Mobil versiya
Nikah müqaviləsi nə üçün lazımdır? - Evlənmək istəyənlərin nəzərinə!
Tarix: 25-01-2018 | Saat: 12:39
Bölmə:Manşet / Ölkə | çapa göndər

Nikah müqaviləsi nə üçün lazımdır? - Evlənmək istəyənlərin nəzərinə!


Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvü, deputat Sədaqət Vəliyeva nikah müqaviləsinin məcburiləşdirilməsini təklif edib.

Deputat hesab edir ki, bu yolla ölkədə boşanmaların qarşısını almaq olar. "Azərbaycanda boşanmaların sayı çoxalıb. Bunun səbəbi məsuliyyətin olmamasıdır. Nikah müqaviləsi məcburiləşdirilməlidir. Müqavilə olmadıqda boşanmaların sayı getdikcə artır. Belə olan halda uşaqları anaları saxlayır. Bəzən uşağı tərəflərin heç biri saxlamır”- xanım deputat vurğulayıb.

Nikah müqaviləsi nədir, ailə quran cütlüklər bunu bilirlərmi?

Nikah müqaviləsi nikaha daxil olan şəxslər arasında bağlanan, nikah dövründə və nikah pozulduqda ər-arvadın əmlak hüquqlarını və vəzifələrini müəyyən edən sazişdir. Nikah müqaviləsi ər-arvadın birgə mülkiyyətinin qanunla müəyyən edilmiş rejimini dəyişdirərək müqavilə rejimini müəyyənləşdirir. Başqa sözlə, ər-arvad nikah müqaviləsi bağlamaqla ümumi əmlaka, onun ayrı-ayrı növlərinə və ya ər-arvadın hər birinin əmlakına birgə, paylı və ya ayrıca mülkiyyət rejimi tətbiq etmək imkanına malikdirlər.

Nikah müqaviləsi ər-arvadın mövcud olan və gələcəkdə əldə edəcəkləri əmlaka dair bağlana bilər. Nikah müqaviləsində müxtəlif məsələlər müəyyənləşdirilə bilər: tərəflərin bir-birini qarşılıqlı saxlaması, bir-birinin gəlirlərində iştirak üsulları, tərəflərin hər birinin ailə xərclərində iştirak qaydası ilə bağlı hüquq və vəzifələri, nikahın pozulması halında, tərəflərin hər birinə düşəcək əmlak, eləcə də ər-arvadın əmlak münasibətlərinə dair hər hansı digər məsələlər.

Azərbaycan Respublikası Ailə Məcəlləsinin 38.6-cı maddəsinə görə, nikah müqaviləsində ər-arvadın hüquq və fəaliyyət qabiliyyətini, öz hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququnu, uşaqlara münasibətdə hüquq və vəzifələrini, eləcə də ər-arvad arasındakı şəxsi qeyri-əmlak münasibətlərini tənzimləyən, ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin (arvadın) saxlanılması üçün vəsait almaq hüququnu məhdudlaşdıran, ər-arvaddan birini çox əlverişsiz vəziyyətə salan və ailə qanunvericiliyinin əsaslarına zidd olan müddəalar nəzərdə tutula bilməz.

Nikah müqaviləsi nikahın bağlanmasının dövlət qeydiyyatına qədər, eləcə də nikah dövründə istənilən vaxtda bağlana bilər. Müqavilə yazılı formada bağlanır və notariat qaydasında təsdiq olunur. Hazırda nikah müqaviləsinin bağlanması məcburi deyil, tərəflərin iradəsindən və qarşılıqlı razılığından asılıdır.(azvision.az)

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə