Mobil versiya
Azərbaycanın həbsə düşən məmur uşaqları
Tarix: 21-10-2015 | Saat: 18:37
Bölmə:Cəmiyyət / Aia TV / Karusel | çapa göndər

Azərbaycanın həbsə düşən məmur uşaqları
Azərbaycanın bir çox məmurları övladlarının qanunsuz və özbaşına əməllərinə görə zaman-zaman ciddi başağrısı yaşayırlar

Onların arasında hətta həbsə düşənlər də az deyil.

“Papanın gül balaları”nın qudurğan hərəkətləri bəzi hallarda onların valideynlərinin karyerasına son qoyulması bahasına başa gəlir.

Qaynar.info məhbəs həyatı yaşayan, həbs üzü görən məmur övladları ilə bağlı araşdırmasını təqdim edir.

Polisə müqavimət göstərdi, həbsə atıldı

Ötən ilin iyulunda isə Masallı rayonunda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək Müfəttlişliyinin Cənub regional idarəsinin rəisi Ərəstun Əbilovun oğlu Sədi Əbilov saxlanılıb.

S.Əbilov haqqında Masallı rayon Məhkəməsi inzibati həbs qərarı çıxarıb.

Masallı rayon Məhkəməsindən verilən məlumata görə, onun barəsində 15 günlük inzibati həbs qərarı verilib. Rəisin oğlu yol hərəkəti qaydalarını pozduğuna və polis əməkdaşlarına müqavimət göstərdiyinə görə məsuliyyətə cəlb edilib

Xalq artistinin ailəsini yasa boğan məmur oğlu

2014-cü il martın 15-də saat 00:30 radələrində Suraxanı rayonu, Zığ şossesində Abdullayev Vüqar Ağasəlim oğlunun idarə etdiyi VAZ-2106 markalı 10-NB-466 dövlət qeydiyyat nişanlı avtomobillə Mədətov Xalid Mübariz oğlunun idarə etdiyi “Mercedes-Benz G-55” markalı 90-FE-007 dövlət qeydiyyat nişanlı avtomobilin toqquşub. Nəticədə “VAZ-2106”da olan sərnişinlər - 1959-cü il təvəllüdlü Briliant Abdullayeva və 2008-ci il təvəllüdlü Ağasəlim Abdullayev hadisə yerində ölüb, 1950-ci il təvəllüdlü Ağasəlim Abdullayev və 1984-cü il təvəllüdlü Səadət Abdullayeva isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə 3 saylı Şəhər Klinik xəstəxanasına yerləşdiriliblər.

Sürücü X.Mədətov narkoloji tibbi müayinədən keçirilərkən orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olması müəyyən edildiyindən cinayət işi Cinayət Məcəlləsinin 263-1.4-cü (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsinə tövsif olunub.

Məhkəmənin hökmü ilə X.Mədətov 5 il nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 12 il müddətinə azadlıqdan məhrum edilib. Nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə cəzası azadlıqdan məhrum edilmə cəzası çəkiləndən sonra tətbiq olunacaq.

X. Mədətov Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədr müavini Mübariz Mədətovun oğludur. Bu hadisədən sonra onun atası işdən qovulub. Hər şey bununla da bitməyib: M. Mədətovun kiçik oğlu, Azərbaycanın Almaniyadakı səfirliyində işləyən Yusf Mədətov da geri çağırılıb və diplomatik xidmətdən kənarlaşdırılıb.

“Avtoşluq” edən məmur oğlu türməyə, atası isə istefaya!

2014-cü ilin aprelində Dövlət Gömrük Komitəsinin Yevlax Gömrük İdarəsinin rəisi Əliməmməd Həsənovun oğlu Tural Həsənov “BMW X6” avtomobili ilə Zığ şossesində avtoxuliqanlıq etdiyinə görə məhkəmənin qərarı ilə 20 sutka azadlıqdan məhrum edilib.

Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə həm də polis əməkdaşı olan T. Həsənov polis orqanlarından xaric edilib.

Məmur oğlunun atası da övladının əməlinə görə sərt şəkildə cəzalandırılıb və işdən uzaqlaşdırılıb.

İçkili avtomobil sürən məmur oğlu “sutkalığa” salındı

Zərdab rayon icra hakimiyyətinin başçısının birinci müavini Allahverdi Səfərovun oğlu Ceyhun Səfərov bu ilin martın 22-də saat 16 radələrində sükan arxasında içkili vəziyyətdə olarkən polis zabitinin sənəd təqdim edilməsi tələbinə tabe olmaqdan imtina etdiyinə görə saxlanılıb.

İcra Hakimiyyətindən bildiriblər ki, Zərdab rayon Məhkəməsi tərəfindən C.Səfərov barəsində İnzibati Xətalar Məcəlləsinin 310.1-ci maddəsi ilə inzibati qaydada 5 sutka müddətinə həbs cəzası tətbiq edilib.

Martın 27-də C. Səfərov həbs müddəti başa çatdığı üçün sərbəst buraxılıb. Bundan bir neçə gün sonra isə onun atası oğlunun hərəkətinə görə işdən qovulub.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə