Mobil versiya
Ağdam həqiqətləri - quruculuq və inkişaf
Tarix: 19-10-2017 | Saat: 17:08
Bölmə:Gündəm / Manşet / Seçilənlər | çapa göndər

Ağdam həqiqətləri - quruculuq və inkişaf




Dünən ölkəmizin bütün şəhər və bölgələrində olduğu kimi, Ağdam rayonunda da Azərbaycanın dövlət müstəqilliyinin 26-cı ildönümü təntənəli şəkildə qeyd edilib. Ağdam rayon İcra Hakimiyyətinin başçısı cənab Raqub Məmmədov və rayon ictimaiyyəti Ulu Öndər Heydər Əliyevin Quzanlı qəsəbəsindəki abidəsi önünə tər gül-çiçək dəstələri düzüb, dahi rəhbərin xatirəsinə hörmət və ehtiramlarını bildiriblər. Ağdam Dövlət Dram Teatrında keçirilən tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edənlər 26 il əvvəl dövlət müstəqilliyinin bərpasından, Azərbaycanın həmin dövrdə qarşılaşdığı çətinliklərdən, respublikamızın çətin, lakin şərəfli müstəqillik yolundan danışıblar. Çıxışlarda müstəqilliyin ilk illərində ölkədə hökm sürən özbaşınalıq, xaos və anarxiya, Ermənistanın respublikamıza qarşı apardığı qəsbkarlıq müharibəsi, torpaqlarımızın 20 faizinin işğal edilməsi, 1 milyondan artıq soydaşımızın yurd-yuvalarından didərgin düşməsi bir daha xatırlanıb. Bildirilib ki, xalqımızın və dövlətimizin belə bir çətin vaxtında – 1993-cü ildə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycanın müstəqilliyi qorunub saxlanılıb və möhkəmləndirilib, dövlət quruculuğu və ölkəmizin beynəlxalq aləmə inteqrasiyası sahəsində mühüm işlər görülüb. Tədbir konsert proqramı ilə davam edib.
Ağdam Rayon İcra Hakimiyyətinin rəsmi saytında yerləşdirilmiş bu məlumat bir daha onu göstərir ki, Azərbaycanda gedən dinamik inkişaf, fundamental quruculuq işləri hətta ərazisinin bir hissəsi müvəqqəti işğal altında olan rayonlarımızdan belə yan keçmir. Bilavasitə cəbhə bölgəsində yerləşməsinə rəğmən, Ağdam rayonu da bu gün sürətlə inkişaf edir və sözün əsil mənasında düşmənlərimizə göz dağı olur. Əlbəttə ki, mövcud şəraitdə bu rayonda gedən quruculuq işləri ilk növbədə yerli sakinlərin mübarizliyi, rəşadəti və öz torpaqlarına sonsuz məhəbbətləri hesabına həyata keçirilir. Eyni zamanda da Ağdam Rayon İcra Hakimiyyətinin bütün əməkdaşlarının fədakar əməyi, müvafiq dövlət proqramlarının yüksək səviyyədə həyata keçirilməsi məqsədilə rayon rəhbərliyinin göstərdiyi səylər xüsusi olaraq qeyd olunmalıdır. Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin 16 aprel 2014-cü il tarixli, 394 saylı Sərəncamı ilə Ağdam Rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsinə Raqub Məmmədov təyin edilib.



Qısa arayış: Məmmədov Raqub Allahverdi oğlu1961-ci ildə Ağdam rayonu Xıdırlı kəndində anadan olmuşdur. Xıdırlı kənd orta məktəbində oxumuşdur.1978-ci ildə Azərbaycan Kənd Təsərrüfatı institutuna daxil olmuş, 1983-cü ildə oranı bitirmişdir. 1983-1986-cı illərdə Ağdam Rayon “İnqilab” üzümçülük sovxozunda mühəndis kimi əmək fəaliyyətinə başlamışdır.
1986-1987-ci illərdə Azərbaycan LKGİ (“komsomol”) Ağdam Rayon Komitəsində İkinci katib, 1987-1991-ci illərdə Azərbaycan LKGİ Ağdam Rayon Komitəsində Birinci katib, 1991-1992-ci illərdə Azərbaycan Respublikası Gənclər Birliyi Ağdam rayon təşkilatında sədr vəzifəsində işləmişdir. 1993-2014-çü illərdə Azərbaycan Respublikası MT orqanında xidmət etmişdir.



