Mobil versiya
Cəbrayılın bərpası və inkişafı uzunmüddətli strategiya əsasında davam etdirilir
Tarix: 04-10-2026 | Saat: 14:00
Bölmə:Siyasət | çapa göndər

Cəbrayılın bərpası və inkişafı uzunmüddətli strategiya əsasında davam etdirilir

Vətən müharibəsi zamanı qazanılan hər bir qələbə Azərbaycanın Zəfər tarixində mühüm iz buraxıb. Lakin elə hərbi uğurlar var ki, onların əhəmiyyəti yalnız konkret ərazinin azad olunması ilə məhdudlaşmır, müharibənin sonrakı gedişinə və ümumi nəticəsinə də ciddi təsir göstərir. Cəbrayıl əməliyyatı məhz belə strateji əhəmiyyətli qələbələrdən biri kimi tarixə düşüb. 2020-ci ilin payızında Cəbrayıl istiqamətində əldə edilən uğur Azərbaycan Ordusunun qarşısında yeni əməliyyat imkanları açdı və düşmənin uzun illər ərzində formalaşdırdığı müdafiə mövqelərinin yarılmasında mühüm rol oynadı. Azərbaycan Prezidenti İlham Əliyev də sonrakı çıxışlarında Cəbrayıl qələbəsinin Ordunun mənəvi gücünə və sonrakı əməliyyatlara təsirini xüsusi qeyd edib.

İşğal dövründə Cəbrayıl istiqamətində Ermənistan silahlı qüvvələri bir neçə xəttdən ibarət istehkamlar sistemi qurmuşdu. Bu müdafiə mövqelərinin yarılması Azərbaycan hərbçilərindən yüksək peşəkarlıq, hazırlıq və böyük fədakarlıq tələb edirdi. Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əməliyyatlar nəticəsində bu çətin maneə dəf edildi. Sentyabrın 27-də başlayan əks-hücum zamanı Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndlərinin azad edilməsi ilk mühüm nəticələrdən oldu. Sonrakı günlərdə digər yaşayış məntəqələrinin də azad olunması ilə bu istiqamətdə irəliləyiş davam etdirildi. Oktyabrın 4-də isə Cəbrayıl şəhəri və rayonun bir sıra kəndləri işğaldan azad edildi.

Cəbrayılın azad edilməsinin hərbi-strateji əhəmiyyəti müharibənin sonrakı mərhələlərində daha aydın şəkildə üzə çıxdı. Bu qələbə Azərbaycan Ordusunun irəliləyişinin mühüm mərhələlərindən birinə çevrildi. Cəbrayıl istiqamətində əldə olunan uğurdan sonra Hadrut istiqamətində əməliyyatların genişləndirilməsi üçün imkanlar yarandı. Daha sonra Zəngilan və Qubadlı istiqamətlərində, eləcə də Laçının cənub hissəsində əldə edilən qələbələr Azərbaycanın hərbi üstünlüyünün daha da möhkəmlənməsinə şərait yaratdı. Beləliklə, Cəbrayıl əməliyyatı Vətən müharibəsində qələbəyə aparan ardıcıl hərbi əməliyyatlar zəncirinin mühüm həlqələrindən birinə çevrildi.

Bu tarixi qələbənin əsasında Azərbaycan xalqının iradəsi, dövlətin siyasi qərarlılığı və Azərbaycan Ordusunun döyüş qabiliyyəti dayanırdı. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən hərbi-siyasi strategiya nəticəsində 44 günlük Vətən müharibəsində Azərbaycanın qarşısında duran əsas milli məqsədlərdən biri – ərazi bütövlüyünün bərpası təmin edildi. Cəbrayılın azad olunması da həmin tarixi prosesin mühüm nəticələrindən biri kimi Azərbaycanın Zəfər salnaməsində özünəməxsus yer tutdu. Prezident İlham Əliyev Cəbrayılın azad edilməsini müharibə zamanı azad olunan ilk şəhər kimi xüsusi əhəmiyyət daşıyan hadisə adlandırıb.

