Mobil versiya
1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü: Milli kimliyimizin və dövlətçiliyimizin əsas dayağı - DEPUTAT
Tarix: 31-07-2026 | Saat: 14:25
Bölmə:Manşet / Siyasət | çapa göndər

1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü: Milli kimliyimizin və dövlətçiliyimizin əsas dayağı

Hər il avqustun 1-i ölkəmizdə Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd olunur. Bu əlamətdar gün xalqımızın milli-mənəvi dəyərlərinin, dövlətçilik ənənələrinin və milli kimliyinin əsas sütunlarından biri olan ana dilimizin qorunmasına, inkişafına və gələcək nəsillərə ötürülməsinə verilən yüksək dəyərin ifadəsidir. Azərbaycan dili təkcə ünsiyyət vasitəsi deyil, xalqımızın tarixi yaddaşını, mədəni irsini, milli düşüncə tərzini və mənəvi sərvətini yaşadan ən böyük xəzinədir.

Bu fikirləri aia.az-a açıqlamasında Milli Məclisin üzvü Tamam Cəfərova deyib.

Deputat bildirib ki, Sovet hakimiyyəti dövründə milli dillərin inkişafı qarşısında ciddi maneələr yaradılmış, xüsusilə 70-ci illərin ortalarından başlayaraq SSRİ-ni təşkil edən respublikalarda milli dillərin sıxışdırılması siyasəti daha da gücləndirilmişdi. SSRİ Konstitusiyasının qəbulundan sonra bu istiqamətdə təzyiqlər artmış, ana dili məsələsini gündəmə gətirmək böyük cəsarət tələb edən addıma çevrilmişdi. XX əsrin 30-cu illərində milli dil uğrunda mübarizə aparan ziyalıların repressiyalara məruz qalması həmin dövrün acı reallıqlarından biri idi. Belə bir mürəkkəb tarixi şəraitdə milli respublikaların rəhbərlərinin əksəriyyəti ana dili məsələsini açıq şəkildə müdafiə etməkdən çəkinirdi.

Məhz belə bir dövrdə Ümummilli Lider Heydər Əliyev Azərbaycan dilinin qorunması və dövlət dili statusu qazanması uğrunda prinsipial və qətiyyətli mövqe nümayiş etdirdi. O, bütün süni məhdudiyyətlərə baxmayaraq, ana dilinin xalqın milli varlığının ayrılmaz hissəsi olduğunu dönə-dönə vurğulayır, ziyalıları və cəmiyyəti bu müqəddəs dəyərin müdafiəsi ətrafında birləşdirirdi. Ulu Öndər SSRİ Konstitusiyasının müzakirəsi zamanı xüsusi olaraq bildirirdi ki, vətəndaşların təhsil hüququ yalnız ana dilində təhsil almaq imkanı ilə tam təmin oluna bilər. Bu yanaşma Azərbaycan dilinin gələcək taleyi baxımından mühüm siyasi və ideoloji əhəmiyyət daşıyırdı.

Azərbaycan dilinin dövlət dili kimi təsbit olunması isə Ümummilli Lider Heydər Əliyevin siyasi iradəsinin və uzaqgörənliyinin parlaq təzahürü oldu. 1978-ci il aprelin 2-də Azərbaycan SSR Ali Sovetinin sessiyasında yeni Konstitusiyanın müzakirəsi zamanı məhz Heydər Əliyevin təşəbbüsü ilə 73-cü maddəyə “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir” müddəasının daxil edilməsi tarixi nailiyyət idi. Həmin qərar milli özünüdərkin möhkəmlənməsinə, dilimizin hüquqi statusunun təmin edilməsinə və gələcək müstəqillik dövründə dövlət dilinin inkişafı üçün möhkəm hüquqi-siyasi zəmin yaratdı.

