Mobil versiya
Göydəniz Qəhrəmanov: “Azərbaycan 2023-cü ildə beynəlxalq hüququ bərpa etməklə öz gücünü bir daha nümayiş etdirdi”
Tarix: 20-09-2026 | Saat: 14:53
Bölmə:Manşet / Siyasət | çapa göndər

Göydəniz Qəhrəmanov: “Azərbaycan 2023-cü ildə beynəlxalq hüququ bərpa etməklə öz gücünü bir daha nümayiş etdirdi”

“Müasir dövlətçilik tarixində bəzi hadisələr yalnız müəyyən bir dövrün yekunu deyil, həm də yeni inkişaf mərhələsinin başlanğıcı kimi qiymətləndirilir. Azərbaycan üçün Dövlət Suverenliyi Günü məhz belə siyasi və tarixi məna daşıyır. Bu günün təsis edilməsi təkcə 2023-cü ilin sentyabrında baş vermiş hadisələrin deyil, xalqımızın onilliklər boyu apardığı mübarizənin, milli iradəsinin və dövlətçilik ənənələrinin yüksək qiymətləndirilməsidir. Prezident İlham Əliyevin 19 sentyabr 2024-cü il tarixli Sərəncamı ilə hər il sentyabrın 20-nin Dövlət Suverenliyi Günü kimi qeyd edilməsi müstəqillik tariximizin yeni mərhələsinin rəsmi təsdiqi oldu. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra qarşısında duran ən mühüm vəzifə dövlət suverenliyinin tam təmin olunması idi. Lakin Ermənistanın hərbi təcavüzü nəticəsində ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazilərinin bir hissəsi uzun illər işğal altında qaldı. İşğal dövründə yüz minlərlə azərbaycanlı öz doğma yurdlarından didərgin salındı, yaşayış məntəqələri yerlə-yeksan edildi, tarixi və dini abidələr vandalizmə məruz qaldı, təbii sərvətlər talan olundu. Ermənistanın həyata keçirdiyi bu siyasət beynəlxalq hüququn fundamental prinsiplərinə zidd olsa da, otuz ilə yaxın aparılan danışıqlar prosesi problemin həllinə gətirib çıxarmadı.”

Millət vəkili Göydəniz Qəhrəmanov bu fikirləri aia.az-a açıqlamasında ifadə edib.

Deputat qeyd edib ki, 2018-ci ildən sonra Ermənistan rəhbərliyinin sülh danışıqlarından yayınması, yeni ərazi iddiaları irəli sürməsi və hərbi təxribatları artırması vəziyyəti daha da gərginləşdirdi: “Təbii ki, bu vəziyyət daimi olaraq belə qala bilməzdi. Nəticədə 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində Azərbaycan öz qanuni müdafiə hüququndan istifadə edərək tarixi Zəfər qazandı. Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu cəmi 44 gün ərzində Ermənistan ordusunu məğlub etdi, işğal altındakı torpaqların böyük hissəsini azad etdi və ölkəmizin ərazi bütövlüyünün bərpası istiqamətində həlledici dönüş yaratdı. Müharibədən sonra Azərbaycanın qarşısında duran əsas vəzifə bütün ərazisində suveren idarəçiliyin təmin olunması idi. Bu baxımdan 2023-cü il aprelin 23-də Laçın-Xankəndi yolunun başlanğıcında Həkəri çayı üzərində nəzarət-buraxılış məntəqəsinin yaradılması mühüm siyasi və hüquqi hadisə oldu. Bununla Azərbaycan öz dövlət sərhədinə tam nəzarət etmək hüququnu praktik şəkildə reallaşdırdı, qanunsuz hərbi daşınmaların və xarici müdaxilə cəhdlərinin qarşısını aldı. Bu addım bir güllə atılmadan əldə edilmiş mühüm strateji nailiyyət kimi tarixə düşdü. Bunun ardınca 2023-cü il sentyabrın 19-da həyata keçirilən lokal xarakterli antiterror tədbirləri Azərbaycanın dövlət suverenliyinin tam təmin olunmasını başa çatdırdı. Bir günlük əməliyyat nəticəsində qanunsuz silahlı birləşmələr tərk-silah edildi, separatçı rejim fəaliyyətini dayandırdı və Azərbaycan Respublikasının Konstitusiya quruluşu ölkənin bütün ərazisində bərpa olundu. Azərbaycan beynəlxalq hüququ bərpa etməklə öz gücünü bir daha nümayiş etdirdi. Bu gün tam suverenlik Azərbaycanın inkişaf strategiyasının əsas dayaqlarından biridir. Daxili sabitliyin möhkəmləndirilməsi, iqtisadi islahatların genişləndirilməsi, azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işləri, beynəlxalq nüfuzun yüksəlməsi məhz bu möhkəm təməl üzərində qurulur. Dövlət Suverenliyi Günü isə xalqımızın mübarizə əzmini, dövlətimizin qüdrətini və gələcəyə inamını özündə birləşdirən mühüm milli dəyər kimi Azərbaycan tarixində əbədi yaşayacaq” – deyə, Göydəniz Qəhrəmanov fikirlərini tamamlayıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
20-09-2026