Birmənalı olaraq demək olar ki, Ağdam rayonunda sosial-iqtisadi inkişafın sürətləndirilməsi məqsədilə Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanmış bütün sərəncamlar, eləcə də dövlət başçısının bu yönümdə verdiyi tövsiyyə və göstərişlər bu gün Ağdam rayon rəhbərliyinin və şəxsən başçı Raqub Məmmədovun səyləri nəticəsində böyük uğurla həyata keçirilməkdədir. Məhz elə bu səbəbdən də, rayonda inkişaf tempinin göstəriciləri kifayət qədər yüksəkdir. Bütün bu deyilənlər öz əksini oktyabrın 17-də “Ağdam rayonunun 2017-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr barədə” mövzusunda keçirilmiş geniş Şura iclasında edilən məruzə və çıxışlarda da tapmışdır. İclasda ərazi nümayəndələri və bələdiyyələr, idarə, müəssisə rəhbərləri, ictimaiyyət nümayəndələri, hüquq mühafizə orqanlarının rəhbərləri də olmaqla, ümumilikdə 300 nəfər iştirak edirdi.
Biz də həmin iclasda təqdim olunan bəzi məlumatları oxucularımızın diqqətinə çatdırmaq istəyirik.

Tikinti-quruculuq işləri davam edir...

Sözsüz ki, istənilən şəhər və ya bölgədə iqtisadi inkişafa dəlalət edən əsas amillərdən biri də həmin rayonda aparılan inşaat işlərinin dinamikasıdır. Məhz bu baxımdan da bu gün Ağdamda görülən işləri kifayət qədər yüksək qiymətləndirmək olar. Hazırda rayonda Heydər Əliyev Fondunun təşəbbüsü ilə tikintisi nəzərdə tutulmuş, təməli Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qoyulmuş, ümumi sahəsi 1800 kvadrat metr, 328 nəfərlik zalı, foye, qalereya, qrim və gözləmə otaqları olan, Muğamın təbliğinə və onun yaşadılmasına xidmət edən Muğam Mərkəzinin tikintisi davam etdirilir. Quzanlı qəsəbəsində 160 nəfərin işlə təmin olunması nəzərdə tutulan Xalçaçılıq Müəssisəsinin tikinti işləri başa çatdırılmış, həyəti abadlaşdırılmış yaşıllıqlar salınmış və istismara tam hazır vəziyyətdədir. Quzanlı qəsəbə 360 şagird yerlik orta və Bənövşələr kənd tam orta məktəblərinin tikintisi davam etdirilir.“Ağdam rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasnın Prezidenti cənab İlham Əliyevin 7 dekabr 2016-cı il tarixli Sərəncamına uyğun olaraq, yararsız ictimai binalarda məskunlaşmış məcburi köçkünlər üçün 20 fərdi yaşayış evinin, o cümlədən Əfətli kəndində 1 ədəd 2 otaqlı, Qaradağlı kəndi ərazisində 2 ədəd 3 otaqlı, 1 ədəd 2 otaqlı, Çəmənli kəndində 1 ədəd 4 otaqlı, Mirəşəlli kəndində 1 ədəd 3 otaqlı, Xındırıstan kəndində 5 ədəd 3 otaqlı, Quzanlı qəsəbəsində 9 ədəd 3 otaqlı yaşayış evlərinin tikintisi başa çatmış, hazırda evlərdə son tamamlanma işləri aparılır. Yaxın günlərdə məcburi köçkünlərin həmin evlərə köçürülməsi təmin ediləcəkdir.




Yol iqtisadiyyatın əsasıdır...

Aydındır ki, yolları və kommunikasiya xətləri bərbad vəziyyətdə olab hər hansı bölgədə heç bir inkişafdan danışmağına dəyməz. Məhz bu səbəbdən də bu gün Azərbaycanda yol infrastrukturunun əsaslı şəkildə yenidən qurulması zəminində məqsədyönlü, iri həcmli dövlət proqramları həyata keçirilməkdədir. O cümlədən Ağdam rayonunda da cari ilin doqquz ayı ərzində bu istiqamətdə çox işlər görülmüşdür.
Ağdam rayonu Quzanlı qəsəbəsi Akademik Xudu Məmmədov adına küçədə genişləndirmə işləri aparılmış, yol örtüyünün əsası hazırlanaraq asfalt-beton işlərinin aparılmasına tam hazır vəziyyətə gətirilmişdir. Yaxın günlərdə həmin küçənin asfaltlaşdırılması işlərinə başlanılacaqdır.
Yolların təmiri və saxlanılması üçün 2017-ci ilin 9 ayında 644,2 min manatlıq iş görülmüş, kəndarası və qəsəbədaxili yollarda cari təmir işləri aparılmış, yollarda cari təmir işləri 439.1 min manat və rüblər üzrə 205.1 min manat təşkil etmişdir. Rayon sakinlərinin böyük əksəriyyətinin səbirsizliklə gözlədikləri 29 min nəfər əhalini əhatə edən, 1 qəsəbəni, 10 kəndi və 3 məcburi köçkün qəsəbəsini birləşdirən, uzunluğu 25,3 km olan Quzanlı- İmamqulubəyli-Orta Qərvənd-Xındırıstan avtomobil yolunun tikintisinə başlanılmış, yol genişləndirilmiş, yolun əsası tikilmiş və asfal-tbeton işlərinə tam hazır vəziyyətə gətirilmişdir.

