Mobil versiya
Cənubi Qafqaz uğrunda böyük və amansız geopolitik savaş: Türkiyə-ABŞ ittifaqı bu regionu artıq yenidən dizayn edir
Tarix: 22-09-2026 | Saat: 23:16
Bölmə:Dünya / Gündəm | çapa göndər

Cənubi Qafqaz uğrunda böyük və amansız geopolitik savaş: Türkiyə-ABŞ ittifaqı bu regionu artıq yenidən dizayn edir


Cənubi Qafqaz ətrafında cərəyan edən geopolitik prosesləri, dəyişməkdə olan regional təhlükəsizlik sisteminin tərkib hissəsi kimi də nəzərdən keçirmək mümkündür... Çünki bu önəmli geopolitik proseslər Cənubi Qafqazın gələcək taleyini böyük ölçüdə müəyyən edə biləcək regional situasiyanın formalaşmasını da təmin edir...
Cənubi Qafqazda regional təhlükəsizlik gündəliyi son vaxtlar yalnız Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması prosesi ilə məhdudlaşmır. Belə ki, regionda sülh prosesinin inkişafı, mümkün eskalasiya risklərinin azaldılması, nəqliyyat və kommunikasiya xətlərinin təhlükəsizliyi, eləcə də, Xəzər-Qara dəniz istiqamətində strateji sabitliyin qorunması daha geniş geopolitik çərçivə formalaşdırır. Və bu baxımdan, Cənubi Qafqazda Türkiyə ilə ABŞ arasında intensivləşən koordinasiya prosesi də region üçün xüsusilə böyük əhəmiyyət daşıyır.

Onu da qeyd etmək lazımdır ki, Türkiyənin xarici işlər naziri Hakan Fidanın Nyu-Yorkda verdiyi açıqlama da məhz bu kontekstdə xüsusi diqqət çəkir. Belə ki, Türkiyənin xarici işlər naziri rəsmi Ankara və Ağ Evin Azərbaycan-Ermənistan sülh prosesini birmənalı şəkildə dəstəklədiyini bildirib. Onun dediyinə görə, Türkiyə və ABŞ Cənubi Qafqazda, eləcə də, Qara dəniz hövzəsində hərbi eskalasiyası risklərini azaltmaq üçün ortaq fəaliyyət göstərir.

Maraqlıdır ki, belə ortaq yanaşma tərzi Türkiyə-ABŞ münasibətlərini tədricən ikitərəfli əlaqələr müstəvisindən çıxararaq, daha genişmiqyaslı regional təhlükəsizlik məsələləri ilə əlaqələndirir. Rəsmi Ankara NATO üzrə müttəfiq kimi, ABŞ ilə təhlükəsizlik dialoqunu daha intensiv şəkildə davam etdirir. Eyni zamanda, Türkiyə Cənubi Qafqazda da Azərbaycanla strateji münasibətlərə və Türk dövlətləri arasında əməkdaşlığın inkişafına xüsusilə böyük əhəmiyyət verir. Və nəticədə, Türkiyə üçün Cənubi Qafqaz, Qara dəniz və Xəzər hövzəsi bir-biri ilə sıx əlaqəli təhlükəsizlik məkanlarına çevrilmiş olur.

Təbii ki, bu prosesdə Azərbaycan xüsusilə böyük önəm daşıyan geopolitik mövqeyə malikdir. Belə ki, bu ölkə bir tərəfdən, Türkiyənin Cənubi Qafqazdakı əsas strateji tərəfdaşıdır. Digər tərəfdən isə Azərbaycan Xəzər hövzəsini Cənubi Qafqaz və Türkiyə üzərindən Avropa məkanı ilə əlaqələndirən nəqliyyat və enerji marşrutlarının həm infrastruktur, həm də, coğrafi baxımdan, önəmli tərkib hissəsidir. Ona görə də, Azərbaycan-Ermənistan sülh gündəliyində pozitiv irəliləyişlərin olunması isə Cənubi Qafqazda daha genişmiqyaslı kommunikasiya imkanlarının və yeni iqtisadi əlaqələrin formalaşmasına əlavə məkan açır.

Bütün bunlar onu göstərir ki, Türkiyə-ABŞ siyasi dialoqunda Cənubi Qafqaz məsələsinin daha ön plana çıxması yalnız siyasi bəyanat xarakteri daşımır. Yəni, bu regionda sülhün və sabitliyin qorunması sayəsində Cənubi Qafqaz ABŞ, Türkiyə və Azərbaycan da daxil olmaqla, bir sıra digər geopolitik aktorların təhlükəsizlik və nəqliyyat-kommunikasiya maraqlarının ciddi şəkildə kəsişdiyi məkana çevrilir. Eyni zamanda, bu məkana münasibətdə Türkiyənin geopolitik mövqeyi digərlərindən xüsusilə fərqlidir. Çünki rəsmi Ankara həm NATO çərçivəsində ABŞ-la əməkdaşlıq edir, həm də Cənubi Qafqazda birbaşa regional təsir imkanlarını qoruyub saxlayır.

