Mobil versiya
Sabiq nazir: Danışıqlar sülh üçün deyil, növbəti qarşıdurmaya hazırlıq üçündür
Tarix: 05-08-2026 | Saat: 17:43
Bölmə:Özəl | çapa göndər

Sabiq nazir: Danışıqlar sülh üçün deyil, növbəti qarşıdurmaya hazırlıq üçündür



ABŞ ilə İran arasında Hörmüz boğazı ətrafında davam edən gərginlik yeni mərhələyə qədəm qoyub. Vaşinqtonun sərt bəyanatları və Tehranın geri addım atmayan mövqeyi göstərir ki, diplomatik təmaslar davam etsə də, regionda hərbi risklər hələ də yüksək olaraq qalır.
ABŞ Prezidenti Donald Tramp son açıqlamasında Hörmüz boğazının yaxın vaxtlarda açılacağını, əks halda İranın ağır zərbə ilə üzləşəcəyini bildirib. Bu bəyanat Vaşinqtonun təzyiq siyasətini davam etdirdiyini nümayiş etdirir. Halbuki son həftələr ərzində tərəflər arasında gərginliyin azaldılması istiqamətində müxtəlif diplomatik təşəbbüslər də irəli sürülüb.
Eyni zamanda, ABŞ ordusunun sursat ehtiyatları ilə bağlı yayılan məlumatlar da diqqət çəkir. Bəzi xarici media qurumları hava hücumundan müdafiə sistemləri üçün raket ehtiyatlarının əhəmiyyətli dərəcədə azaldığını iddia etsə də, Pentaqon bu xəbərləri təkzib edərək ordunun döyüş hazırlığının tam təmin olunduğunu bildirib.
Qətər və Oman vasitəçiliyi ilə aparılan diplomatik təmaslar davam edir. Tərəflər əvvəlcə Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyini təmin edəcək mexanizmləri razılaşdırmağa, daha sonra isə İranın nüvə proqramı ilə bağlı əsas məsələləri müzakirə etməyə çalışırlar. Bununla belə, bölgədə hərbi gərginliyin tam aradan qalxdığını söyləmək hələ mümkün deyil.
Mövzunu şərh edən iqtisadçı alim, sabiq maliyyə naziri Fikrət Yusifov hesab edir ki, hazırkı qeyri-müəyyən şəraitdə proseslərin necə nəticələnəcəyini proqnozlaşdırmaq olduqca çətindir. Onun fikrincə, son aylarda bir neçə dəfə atəşkəs və danışıqlar cəhdləri olsa da, hələlik heç biri uzunmüddətli nəticə verməyib.
Ekspert bildirib ki, hazırda Fars körfəzində yüzlərlə yük və neft tankerinin keçid gözləməsi vəziyyətin nə qədər həssas olduğunu göstərir. Son günlər təhlükəsiz keçidlərin təmin olunmasına baxmayaraq, bölgədə baş verən silahlı insidentlər risklərin hələ də qalmaqda davam etdiyini ortaya qoyur.
Fikrət Yusifovun sözlərinə görə, əsas fikir ayrılığı İranın nüvə proqramı və regional təhlükəsizlik məsələləri ətrafında cəmləşir. Tehran öz təhlükəsizlik maraqlarını əsas gətirərək strateji imkanlarından imtina etmək niyyətində olmadığını nümayiş etdirir. Bu isə kompromis əldə olunmasını xeyli çətinləşdirir.
Sabiq nazir hesab edir ki, hazırkı danışıqların əsas məqsədi davamlı sülhə nail olmaqdan daha çox, tərəflərin vaxt qazanmasına xidmət edir. Onun fikrincə, həm Vaşinqton, həm də Tehran mümkün növbəti mərhələyə hazırlaşmaq üçün diplomatik prosesi müəyyən müddət davam etdirməyə çalışır.
Ekspert vurğulayıb ki, hətta yaxın günlərdə müəyyən razılaşma əldə olunsa belə, bunun uzunmüddətli sabitlik yaradacağına zəmanət yoxdur. Onun qənaətincə, bölgədə geosiyasi maraqların toqquşması davam etdikcə Yaxın Şərqdə yeni gərginliklərin yaranması ehtimalı yüksək olaraq qalacaq.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
05-08-2026