Mobil versiya
Naxçıvan enerji gücünə çevrilir
Tarix: 12-08-2026 | Saat: 13:58
Bölmə:Özəl | çapa göndər

Naxçıvan enerji gücünə çevrilir

Müasir dünyada enerji təhlükəsizliyi dövlətlərin milli təhlükəsizliyinin ən mühüm istiqamətlərindən biridir. Bu baxımdan Naxçıvanda həyata keçirilən enerji layihələri Azərbaycanın gələcəyə hesablanmış strateji siyasətinin mühüm hissəsidir.

Prezident İlham Əliyevin Naxçıvana son səfəri zamanı enerji sahəsində həyata keçirilən və planlaşdırılan layihələrə xüsusi diqqət yetirilməsi də təsadüfi deyil. Naxçıvan Sənaye Parkının tərkibində 300 meqavat gücündə istilik elektrik stansiyasının inşasının nəzərdə tutulması muxtar respublikanın enerji imkanlarını əhəmiyyətli dərəcədə genişləndirəcək.

Naxçıvanın artıq 100 faiz qazlaşdırılması da enerji təhlükəsizliyi baxımından mühüm göstəricidir. Bundan əlavə, burada su, Günəş və modul tipli elektrik stansiyalarının yaradılması enerji təminatının şaxələndirilməsinə imkan verir.

Ən diqqətçəkən istiqamətlərdən biri isə bərpaolunan enerji potensialından istifadədir. Aparılmış təhlillərə əsasən, Naxçıvan Günəş enerjisinin istehsalı üçün Azərbaycanın ən əlverişli məkanlarından biri kimi qiymətləndirilir. Artıq 600 hektardan çox ərazi müəyyənləşdirilib və burada yüzlərlə meqavat gücündə Günəş elektrik stansiyalarının yaradılması planlaşdırılır.

Bu layihələrin əhəmiyyəti yalnız Naxçıvanın enerji tələbatının ödənilməsi ilə bitmir. Gələcəkdə burada istehsal ediləcək elektrik enerjisinin ixrac imkanlarının genişləndirilməsi də nəzərdə tutulur. Günəş enerjisinin istehsalının 500, hətta 1000 meqavata qədər yüksələ bilməsi barədə səsləndirilən fikirlər Naxçıvanın enerji potensialının miqyasını göstərir.

Naxçıvanın yaşıl enerji zonasına çevrilməsi də xüsusi əhəmiyyət daşıyır. Bərpaolunan enerji mənbələrinin inkişafı ilə yanaşı, enerji saxlanc texnologiyalarının tətbiqi də nəzərdə tutulur. Birinci mərhələdə ən azı 100 meqavatlıq batareya saxlanc qurğusunun yaradılması planlaşdırılır.

Beləliklə, Naxçıvan artıq yalnız enerji ilə təmin olunan ərazi kimi deyil, gələcəkdə enerji istehsal və ixrac edən mühüm mərkəz kimi formalaşır.

Bu, həm Naxçıvanın iqtisadi inkişafına, həm yeni iş yerlərinin yaranmasına, həm də Azərbaycanın regional enerji təhlükəsizliyində rolunun daha da artmasına xidmət edəcək.

Cavad Həsənov,
Siyəzən RİHB-nın Dağ Quşçu kənd iəd üzrə nümayəndəliyinin baş məsləhətçisi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-09-2026