Mobil versiya
ABŞ və İran arasında pərdəarxası bazarlıq: Tehran masaya ağır şərtlər qoydu
Tarix: 10-08-2026 | Saat: 20:23
Bölmə:Özəl | çapa göndər

ABŞ və İran arasında pərdəarxası bazarlıq: Tehran masaya ağır şərtlər qoydu



ABŞ Prezidenti Donald Tramp İranla genişmiqyaslı nüvə sazişi əldə edilməsə belə, hərbi qarşıdurmanın başa çatdığını elan etməyə və yaranmış nəticəni Vaşinqtonun qələbəsi kimi təqdim etməyə hazırlaşır. Lakin Tehran münaqişənin dayandırılması və Hörmüz boğazında kommersiya gəmiçiliyinin tam bərpası üçün ABŞ qarşısında kifayət qədər ağır şərtlər irəli sürür.
“The Wall Street Journal”ın ABŞ administrasiyasındakı mənbələrə istinadən yaydığı məlumata görə, Ağ Evin hazırkı prioritetlərində müəyyən dəyişiklik müşahidə olunur. Vaşinqton bütün məsələləri əhatə edən böyük nüvə razılaşmasından daha çox dünya enerji daşımaları üçün həyati əhəmiyyət daşıyan Hörmüz boğazında təhlükəsiz və maneəsiz gəmiçiliyin bərpasına diqqət yetirir.
Tehranın irəli sürdüyü tələblər isə tərəflər arasındakı fikir ayrılıqlarının miqyasını göstərir. İran dəniz blokadasının tamamilə aradan qaldırılmasını, ABŞ hərbi qüvvələrinin regiondan çıxarılmasını, iqtisadi sanksiyaların ləğvini və hərbi əməliyyatlar zamanı dəymiş zərərə görə milyardlarla dollar təzminat ödənilməsini istəyir.
Hərbi ekspert Səxavət Məmməd Musavat.com-a bildirib ki, geniş nüvə sazişi olmadan müharibənin dayandırılması həm ABŞ daxilində, həm də beynəlxalq müstəvidə fərqli qiymətləndirilə bilər. Onun fikrincə, Tramp administrasiyası üçün əsas məsələlərdən biri ABŞ-ni Yaxın Şərqdə yeni uzunmüddətli müharibəyə sürükləməmək və eyni zamanda qlobal enerji bazarlarında sabitliyi bərpa etməkdir.
Ekspert hesab edir ki, əgər Ağ Ev İranın nüvə infrastrukturu və imkanlarının ciddi şəkildə zəiflədildiyini, nüvə təhlükəsinin müəyyən müddətə təxirə salındığını və Hörmüz boğazında kommersiya daşımalarının yenidən başladığını göstərə bilsə, Tramp administrasiyası bunu siyasi qələbə kimi təqdim edə bilər.
Səxavət Məmmədin fikrincə, İranın milyardlarla dollarlıq təzminat, bütün sanksiyaların aradan qaldırılması və ABŞ qüvvələrinin regiondan çıxarılması kimi tələbləri danışıqların başlanğıcında mövqeləri maksimum gücləndirmək məqsədi daşıya bilər. Tehran da anlayır ki, Vaşinqtonun rəsmi şəkildə müharibə təzminatı ödəməsi və Yaxın Şərqdəki bütün hərbi mövcudluğuna son qoyması real görünmür.
Buna görə də tərəflər arasında rəsmi sənədlərdə tam əksini tapmayan daha məhdud kompromis mexanizminin formalaşması ehtimalı diqqət çəkir. Belə bir ssenaridə ABŞ təzminat ödəmək əvəzinə İranın xaricdə dondurulmuş maliyyə vəsaitlərinin müəyyən hissəsinin humanitar məqsədlərlə istifadəsinə şərait yarada bilər.
Digər mümkün kompromis sanksiyaların tamamilə ləğv edilməsinin əvəzinə İran neftinin müəyyən həcmdə Asiya bazarlarına çıxarılmasına müvəqqəti icazələrin verilməsi ola bilər. Bu, Tehran üçün iqtisadi nəfəs imkanları yaradarkən Vaşinqtona sanksiya mexanizmini bütövlükdə ləğv etmədən müəyyən güzəştə getmək imkanı verə bilər.
Oman və digər vasitəçilərin iştirakı ilə dəniz təhlükəsizliyi məsələsində də qarşılıqlı addımlar mümkün hesab olunur. ABŞ İran limanlarına tətbiq edilən dəniz blokadasını aradan qaldıra, Tehran isə Hörmüz boğazında gəmilərin saxlanılması, raket və dron təhlükəsi yaradan fəaliyyətlərin dayandırılması ilə bağlı öhdəlik götürə bilər.
Beləliklə, böyük nüvə sazişi əldə edilməsə belə, ABŞ və İran arasında daha məhdud və praktik razılaşmanın ortaya çıxması istisna edilmir. Əsas məsələ tərəflərin dondurulmuş İran aktivləri, sanksiyaların qismən yumşaldılması və Hörmüz boğazının təhlükəsizliyi ətrafında ortaq məxrəcə gəlib-gəlməyəcəyidir. Bu baş verərsə, rəsmi “böyük saziş” olmadan belə qarşıdurmanın aktiv hərbi mərhələsinin başa çatması mümkün ola bilər.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
10-08-2026