Müstəqillik illərində də Ümummilli Lider Azərbaycan dilinin inkişafını dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirdi. Onun “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən hər il avqustun 1-i ölkəmizdə Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir. Bu qərar yalnız əlamətdar tarixin təsis olunması deyil, həm də qloballaşma şəraitində milli dilimizin saflığının qorunması, latın qrafikalı əlifbanın tam tətbiqi və Azərbaycan dilinin inkişafı istiqamətində həyata keçirilən ardıcıl dövlət siyasətinin mühüm tərkib hissəsi idi.

Bu gün Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi siyasi kurs Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 12 yanvar 2004-cü il tarixli Sərəncamı ilə 2004–2008-ci illərdə latın qrafikası ilə çap olunacaq əsərlərin siyahısı hazırlanmış, klassik və müasir irsimizin yeni əlifbada geniş oxucu kütləsinə çatdırılması təmin edilmişdir. Eyni zamanda, Prezident İlham Əliyevin 14 yanvar 2004-cü il tarixli “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında”, eləcə də 30 dekabr 2007-ci il tarixli “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin Azərbaycan dilində nəşri nəzərdə tutulan əsərlərinin siyahısının təsdiq edilməsi haqqında” sərəncamları ana dilimizin elm, təhsil, mədəniyyət və informasiya məkanında mövqeyinin daha da möhkəmlənməsinə xidmət etmişdir.
Prezident İlham Əliyev Azərbaycan dilinin saflığının qorunmasını milli kimliyimizin qorunmasının əsas şərtlərindən biri kimi qiymətləndirərək Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubiley tədbirindəki çıxışında deyib:

“Azərbaycan dilinin saflığının qorunması hər bir Azərbaycan vətəndaşının işi olmalıdır. Yəni, dövlət, alimlər, dilçilər, yazıçılar, şairlər, jurnalistlər, siyasətlə məşğul olanlar bu məsələyə çox böyük diqqət verməlidirlər. Yenə də deyirəm, 10 il bundan əvvəl mən bu məsələni qaldırmışdım. Çünki bu, məni narahat edirdi. On il ərzində lazımi tədbirlər görüldü ki, biz dilimizi kənar kəlmələrdən qoruya bilək. Amma yenə də oradan-buradan eşidirəm, - həm televiziyalarda, həm yazılı mediada, həm bəzi insanların çıxışlarında, - buna heç bir gərək yoxdur. Yəni, biz xalq kimi, millət kimi öz dilimizi qorumasaq, onda yavaş-yavaş bizim milli kimliyimiz də sarsıla bilər. Əminəm ki, mənim sözlərim hər kəsə çatacaq və özüm də daim bu məsələ ilə bağlı məşğul olacağam, izləyəcəyəm, lazımi tədbirlər görəcəyəm. Azərbaycan alimlərindən də bax, bu məsələyə də öz münasibətini və dəstəyini göstərmək çağırışını edirəm”.

Bu çağırış Azərbaycan dilinin qorunmasının təkcə dövlət qurumlarının deyil, hər bir vətəndaşın, xüsusilə də media, elm və təhsil ictimaiyyətinin məsuliyyəti olduğunu bir daha təsdiq edir. Müasir informasiya məkanında ana dilimizin saflığının qorunması, yad təsirlərdən uzaq saxlanılması və zənginliyinin gələcək nəsillərə ötürülməsi milli-mənəvi dəyərlərimizin yaşadılması baxımından xüsusi əhəmiyyət daşıyır.
Azərbaycan dili əsrlərin sınağından çıxmış, xalqımızın milli varlığını qoruyan, dövlət müstəqilliyimizin rəmzinə çevrilmiş böyük mənəvi sərvətdir. Bu dili qorumaq, zənginləşdirmək və gələcək nəsillərə olduğu kimi çatdırmaq hər bir azərbaycanlının müqəddəs vəzifəsidir. Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü də məhz bu ali məqsədə xidmət edir, ana dilimizin dövlətçilik tariximizdəki müstəsna rolunu bir daha xatırladır.Millət vəkili Tamam Cəfərova belə deyib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
31-07-2026