Su həyatdır...

Digər rayon və bölgələrimizdə olduğu kimi, Ağdamın da iqtisadiyyatının əsasını məhz kənd təsərrüfatı təşkil edir. Bu isə o deməkdir ki, burada suya olan tələbat da hər zaman kifayət qədər yüksəkdir. Məhz elə bu tələbatın qarşılanması üçün də Azərbaycan Respublikası Prezidentinin 07 dekabr 2016-cı il tarixli Sərəncamına əsəsən rayon ərazisində 30 ədəd subartezian quyusunun qazılması nəzərdə tutulmuşdur. Belə ki, 30 ədəd quyu tam qazılıb yekunlaşmış AS-50 markalı naqillərlə quyuların elektrik təchizatı təmin edilir və bir neçə quyularda transformator quraşdırılmış bütün bunlara baxmayaraq rayon ərzisində əkilən pambıq sahələrinin suvarılmasının vacibliyini nəzərə alaraq 9 ədəd quyu fəaliyyət göstərərək suvarma işlərinin aparılmasını yaxşılaşdırmışdır. İlin yekununa 30 ədəd quyu istismara hazır vəziyyətə gətiriləcəkdir.Əhalinin içməli suya olan təlabatının ödənilməsi üçün bir sıra tədbirlər hazırlanıb həyata keçirilmişdir. Belə ki, 2017- ci lin 9 ayı ərzində Birinci Dördyol qəsəbəsi ərazisində 1150 metr, İkinci Dördyol qəsəbəsində 710 metr, Səfərli qəsəbəsində 265 metr, Bənövşələr qəsəbəsində 418 metr, Alıbəyli qəsəbəsində 713 metr, Baharlı qəsəbəsində 869 metr müxtəlif ölçülü su borularından təmir işləri görülmüşdür. Əlavə olaraq Birinci Dördyol qəsəbəsində 16 ədəd, Baharlı qəsəbəsində 14 ədəd, Bənövşələr qəsəbəsində 11 ədəd , Təzəkənd qəsəbəsində 13 ədəd, İkinci Dördyol qəsəbəsində 6 ədəd, Qasımbəyli qəsəbəsində 6 ədəd, İmamqulubəyli qəsəbəsində 8 ədəd su nasosu təmir edilmişdir. Ümumilikdə 2017- ci ilin 9 ayı ərzində 74 su nasosu və 2265 metr su xəttində bərpa işləri aparılmışdır.





Enerji təchizatı yüksək səviyyədə həyata keçirilir...

2017-ci ilin 9 ayında əhalinin həyat şəraitinin yaxşılaşdırılması, faziləsiz elektrik enerjisi, təbii qaz və su ilə təminatının ödənilməsi, göstərilən xidmətlərin genişləndirilməsi və keyfiyyətnin yüksəldilməsi üçün bir sıra tədbirlər görülmüşdür. Belə ki, rayon ərazisində elektrik enerjisinin fasiləsiz verilməsini təmin etmək üçün 3 ədəd 110/35/10 kv-luq ümumi gücü (137 MVA), 11 ədəd 35/10 kv-luq ümumi gücü (113.4 MVA), 1 ədəd 35/6 kv-luq ümumi gücü (3.2 MVA) y/stansiyalar və 1535 ədəd 10/0.4 kv-luq transfarmator y/ stansiyaları ümumi gücü (179.4 MVA) olmaqla fəaliyyət göstərir. Bundan əlavə rayonun Əfətli kəndi ərazisində 2016-cı ildə tikintisinə başlanılmış, 2017-ci ilin əvvəlində “Azərişıq” ASC tərəfindən 1 ədəd yeni müasir tipli 35/10 kv-luq yarımstansiya inşa edilmiş, 9 ədəd aralıq və 3 ədəd anker dayaqdan ibarət 35 kv-luq (ümumi uzunluğu 1.32 km olan) hava elektrik verilişi xətti çəkilmişdir.2017-ci ilin 9 ayı ərzində 175.2 milyon kvt/s elektrik enerjisi alınmış, bunun da faydalı enerjisi 152.6 milyon kvt/s olmuşdur ki, bu da 12.6 milyon manat dəyərindədir. Faydalı enerjinin dəyəri əhalidən 1.2 milyon manat, qeyri əhalidən isə 8.5 milyon manat, rayon üzrə cəmi 9.7 milyon manat vəsait toplanmışdır ki, bu da alınan enerjinin 77 faizini təşkil edir. Görülmüş işlərə baxmayaraq itkilərin aradan qaldırılması, transfarmator məntəqələrinin, istismara yararsız dayaq və naqillərin dəyişdirilərək yenisi ilə əvəz olunması işlərinin davam etdirilməsi nəzərdə tutulmuşdur.




