Mobil versiya
Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri: Azərbaycan–Qırğızıstan müttəfiqliyinin yeni mərhələsi və türk birliyinin möhkəmlənən təməli
Tarix: 03-08-2026 | Saat: 12:34
Bölmə:Özəl | çapa göndər

Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri: Azərbaycan–Qırğızıstan müttəfiqliyinin yeni mərhələsi və türk birliyinin möhkəmlənən təməli

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Qırğızıstan Respublikasına dövlət səfəri iki qardaş ölkə arasında münasibətlərin tarixində mühüm mərhələ kimi qiymətləndirilir. Bu səfər təkcə diplomatik protokol hadisəsi deyil, həm də Azərbaycan–Qırğızıstan münasibətlərinin strateji tərəfdaşlıqdan müttəfiqlik səviyyəsinə yüksəldiyini nümayiş etdirən tarixi hadisədir. İmzalanan sənədlər, keçirilən görüşlər və verilən siyasi mesajlar göstərdi ki, Azərbaycan və Qırğızıstan ortaq tarixə, ortaq mədəniyyətə və ortaq gələcək baxışına malik dövlətlər kimi əməkdaşlığın yeni mərhələsinə qədəm qoyurlar.
Bu münasibətlərin ideoloji və siyasi təməlini Ümummilli Lider Heydər Əliyev qoymuşdur. Ulu Öndər türk dövlətləri ilə əlaqələrin inkişafını Azərbaycanın xarici siyasətinin mühüm istiqaməti hesab edir, ortaq tarixə və milli-mənəvi dəyərlərə əsaslanan əməkdaşlığın gələcək inkişaf üçün böyük potensiala malik olduğunu daim vurğulayırdı. Bu siyasi kurs bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və yeni geosiyasi reallıqlar fonunda daha da zənginləşdirilir. Son illər Prezident İlham Əliyevin Qırğızıstana və Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana qarşılıqlı dövlət və rəsmi səfərləri münasibətlərin inkişafına yeni impuls verib. Xüsusilə 2022-ci ildə Prezident İlham Əliyevin Bişkekə dövlət səfəri zamanı Azərbaycan–Qırğız İnkişaf Fondunun yaradılması haqqında sazişin imzalanması iqtisadi əməkdaşlıq tarixində mühüm dönüş nöqtəsi oldu. 2024-cü ildə Prezident Sadır Japarovun Azərbaycana dövlət səfəri zamanı Bakıda Çingiz Aytmatovun abidəsinin açılışı, Ağdam rayonunda Qırğızıstan tərəfindən inşa edilən məktəbin təməlqoyma mərasimi, azad olunmuş ərazilərin bərpasına verilən dəstək iki qardaş ölkənin münasibətlərinin təkcə siyasi deyil, həm də humanitar və mənəvi əsaslara söykəndiyini nümayiş etdirdi. Prezident İlham Əliyevin son dövlət səfəri zamanı keçirilən Azərbaycan–Qırğızıstan Dövlətlərarası Şurasının üçüncü iclası əməkdaşlığın bütün istiqamətlərini əhatə edən yeni qərarların qəbul olunması ilə yadda qaldı. Dövlət başçıları "Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə"ni imzalamaqla münasibətləri hüquqi baxımdan ən yüksək səviyyəyə qaldırdılar.
Prezident İlham Əliyev Dövlətlərarası Şuranın iclasında Qarabağın bərpasına göstərdiyi dəstəyə görə Qırğızıstana təşəkkür edərək xüsusi vurğuladı ki, Ağdam rayonunda Qırğızıstan tərəfindən inşa edilmiş Manas adına məktəb xalqlarımızın dostluğunun və qardaşlığının əbədi rəmzidir. Dövlətimizin başçısı bildirdi ki, həmin məktəb təkcə təhsil müəssisəsi deyil, Azərbaycan–Qırğızıstan münasibətlərinin gələcək nəsillərə ötürüləcək mənəvi abidəsidir.
Humanitar əməkdaşlıq da münasibətlərin ən vacib istiqamətlərindən biri olaraq inkişaf edir
