Mobil versiya
Döyüş robotları gələcəyin müharibəsini dəyişir – Azərbaycan bu istiqamətdə haradadır?
Tarix: 07-08-2026 | Saat: 19:46
Bölmə:Özəl | çapa göndər

Döyüş robotları gələcəyin müharibəsini dəyişir – Azərbaycan bu istiqamətdə haradadır?



Ukraynanın döyüş meydanında yerüstü pilotsuz robotlardan istifadəyə başlaması hərbi texnologiyalar sahəsində yeni mərhələnin başlandığını göstərir. Xüsusilə alovsaçan sistemlərlə təchiz edilən robotların cəbhədə tətbiqi bu istiqamətə marağı daha da artırıb və müxtəlif ölkələrin ordularında oxşar imkanların olub-olmaması ilə bağlı suallar yaradıb.
Mövzu ilə bağlı hərbi ekspert Rövşən Məhərrəmov bildirib ki, Azərbaycan Ordusunun arsenalında alovsaçan sistemlə təchiz edilmiş yerüstü döyüş robotlarının olması barədə indiyədək rəsmi məlumat açıqlanmayıb və belə texnikalar ictimaiyyətə nümayiş etdirilməyib.
Ekspertin sözlərinə görə, bununla belə, Azərbaycan Silahlı Qüvvələrinin son illərdə ən müasir silah və texnologiyalarla təchiz olunması nəzərə alındıqda, bu istiqamətdə müəyyən imkanların mövcud olması ehtimalını istisna etmək olmaz. Lakin bu barədə dəqiq məlumat yalnız rəsmi açıqlamalar əsasında qiymətləndirilə bilər.
Rövşən Məhərrəmov qeyd edib ki, hazırda dünyanın aparıcı orduları pilotsuz yerüstü platformalara xüsusi diqqət yetirirlər. Bu texnologiyalar şəxsi heyətin riskini azaltmaq, mürəkkəb döyüş tapşırıqlarını məsafədən yerinə yetirmək və müxtəlif silah sistemlərini inteqrasiya etmək baxımından mühüm üstünlüklər təqdim edir.
Onun fikrincə, Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi də qlobal hərbi texnologiyalarda baş verən yenilikləri yaxından izləyir və müasir silah sistemlərinin əldə olunması, eləcə də yerli istehsal imkanlarının genişləndirilməsi istiqamətində fəaliyyətini davam etdirir.
Ekspert vurğulayıb ki, Azərbaycan təkcə xaricdən müasir silahlar alan ölkə deyil, eyni zamanda öz müdafiə sənayesini inkişaf etdirərək yeni texnologiyalara əsaslanan müxtəlif hərbi məhsulların istehsalını da həyata keçirir. Bu baxımdan gələcəkdə yerüstü pilotsuz döyüş platformalarının hazırlanması istiqamətində də addımların atılması mümkündür.
Rövşən Məhərrəmov hesab edir ki, hərbi texnologiyalar sahəsində beynəlxalq təcrübənin öyrənilməsi böyük əhəmiyyət daşıyır. Onun sözlərinə görə, gələcəkdə Azərbaycan mütəxəssislərinin müxtəlif ölkələrlə, o cümlədən bu sahədə praktiki təcrübə qazanan dövlətlərlə əməkdaşlıq etməsi və yeni texnologiyalar üzrə təcrübə mübadiləsi aparması istisna olunmur.
Ekspert əlavə edib ki, müasir müharibələrin gedişi göstərir ki, pilotsuz sistemlər artıq döyüş əməliyyatlarının ayrılmaz hissəsinə çevrilib. Buna görə də yerüstü robot platformaları, süni intellektə əsaslanan idarəetmə sistemləri və digər yüksək texnologiyalı həllər yaxın illərdə orduların inkişafında əsas istiqamətlərdən biri olacaq.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
07-08-2026