Mobil versiya
Valideynlərin tez-tez etdiyi səhv: Uşağı başqaları ilə müqayisə etmək hansı izləri buraxır?
Tarix: 15-09-2026 | Saat: 19:00
Bölmə:Özəl | çapa göndər

Valideynlərin tez-tez etdiyi səhv: Uşağı başqaları ilə müqayisə etmək hansı izləri buraxır?




Uşağın qiymətlərini, bacarıqlarını və uğurlarını digər uşaqlarla davamlı müqayisə etmək onun psixoloji inkişafına mənfi təsir göstərə bilər. Səhiyyə Nazirliyi 2 nömrəli Klinik Psixiatriya Xəstəxanasının klinik psixoloqu, psixoterapevt Rövşən Nəcəfov valideynlərə bu yanaşmadan çəkinməyi tövsiyə edib.

Mütəxəssisin sözlərinə görə, uşaq yalnız əldə etdiyi nəticələrə görə qiymətləndirildikdə zamanla öz dəyərini uğurları ilə əlaqələndirməyə başlaya bilər. Başqaları ilə müqayisə isə özünəinamın zəifləməsinə, daxili narahatlığa və daim kiməsə nəyisə sübut etmək ehtiyacının yaranmasına səbəb ola bilər.

Psixoterapevt diqqətə çatdırıb ki, belə yanaşma uşağın gələcək münasibətlərinə də təsir göstərə bilər. Daim müqayisə edilən uşaq sonradan özü də ətrafındakı insanları, hətta valideynlərini başqaları ilə müqayisə etməyə başlaya bilər.

Rövşən Nəcəfovun fikrincə, valideyn üçün əsas məqsəd uşağa başqalarından üstün olmağı deyil, öz potensialını tanımağı və inkişaf etdirməyi öyrətmək olmalıdır. Uşağın yalnız nəticəsinə deyil, göstərdiyi səyə, əvvəlki dövrlə müqayisədə inkişafına və fərdi bacarıqlarına diqqət yetirmək daha sağlam yanaşmadır.

Mütəxəssis xüsusilə uşağın uğursuzluq və səhv etdiyi anlarda valideyn dəstəyinin vacibliyini vurğulayıb. Uşaq yalnız uğur qazandıqda deyil, çətinliklə üzləşəndə də qəbul edildiyini və sevildiyini hiss etdikdə daha sağlam emosional dayaq formalaşdıra bilər.

Psixoloqun valideynlərə əsas mesajı sadədir: uşağınızı başqasının övladı ilə deyil, onun öz dünəni ilə müqayisə edin. “Kimdən yaxşısan?” əvəzinə “Əvvəllə müqayisədə nəyi daha yaxşı bacarırsan?” yanaşması uşağın daxili motivasiyasının və sağlam özünüdəyərləndirməsinin formalaşmasına daha çox kömək edə bilər.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-09-2026