Mobil versiya
İsrailin yeni strateji xətti Türkiyəni kənarda qoyur
Tarix: 07-08-2026 | Saat: 18:13
Bölmə:Özəl | çapa göndər

İsrailin yeni strateji xətti Türkiyəni kənarda qoyur



İsrail son dövrlərdə formalaşdırmağa çalışdığı yeni regional təhlükəsizlik və iqtisadi əməkdaşlıq modeli ilə diqqət çəkir. Bu konsepsiyada Yunanıstan, Kipr (Yunan) Respublikası, Birləşmiş Ərəb Əmirlikləri və Hindistan arasında yeni strateji oxun yaradılması nəzərdə tutulur. Maraqlı məqam isə Türkiyənin bu formatdan kənarda saxlanılmasıdır.
Mövzu ilə bağlı politoloq Elxan Şahinoğlu bildirib ki, İsrail Müdafiə Nazirliyinin baş direktoru Amir Baram tərəfindən təqdim edilən yeni təhlükəsizlik konsepsiyası təkcə hərbi əməkdaşlığı deyil, texnologiya, maliyyə və qlobal logistika sahələrində də uzunmüddətli tərəfdaşlığı nəzərdə tutur. Onun sözlərinə görə, Birləşmiş Ərəb Əmirliklərinin bu layihəyə daxil edilməsi İranla yaşanan gərginlik fonunda İsraillə təhlükəsizlik əməkdaşlığının genişlənməsi ilə bağlıdır.
Politoloqun fikrincə, layihənin əsas məqsədi Hindistanı Yaxın Şərq üzərindən Şərqi Aralıq dənizi və Avropaya bağlayan yeni geostrateji marşrut formalaşdırmaqdır. Bu çərçivədə İsrail və Hindistan texnologiya və müdafiə sənayesində, BƏƏ maliyyə və logistika sahəsində, Yunanıstan və Kipr isə Avropaya çıxış istiqamətində əsas rol oynayacaq.
Elxan Şahinoğlu qeyd edib ki, İsrail son illərdə Hindistanla hərbi əməkdaşlığı əhəmiyyətli dərəcədə genişləndirib. Birgə müdafiə layihələri, texnologiya mübadiləsi və uzunmüddətli sənaye əməkdaşlığı bu tərəfdaşlığın əsas istiqamətlərini təşkil edir. O vurğulayıb ki, İsrailin müdafiə ixracında Hindistan əsas tərəfdaşlardan biri olaraq qalır.
Politoloq hesab edir ki, bu yeni əməkdaşlıq modeli ABŞ-la mövcud strateji münasibətləri əvəz etmək məqsədi daşımır. Əksinə, məqsəd hərbi, iqtisadi və texnoloji sahələrdə yeni tərəfdaşlıq şəbəkəsi quraraq İsrailin regional və qlobal imkanlarını daha da genişləndirməkdir.
Onun sözlərinə görə, bu konsepsiya Hindistan–Yaxın Şərq–Avropa İqtisadi Dəhlizi (IMEC) layihəsi ilə də uzlaşır. Layihə Asiya ilə Avropa arasında alternativ nəqliyyat və logistika marşrutunun formalaşdırılmasını nəzərdə tutur və regionda iqtisadi inteqrasiyanın gücləndirilməsinə hesablanıb.
Bununla yanaşı, Elxan Şahinoğlu vurğulayıb ki, layihənin tam şəkildə reallaşması üçün Yaxın Şərqdə təhlükəsizlik mühitinin sabitləşməsi əsas şərtlərdən biridir. Bölgədə davam edən silahlı qarşıdurmalar və dəniz marşrutları ətrafındakı risklər layihənin həyata keçirilməsini çətinləşdirən əsas amillər kimi qiymətləndirilir.
Politoloq əlavə edib ki, layihənin uğurlu olması üçün Səudiyyə Ərəbistanının da prosesdə fəal iştirakı mühüm əhəmiyyət daşıyır. Lakin hazırkı geosiyasi şəraitdə Ər-Riyadın İsraillə eyni platformada tam əməkdaşlığa hazır olub-olmadığı hələ də açıq sual olaraq qalır.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
07-08-2026