Cəbrayıl uğrunda gedən döyüşlərdə iştirak edən hərbçilərin göstərdiyi qəhrəmanlıq dövlət tərəfindən yüksək qiymətləndirildi. “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif olunan hərbi qulluqçuların timsalında həmin döyüşlərdə göstərilən igidlik və fədakarlıq dövlət səviyyəsində əbədiləşdirildi. Bu təltiflər Cəbrayılın azadlığı uğrunda mübarizə aparan Azərbaycan əsgər və zabitlərinin xidmətlərinin gələcək nəsillərin yaddaşında yaşadılmasının mühüm ifadələrindən biridir.

Bu gün Cəbrayıla yalnız hərbi qələbə prizmasından deyil, həm də quruculuq və inkişaf baxımından nəzər salmaq mümkündür. Bir vaxtlar işğal nəticəsində dağıdılmış və viran qoyulmuş şəhər və kəndlər bu gün genişmiqyaslı bərpa və yenidənqurma prosesinin əhatə etdiyi ərazilərə çevrilib. Dövlət siyasətinin əsas məqsədi yalnız dağıdılmış infrastrukturun bərpası ilə kifayətlənmək deyil, Cəbrayılı müasir yaşayış, istehsal və iqtisadi fəaliyyət məkanına çevirməkdir. Şəhərin yenidən qurulması, yaşayış komplekslərinin, sosial obyektlərin və müasir infrastrukturun yaradılması bu strategiyanın əsas istiqamətlərindəndir. Cəbrayıl şəhərinin inkişafı ilə bağlı hazırlanmış planlar da ərazinin gələcək simasının sistemli şəkildə formalaşdırılmasına xidmət edir.

Böyük Qayıdış proqramı isə Cəbrayılın yeni tarixinin ən mühüm istiqamətlərindən biridir. Uzun illər müxtəlif bölgələrdə məcburi köçkün həyatı yaşayan cəbrayıllıların mərhələli şəkildə doğma yurda qayıtması işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən siyasətin əsas nəticələrindən biridir. Çünki torpaqların azad edilməsi tarixi baxımdan nə qədər mühüm hadisədirsə, həmin torpaqlarda həyatın yenidən bərpası və insanların öz doğma yurdlarına qayıtması da bir o qədər böyük məna daşıyır. Cəbrayılın bərpası bu baxımdan hərbi Zəfərin sülh və quruculuq mərhələsində davam etdirilməsinin nümunəsidir.

Cəbrayılın bugünkü inkişaf dinamikası Azərbaycanın azad edilmiş ərazilərlə bağlı uzunmüddətli strategiyasını da aydın göstərir. Burada enerji, nəqliyyat və sosial infrastruktur yaradılır, yaşayış məhəlləri salınır, iqtisadi fəaliyyət üçün yeni imkanlar formalaşdırılır. Cəbrayıl rayonunda yaradılan “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı da bu baxımdan xüsusi əhəmiyyət daşıyır. 200 hektar ərazini əhatə edən sənaye parkının əsas məqsədləri sırasında sənaye istehsalının, logistikanın və sahibkarlıq fəaliyyətinin inkişaf etdirilməsi dayanır.

Prezident İlham Əliyevin Cəbrayıl rayonuna səfərləri zamanı bərpa və quruculuq layihələrinin gedişinə diqqət yetirməsi də bu ərazinin dövlətin inkişaf siyasətində mühüm yer tutduğunu göstərir. Bu gün Cəbrayıl həm Zəfər tarixinin mühüm səhifələrindən birini təcəssüm etdirir, həm də işğaldan azad edilmiş ərazilərin yeni inkişaf modelinin formalaşdığı məkanlardan biri kimi diqqət çəkir. Burada hərbi qələbənin nəticələri artıq quruculuq, məskunlaşma, iqtisadi inkişaf və Böyük Qayıdış prosesləri ilə tamamlanır. Beləliklə, Cəbrayılın tarixində 4 oktyabr 2020-ci il yalnız şəhərin azad edildiyi gün deyil, onun yeni inkişaf mərhələsinin başlanğıcı kimi də xüsusi əhəmiyyət daşıyır.

Bəxtiyar Mustafayev,
YAP Mingəçevir şəhər təşkilatının sədri.




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
04-10-2026