdırıblar.

2017-ci ildə tibbi-sosial ekspertiza və əlilliyi olan şəxslərin reabilitasiyası sahəsində görülən işlərin geniş müzakirə olunduğu iclasda qarşıda duran vəzifələrdən də bəhs olunub. Aidiyyəti fəaliyyət sahəsində əldə olunan müsbət nəticələrlə yanaşı, yol verilən nöqsan və çatışmazlıqlara da toxunulub, fəaliyyətini düzgün qura bilməyən ayrı-ayrı vəzifəli şəxslər barəsində intizam tənbehi tədbirlərinin görülməsi barədə qərarlar qəbul olunub.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-12-2024