Mobil versiya
Göydəniz Qəhrəmanov:"27 Sentyabr tarixi Zəfərin başlanğıc günü"
Tarix: 23-09-2026 | Saat: 10:45
Bölmə:Manşet / Siyasət | çapa göndər

Göydəniz Qəhrəmanov:"27 Sentyabr tarixi Zəfərin başlanğıc günü"

“27 Sentyabr – Anım Günü Azərbaycan xalqının mənəvi yaddaşında xüsusi yer tutan müqəddəs tarixdir. Bu gün Vətən müharibəsində və Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən bütün döyüşlərdə canlarını fəda etmiş şəhidlərimizin xatirəsi dərin ehtiramla yad edilir. Anım Günü həm də Azərbaycan dövlətinin öz qəhrəman övladlarının fədakarlığına verdiyi yüksək dəyərin, onların ailələrinə və sağlamlığını itirmiş qazilərə göstərilən qayğının mühüm ifadəsidir. Şəhidlərin, qazilərin və müharibə iştirakçılarının xidmətlərinə ehtiram müasir Azərbaycan dövlətinin siyasətinin əsas istiqamətlərindən biridir.”

Millət vəkili Göydəniz Qəhrəmanov bu fikirləri aia.az-a açıqlamasında ifadə edib.
       
Parlament üzvü bildirib ki, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizə aparan xalqın arxasında güclü dövlətin dayanmasının nə qədər vacib olduğunu bir daha göstərdi: “Azərbaycan bu prinsipə sadiq qalaraq müharibə başa çatdıqdan sonra şəhid ailələrinin sosial müdafiəsi, qazilərin müalicəsi və reabilitasiyası, onların normal həyata qayıtmaları istiqamətində ardıcıl tədbirlər həyata keçirdi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev dəfələrlə vurğulayıb ki, dövlət öz əsgərinin, şəhid ailələrinin və qazilərinin yanında olmağa davam edəcək.Şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi bu siyasətin ən mühüm istiqamətlərindən biridir. 2020-ci il dekabrın 2-də imzalanan Sərəncamla hər il sentyabrın 27-sinin Anım Günü kimi qeyd olunması xalqın qəhrəman övladlarına ümummilli ehtiramının dövlət səviyyəsində təsdiqidir. Bu tarix yalnız təqvimdə qeyd olunan gün deyil. O, Vətən uğrunda həyatını fəda edən insanların xalqın yaddaşında əbədi yaşadığını, onların qəhrəmanlığının gələcək nəsillərə örnək olduğunu ifadə edir.

Azərbaycanın Vətən müharibəsində qazandığı tarixi Zəfərin yaddaşlarda yaşadılması üçün həyata keçirilən layihələr də xüsusi məna daşıyır. Bakıda yaradılan Zəfər parkı və Vətən Müharibəsi Memorial Kompleksi ideyası məhz xalqımızın Qələbə tarixinin, şəhidlərimizin əziz xatirəsinin və Azərbaycan əsgərinin qəhrəmanlığının gələcək nəsillərə çatdırılması məqsədinə xidmət edir. Bu məkanlar yalnız memarlıq nümunəsi deyil, həm də müasir Azərbaycan tarixinin canlı yaddaş məkanlarıdır.Zəfər parkının 44 günlük Vətən müharibəsinin rəmzlərini özündə əks etdirən konsepsiyası da təsadüfi deyil. Parkın girişində ucaldılan Zəfər tağı, memorial elementlər, Qarabağ yaddaşını yaşadan məkanlar və Azadlıq Bayrağı Meydanı Azərbaycanın Qələbəyə gedən yolunu simvolizə edir. Buraya gələn hər bir insan azad edilmiş torpaqlar uğrunda aparılan mübarizənin hansı böyük fədakarlıq hesabına mümkün olduğunu daha dərindən dərk edir.
     
 Daha sonra deputat qəhrəmanlığın dövlət tərəfindən qiymətləndirilməsi Vətən müharibəsi iştirakçılarına verilən yüksək təltiflərdə də özünü göstərdiyini bildirib:“Bu məqsədlə “Zəfər” və “Qarabağ” ordenlərinin, eləcə də Vətən müharibəsinin müxtəlif əməliyyatları və iştirakçıları ilə bağlı medalların təsis olunması Azərbaycan əsgər və zabitlərinin şücaətinə verilən yüksək qiymətin ifadəsidir. Bu təltiflər təkcə fərdi qəhrəmanlıqların qiymətləndirilməsi deyil, həm də xalqın öz müdafiəçilərinə olan ehtiramının rəmzidir.Şəhid ailələrinin və qazilərin sosial müdafiəsi istiqamətində həyata keçirilən tədbirlər də dövlət siyasətinin mühüm tərkib hissəsidir. Müharibə zamanı və sonrakı dövrdə sağlamlığını itirmiş hərbçilərin müalicəsi, reabilitasiyası, onların müasir protezlərlə təmin edilməsi, sosial problemlərinin həlli daim diqqət mərkəzində saxlanılır. Ehtiyacı olan şəxslərə göstərilən dəstək bir daha təsdiqləyir ki, Vətən uğrunda fədakarlıq göstərən insanlar dövlətin diqqətindən kənarda qala bilməz.

Bu sahədə “YAŞAT” Fondunun fəaliyyəti də xüsusi əhəmiyyət daşıyır. Şəhid ailələrinə və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərə dəstək məqsədilə yaradılan fond dövlət və cəmiyyət həmrəyliyinin nümunəsinə çevrilib. Onun fəaliyyəti göstərir ki, Vətən müharibəsində yaranan milli birlik müharibənin başa çatmasından sonra da davam edib və sosial həmrəylik formasında özünü göstərməkdədir.

Anım Günü bizi şəhidlərimizin qəhramanlığını daima uca tutmaq və nəyin bahasına torpaqlarımızı azad etməsini göstərir.

Bu yalnız onların adını ehtiramla çəkməkdən ibarət deyil. Onların uğrunda can verdiyi müstəqil, güclü və inkişaf edən Azərbaycanı daha da qüdrətləndirmək hər birimizin məsuliyyətidir. Şəhidlərin xatirəsini yaşatmaq həm də onların amalına sadiq qalmaq, dövlətçiliyimizi qorumaq və gələcək nəsillərdə Vətən sevgisini gücləndirmək deməkdir. Bu gün Azərbaycan xalqı öz qəhrəmanları ilə fəxr edir. Şəhidlərimiz xalqımızın mənəvi ucalığını, qazilərimiz isə yenilməz iradəsini təcəssüm etdirirlər. Onların fədakarlığı nəticəsində əldə olunan Qələbə müasir Azərbaycan tarixinin ən böyük nailiyyətlərindən birinə çevrilib. 27 Sentyabrda bütün Azərbaycan bir daha şəhidlərinin müqəddəs ruhu qarşısında baş əyir. Bu ehtiram yalnız bir günün hissi deyil, əbədi yaddaşın ifadəsidir. Azərbaycan dövləti və xalqı öz qəhrəmanlarını unutmayacaq, onların xatirəsini yaşadacaq, qazilərinə qayğı göstərəcək və şəhidlərin bizə əmanət etdiyi azad Vətəni daha da gücləndirəcək” – deyə, Göydəniz Qəhrəmanov açıqlamasını sona çatdırıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-09-2026