Əhalinin təbii qazla fasiləsiz təmin edilməsi üçün tədbirlər də davam etdirilmişdir. Hazırda rayon ərazisində 16 950 ədəd fərdi ev, 65 ədəd dövlət və qeyri dövlət müəssisəsi təbii qazla təmin olunmuşdur. 9 ayda 15.6 milyon kub metr qaz qəbul olunmuş, bundan əhaliyə 14.5 milyon kub metr, qeyri əhaliyə 1.1 milyon kub metr qaz satılmış, satılmış qazın dəyəri əhali üzrə 106 faiz, qeyri əhali üzrə 93 faiz ödənilmiş, cəmi qəbul edilmiş qazın 97.6 faizi satılmışdır. 2.4 faiz isə itki olmuşdur.

Təhlükəsizlik məsələləri diqqət mərkəzindədir...

Əlbəttə ki, cəbhəyanı bölgələrimizdə iqtisadi inkişafı təmin edə bilmək üçün, ilk növbədə həllini tələb edən məsələlərdən biri məhz təhlükəsizliklə bağlıdır. Yalnız insanlarımızın əmin-amanlığın təmin olunduqdan sonra səmərəli və məhsuldar işdən, müsbət nəticələrdən danışmaq olar. Məhz elə bu məqsədlə də ölkə rəhbərliyi müvafiq qərar və sərəncamlar imzalamışdır. “Cəbhəboyu zonada yerləşən yaşayış kəndlərində gücləndirilmiş təhlükəsizlik rejiminin təmin edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2017-ci il 16 may tarixli 1393 saylı Fərmanının icrasını təmin etmək məqsədi ilə Ağdam rayonunun cəbhəboyu kəndlərində 17 ədəd Polis məntəqəsi tikilib istifadəyə verilmişdir.2017-ci ilin 9 ayında rayon ərazisində cinayətkarlığa qarşı mübarizə sahəsində tədbirlər davam etdirilmiş, 62 cinayət hadisəsi qeydə alınmış, 5 cinayət bağlı qalmışdır. Cinayətlərin açılması 91.2 faiz təşkil etmişdir. Rayonda kriminogen vəziyyət sabitdir.

Yüksək texnologiyalar kəndlərimizə yol açır...

Əhaliyə göstərilən xidmətlərin, o cümlədən rabitə xidmətlərinin genişləndirilməsi, keyfiyyətinin yaxşılaşdırılması, müasir texnologiyanın tətbiqi üçün tədbirlər davam etdirilmiş, 9 ay ərzində İkinci Baharlı qəsəbəsində 100 nömrəlik daxili xətt şəbəkəsi tikilib istifadəyə verilmiş, hazırda telefon çəkilişi və internet portalının satışı davam etdirilir. Əfətli, Evoğlu kəndləri və Birinci Dördyol qəsəbəsində 95 ədəd rabitə dirəyi basdırılaraq xətt şəbəkəsi tam təmir olunmuş, bu işlər digər yaşayış məntəqələrində də davam etdirilir. 9 ayda 181 ədəd yeni telefon çəkilmiş, 643 ədəd yüksək sürətli internet portunun satışı aparılmışdır. Hazırda rayonda 3239 ədəd telefon və 1823 ədəd internet istifadəçisi var.



Təbii ki, bütün bu sadaladıqlarımız faktlarbAğdam rayonunda gedən sosial-iqtisadi inkişafın nə miqyasını, nə dinamikasını, nə də hazırki yüksək səviyyəsini heç də tam əks etdirmir. Çünki bütün bunlar barədə bir qəzet materialında tam dolğunluğu ilə məlumat vermək sadəcə olaraq mümkün deyil. Bununla belə, Ağdamda gedən prosesləri azacıq da olsa işıqlandırmaqda əsas məqsədimiz, bu rayonun rəhbərliyinin məhsuldar fəaliyyətinə kölgə salmağa çalışan bəzi “həmkarlarımıza” müvafiq mesaj göndərməkdir. Unutmaq lazım deyil ki, söhbət sıradan biri deyil, məhz cəbhə bölgəsində yerləşən, həm də ərazisinin bir hissəsi hələ də işğal altında olan rayonlarımızdan birindən gedir. Raqub Məmmədov isə, belə bir gərgin şəraitdə fəaliyyət göstərməli olan dövlət icra orqanına rəhbərlik edir. Buna görə də, yazı müəllifləri tərəzinin bir gözünə öz ambisiyalarını qoyduqları zaman, digər gözə də cəbhəyanı həyatın sərt reallıqlarını əlavə etməyi unutmamalıdırlar.

Anar Əliyev
aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-11-2024