Onu da nəzərə almaq lazımdır ki, Cənubi Qafqazda Türkiyə-ABŞ geopolitik xəttinin bu regional çərçivəsi, Türk Dövlətləri Təşkilatı daxilində təhlükəsizlik əməkdaşlığının paralel şəkildə genişləndirilməsi prosesi ilə də üst-üstə düşür. Belə ki, Astanada keçirilmiş Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistan daxili işlər nazirlərinin görüşündə hüquq-mühafizə strukturları arasında informasiya mübadiləsinin, birbaşa əlaqələrin və transmilli cinayətkarlıqla ortaq mübarizənin gücləndirilməsi ilə bağlı məsələlərinin müzakirəsi də məhz bunu təsdiqləyir.

Məsələ ondadır ki, Türkiyənin TÜRKPOL mexanizminin yaradılması ilə bağlı təklifi də elə bu siyasətin strukturlaşma istiqamətini ön plana çıxartmış olur. Çünki rəsmi Ankara məhz Türk dövlətləri arasında hüquq-mühafizə əməkdaşlığının daha sistemli mexanizmə çevrilməsini vacib hesab edir. Bu baxımdan, terrorizm, ekstremizm, transmilli cinayətkarlıq və rəqəmsal cinayətlərlə mübarizə kimi önəmli sahələr üzrə əməkdaşlığın genişləndirilməsi Türk Dövlətləri Təşkilatı daxilində təhlükəsizlik gündəliyinin getdikcə, daha çox praktiki məzmun aldığını göstərir.

Digər tərəfdən, hərbi sahədə Azərbaycan, Türkiyə və Özbəkistanın “Birliyin gücü – 2026” təlimləri isə bu önəmli prosesin tamamilə fərqli istiqamətini təşkil edir. Sentyabrın 21-dən oktyabrın 1-dək Qarabağda, Naxçıvanda və Xəzərin Azərbaycan sektorunda keçirilən təlimlərdə quru qoşunları, aviasiya, hərbi-dəniz qüvvələri, döyüş texnikası və PUA-ların iştirakı nəzərdə tutulur. Bu hərbi təlimlərdə əsas məqsədin birgə əməliyyatların sınaqdan keçirilməsi, koordinasiyanın və bölmələrin qarşılıqlı fəaliyyət imkanlarının artırılması olduğu bildirilir. Və bununla yanaşı, belə bir üçtərəfli hərbi təlimlərin həm qlobal, həm də regional xarakterli xəbərdarlıq mesajı anlamı daşıya biləcəyi də qətiyyən istisna deyil.

Təbii ki, mövcud situasiyanın ümumi məzmununu da nəzərə aldıqda, Türkiyə-ABŞ koordinasiyası ilə Türk dövlətləri arasındakı təhlükəsizlik əməkdaşlığı paralel, ancaq bir-biri ilə sıx əlaqəli geopolitik proseslər kimi də qiymətləndirilə bilər. Belə ki, birinci xətt Cənubi Qafqaz və Qara dəniz hövzəsində daha genişmiqyaslı beynəlxalq təhlükəsizlik mühitinin yaradılmasına, ikinci xətt isə Türk dövlətlərinin öz aralarında strukturlaşmış və daha praktiki koordinasiyanın qurulmasına yönəlikdir. Və bu iki paralel prosesin yaxın gələcəkdə xüsusilə də, Cənubi Qafqazda yeni təhlükəsizlik arxitekturasının formalaşmasına yol aça biləcəyi qətiyyən istisna deyil.

Maraqlıdır ki, bu önəmli geopolitik proseslərin kəsişmə nöqtəsində isə məhz Azərbaycan dayanır. Belə ki, rəsmi Bakı Azərbaycan-Ermənistan sülh prosesinin əsas tərəflərindən biridir. Eyni zamanda, Azərbaycan həm də Türkiyənin Cənubi Qafqaz regionundakı yeganə strateji tərəfdaşıdır. Üstəlik, Azərbaycan Türk Dövlətləri Təşkilatının təhlükəsizlik və nəqliyyat gündəliyində də əvəzolunmaz mövqeyə malikdir. Bu baxımdan, Qarabağ, Naxçıvan və Xəzər hövzəsinin eyni hərbi təlimlər çərçivəsində əhatə olunması da məhz Azərbaycanın müxtəlif təhlükəsizlik istiqamətlərini vahid geopolitik məkan daxilində nəzərdən keçirdiyini göstərən önəmli faktlardan biridir.

Göründüyü kimi, Cənubi Qafqaz regionu ətrafında cərəyan edən geopolitik prosesləri, dəyişməkdə olan təhlükəsizlik sisteminin tərkib hissəsi kimi də nəzərdən keçirmək mümkündür. Belə ki, Türkiyə ABŞ-la Cənubi Qafqaz və Qara dəniz üzrə siyasi dialoqu genişləndirir. Eyni zamanda, Azərbaycan-Ermənistan sülh gündəliyinin və Türk Dövlətləri Təşkilatında təhlükəsizlik mexanizmlərinin inkişaf etdirilməsi də intensiv xarakter daşıyır. Və bu önəmli geopolitik proseslər Cənubi Qafqazın gələcək taleyini böyük ölçüdə müəyyən edə biləcək regional situasiyanın formalaşmasını da təmin edir.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
22-09-2026