Mobil versiya
Rusiyanın taxılı limanlarda ilişib qaldı: İxrac 16 ilin ən aşağı həddinə enir
Tarix: 07-09-2026 | Saat: 21:37
Bölmə:Özəl | çapa göndər

Rusiyanın taxılı limanlarda ilişib qaldı: İxrac 16 ilin ən aşağı həddinə enir




Rusiyanın taxıl sektorunda ciddi problemlərin yarandığı bildirilir. Liman logistikasındakı çətinliklər yeni məhsulun xarici bazarlara çıxarılmasını ləngidib, nəticədə ölkə daxilində taxıl ehtiyatlarının artması qiymətlərə təzyiq göstərməyə başlayıb.

Açıqlanan məlumatlara görə, avqustun 1–20-də Rusiyanın taxıl ixracı əvvəlki müqayisəli dövrlə müqayisədə 2,5 dəfə azalaraq 1,4 milyon tona düşüb. Buğda ixracında isə 2,6 dəfəyə yaxın azalma qeydə alınıb. Sentyabrda ümumi ixracın 1,8–2,3 milyon tonadək enə biləcəyi proqnozlaşdırılır. Bu ssenari reallaşarsa, göstərici 2010-cu ildən bəri ən aşağı səviyyələrdən biri olacaq.

İxracın zəifləməsi daxili bazarda da hiss olunur. Taxıl və bəzi yağlı bitkilərin qiymətlərində kəskin ucuzlaşmanın qeydə alındığı, ayrı-ayrı məhsullar üzrə illik azalmanın 40 faizi keçdiyi bildirilir. Rusiyanın mühüm kənd təsərrüfatı bölgələrindən olan Rostov vilayətində də yaranmış vəziyyət fonunda fövqəladə rejim elan edildiyi qeyd olunur.

Problemin əsas səbəblərindən biri ixrac marşrutlarının məhdudluğudur. Rusiya taxılının böyük hissəsi ənənəvi olaraq cənub limanlarından daşınır. Alternativ olaraq Baltik istiqamətindən istifadə isə həm məhdud imkanlara malikdir, həm də daşınmanın hər tonu üçün əlavə 30–50 dollar xərc yarada bilər.

Moskva istehsalçıları qorumaq üçün dövlət satınalmaları, güzəştli kreditlər, subsidiyalar və ixracla bağlı əlavə dəstək mexanizmlərini nəzərdən keçirir. Lakin ekspertlər hesab edirlər ki, maliyyə yardımları liman və logistika problemini birbaşa həll etmədiyindən böhranın qarşısını tam almaq çətin olacaq.

İxrac kanalları əvvəlki gücünə qayıtmasa, Rusiyada taxıl ehtiyatlarının daha da artması və qiymətlərin aşağı düşməsi mümkündür. Bu isə fermerlərdən başlayaraq iri aqrar şirkətlərə, bank sektoruna və nəticədə dövlət büdcəsinə qədər uzanan maliyyə təzyiqi yarada bilər.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
07-09-2026