Mobil versiya
Azərbaycan–Özbəkistan münasibətləri: möhkəm təməldən strateji tərəfdaşlığın yeni mərhələsinə
Tarix: 26-08-2026 | Saat: 09:15
Bölmə:Manşet / Siyasət | çapa göndər

Azərbaycan–Özbəkistan münasibətləri: möhkəm təməldən strateji tərəfdaşlığın yeni mərhələsinə

Azərbaycan və Özbəkistan münasibətləri son illərdə Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında formalaşan yeni geosiyasi reallıqların ən mühüm və diqqətçəkən nümunələrindən birinə çevrilib. Bu münasibətləri yalnız diplomatik əlaqələr və qarşılıqlı siyasi maraqlarla izah etmək mümkün deyil. Azərbaycan ilə Özbəkistanı birləşdirən ortaq tarix, dil, mədəniyyət və mənəvi dəyərlər dövlətlərarası münasibətləri daha dərin və davamlı müstəviyə çıxarıb. Prezident İlham Əliyev və Prezident Şavkat Mirziyoyevin siyasi iradəsi nəticəsində bu tarixi və mənəvi yaxınlıq konkret iqtisadi layihələrə, qarşılıqlı investisiyalara, humanitar təşəbbüslərə və regional əməkdaşlığa çevrilərək strateji müttəfiqlik səviyyəsinə yüksəlib. Prezident İlham Əliyevin avqustun 23-də Özbəkistana dövlət səfəri də məhz bu baxımdan xüsusi siyasi əhəmiyyət daşıyır.

Bu sözləri aia.az-a açıqlamasında Milli Məclisin üzvü Tamam Cəfərova deyib.

Onun sözlərinə görə, Daşkənddə keçirilən təkbətək və geniş tərkibli görüşlər, Ali Dövlətlərarası Şuranın üçüncü iclası və dövlət başçılarının verdiyi mesajlar iki ölkənin münasibətlərində siyasi etimadın nə qədər dərinləşdiyini göstərdi. Səfərin ən mühüm nəticələrindən biri Azərbaycan və Özbəkistan arasında “Əbədi dostluq haqqında Müqavilə”nin imzalanmasıdır. Bu sənəd sadəcə diplomatik protokol deyil, iki qardaş ölkənin münasibətlərinin uzunmüddətli strateji məntiqini müəyyənləşdirən siyasi çərçivədir. Bununla yanaşı Ali Dövlətlərarası Şuranın üçüncü iclasının Qərarı, ticarət dövriyyəsinin 2030-cu ilədək 1 milyard dollara çatdırılması proqramı və investisiya-ticarət layihələri üzrə Yol Xəritəsi iqtisadi münasibətlərin konkret hədəflər üzərində qurulduğunu göstərir.

Burada mühüm məqam odur ki, siyasi sənədlərin sayı artdıqca onların məzmunu da daha konkret xarakter alır. Artıq söhbət konkret iqtisadi, investisiya, nəqliyyat, enerji, humanitar və regional layihələrdən gedir. Bu baxımdan Bakı–Daşkənd münasibətləri siyasi etimadın praktiki əməkdaşlığa çevrilməsinin uğurlu nümunəsidir. Dövlətimizin başçısı qeyd edib: “Bu gün biz bir milyardlıq ticarət dövriyyəsi hədəfindən hansısa uzaq bir xəyal kimi deyil, yəqin ki, bir neçə ildən sonra çatacağımız nəticə kimi danışırıq. Bu gün müzakirə olunanlar, iqtisadiyyatlarımızın tələb etdiyi və ehtiyac duyduğu sahələrdə qarşılıqlı investisiya layihələri – bütün bunlar hər iki ölkə paralel kursla inkişaf etməsəydi, mümkün olmazdı. Bu paralel kurs isə bu gün artıq daha geniş geosiyasətin mühüm amilidir”.

Dövlətlərarası münasibətlərin əlamətdar xüsusiyyətlərindən biri Özbəkistanın Qarabağın bərpasında fəal iştirakıdır. Füzulidə Mirzə Uluqbəy adına məktəbin tikilməsi qardaş ölkənin Azərbaycanın bərpa prosesinə verdiyi ilk mühüm töhfələrdən biri olub. Xankəndidə tikiş fabrikinin yaradılması isə bu əməkdaşlığın yeni mərhələyə keçdiyini bir daha təsdiqləyir. Burada artıq təhsil və sosial layihələrlə yanaşı, istehsal və məşğulluq məsələləri də ön plana çıxır. Azərbaycan–Özbəkistan tərəfdaşlığı ölkənin regionlarına, xüsusilə işğaldan azad edilmiş ərazilərə də yayılır. Bu faktorlar qardaşlığın konkret iqtisadi və sosial məzmun qazanmasının ən parlaq nümunələrindən biridir.