Səfərin ən yaddaqalan hadisələrindən biri isə Prezident İlham Əliyevin Qırğızıstan Respublikasının ali dövlət mükafatı – I dərəcəli "Manas" ordeni ilə təltif olunması oldu. Bu ali mükafat təkcə Azərbaycan Prezidentinin şəxsi xidmətlərinə verilən qiymət deyil, bütövlükdə Azərbaycan dövlətinə, Azərbaycan xalqına və iki qardaş ölkə arasında formalaşmış yüksək etimad münasibətlərinə verilən böyük dəyərin ifadəsidir.
"Manas" ordeni Qırğızıstanın dövlətçilik tarixində ən nüfuzlu təltiflərdən biridir və bu ordenin Prezident İlham Əliyevə təqdim edilməsi göstərir ki, Qırğızıstan Azərbaycan Prezidentinin türk dünyasının birliyi, regional sabitlik, iqtisadi əməkdaşlıq və qarşılıqlı inkişaf naminə gördüyü xidmətləri yüksək qiymətləndirir.
Qırğızıstan Prezidenti Sadır Japarovun Prezident İlham Əliyev haqqında söylədiyi fikirlər isə münasibətlərin mənəvi mahiyyətini dolğun şəkildə ifadə etdi:
"Qırğızıstanda sizi qardaş Azərbaycanın lideri və qırğız xalqının əziz dostu kimi böyük hörmətlə qarşılayırlar. Sizin rəhbərliyinizlə Azərbaycan inamla inkişaf edir, beynəlxalq arenada mövqelərini möhkəmləndirir və regionda sülhün və sabitliyin təmin olunmasında mühüm rol oynayır."
Prezident Sadır Japarov xüsusi vurğuladı ki, Azərbaycanın bugünkü uğurlarının əsasında Ümummilli Lider Heydər Əliyevin formalaşdırdığı möhkəm dövlətçilik məktəbi dayanır və Prezident İlham Əliyev həmin siyasi kursu uğurla davam etdirərək ölkənin beynəlxalq nüfuzunu daha da yüksəldir. Bu fikirlər Azərbaycan dövlətinə göstərilən yüksək hörmətin və Prezident İlham Əliyevin beynəlxalq nüfuzunun növbəti təsdiqidir. Bu gün Azərbaycan və Qırğızıstan BMT, Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, ECO, Qoşulmama Hərəkatı və digər beynəlxalq platformalarda daim bir-birinin mövqeyini dəstəkləyirlər. Bu həmrəylik qarşılıqlı etimadın və ortaq maraqların göstəricisidir. mAzərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasında Qırğızıstanın fəal iştirakı, Ağdamda məktəb tikintisi, humanitar layihələrə verdiyi töhfə və iqtisadi əməkdaşlığın genişlənməsi göstərir ki, münasibətlər artıq təkcə siyasi deyil, həm də strateji, iqtisadi və mənəvi müttəfiqlik səviyyəsinə yüksəlib. Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri bir daha nümayiş etdirdi ki, türk dövlətlərinin birliyi ortaq tarixə əsaslanan romantik ideya deyil, real siyasi və iqtisadi gücə çevrilməkdədir. Azərbaycan bu prosesin əsas təşəbbüskarlarından biri kimi çıxış edir və Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində türk dünyasında həmrəyliyin möhkəmlənməsinə mühüm töhfələr verir.
Bu gün Azərbaycan–Qırğızıstan münasibətləri qarşılıqlı etimada, ortaq milli-mənəvi dəyərlərə, strateji maraqlara və gələcəyə hesablanmış əməkdaşlığa söykənir. İmzalanan müttəfiqlik müqaviləsi, "Manas" ordeni ilə verilən yüksək qiymət və dövlət başçılarının səsləndirdiyi fikirlər göstərir ki, Bakı ilə Bişkek arasında münasibətlər bundan sonra da yüksələn xətlə inkişaf edəcək, türk dünyasının siyasi, iqtisadi və humanitar inteqrasiyasına mühüm töhfələr verəcəkdir.

Bayram Xudayarov
Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun əməkdaşı,
"Heydər Əliyev məktəbinin davamçıları" Feysbuk qrupunun təsisçisi və rəhbəri,
YAP-ın fəal üzvü



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
03-08-2026