Millət vəkili fikirlərinin davamı olaraq qeyd edib ki, dövlətimizin Mərkəzi Asiya ölkələri ilə əlaqələrinin genişlənməsində Özbəkistanın xüsusi rolu var. Prezident İlham Əliyev Daşkənddə Azərbaycanın Mərkəzi Asiya ölkələrinin Məşvərət Görüşləri formatına qoşulmasında Şavkat Mirziyoyevin rolunu xüsusi qeyd edib. Bu hadisə siyasi baxımdan mühüm əhəmiyyət daşıyır. Çünki Azərbaycan artıq regionun çoxtərəfli əməkdaşlıq mexanizmlərində də iştirak edən aktora çevrilir. Beləliklə, Azərbaycanla Mərkəzi Asiya arasında siyasi, iqtisadi və nəqliyyat bağlantısı daha da güclənir. Bu prosesdə Özbəkistanın mövqeyi xüsusi əhəmiyyət kəsb edir. Çünki Daşkənd Mərkəzi Asiyanın ən böyük əhali və mühüm iqtisadi mərkəzlərindən biridir. Prezident İlham Əliyev vurğulayıb: “Bu gün Mərkəzi Asiya və Azərbaycan böyük potensiala, eyni zamanda, bundan da böyük inkişaf imkanlarına malik vahid geosiyasi və geoiqtisadi regiondur. Bu böyük, hətta deyərdim ki, yenidən yaradılmış və artıq kifayət qədər inteqrasiya olunmuş regionun inkişafının ümumi müsbət dinamikası da bu halda Özbəkistan və Azərbaycan arasında sıx qarşılıqlı əlaqələrdən asılıdır”.
Səfərin ən mühüm və simvolik məqamlarından biri isə Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin iki ölkənin ali dövlət təltifləri ilə təltif olunması mərasimi oldu. Prezident Şavkat Mirziyoyev Azərbaycan Prezidenti İlham Əliyevə Özbəkistanın ali dövlət mükafatı olan “Ali dərəcəli Dostluq” ordenini təqdim etdi. Özbəkistan tərəfi bu mükafatı Prezident İlham Əliyevin iki qardaş ölkə arasında dostluğun, strateji tərəfdaşlığın və müttəfiqlik münasibətlərinin möhkəmləndirilməsinə verdiyi töhfənin etirafı kimi qiymətləndirdi.

Bununla paralel olaraq Prezident İlham Əliyevin Prezident Şavkat Mirziyoyevə Azərbaycanın ən ali dövlət təltiflərindən biri olan “Heydər Əliyev” ordenini təqdim etməsi də xüsusi siyasi və mənəvi məna daşıyır. Azərbaycan Prezidentinin sərəncamında bu təltifin Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Azərbaycan ilə Özbəkistan arasında dostluq, qardaşlıq və müttəfiqlik əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə verildiyi qeyd olunur.

İki dövlət başçısının qarşılıqlı şəkildə yüksək dövlət təltiflərinə layiq görülməsi, əslində, Azərbaycan–Özbəkistan münasibətlərinin yalnız dövlətlərarası maraqlar üzərində deyil, liderlərin şəxsi dostluğu, qarşılıqlı etimadı və xalqların qardaşlıq bağları üzərində də qurulduğunu nümayiş etdirir. Bu baxımdan təltifolunma mərasimi iki ölkə arasında münasibətlərin siyasi protokol çərçivəsindən kənara çıxan mənəvi mahiyyətini əks etdirən mühüm hadisə kimi qiymətləndirilə bilər.

Beləliklə, avqustun 23-də Daşkənddə verilən mesajlar Azərbaycan–Özbəkistan münasibətlərinin yeni mərhələsinin əsas konturlarını müəyyənləşdirir. Bu münasibətlər artıq yalnız tarixi və mədəni yaxınlıq üzərində qurulan dostluq əlaqələri deyil, konkret investisiyalar, sənaye layihələri, regionlararası əməkdaşlıq, nəqliyyat, turizm, humanitar əlaqələr və qarşılıqlı siyasi dəstəklə möhkəmlənən strateji müttəfiqlik modelidir.

Azərbaycan və Özbəkistanın qarşıdakı dövrdə əsas vəzifəsi mövcud siyasi iradəni konkret layihələrə çevirmək, qarşılıqlı investisiyaların həcmini artırmaq və regionlararası əlaqələri daha da genişləndirməkdir. İki qardaş ölkə öz imkanlarını birləşdirdikcə həm milli inkişaf məqsədlərinə daha sürətlə çatır, həm də Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında iqtisadi və geosiyasi əlaqələrin möhkəmlənməsinə mühüm töhfə verir. Daşkənd səfəri bir daha göstərdi ki, Azərbaycan–Özbəkistan münasibətlərinin gücü yalnız keçmişdən gələn qardaşlıq bağlarında deyil, ortaq gələcəyi birlikdə qurmaq siyasi iradəsindədir. İki ölkə liderinin qarşılıqlı etimadı və həyata keçirilən konkret layihələr isə bu münasibətlərin gələcəkdə daha böyük nəticələr doğuracağına möhkəm əsas yaradır.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-09-2026