Mobil versiya
Azərbaycan mətbuatı təkcə regional deyil, eyni zamanda qlobal səviyyədə də ictimai fikrə təsir göstərə bilir - DEPUTAT
Tarix: 20-07-2026 | Saat: 11:52
Bölmə:Manşet / Siyasət | çapa göndər

Azərbaycan mətbuatı təkcə regional deyil, eyni zamanda qlobal səviyyədə də ictimai fikrə təsir göstərə bilir

151 yaşını qeyd edən Azərbaycan Milli Mətbuatı da həm Azərbaycan Xalq Cümhuriyyəti, həm də müstəqil Azərbaycan dövləti kimi çətin və şərəfli bir yol keçərək günümüzə qədər öz ənənəsini qoruyub saxlaya bilib, dördüncü hakimiyyət olaraq özünü təsdiq edib. XIX əsrin 70-ci illərində xalqımızın milli kimliyinin, maarifçilik ənənələrinin carçısı kimi dahi mütəfəkkir Həsən bəy Zərdabinin 1875-ci il, 22 iyulda təsis etdiyi “Əkinçi” qəzeti ilə meydana çıxan Milli Mətbuatımız təəssüflər olsun ki, XX əsrdə Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin üzləşdiyi taleyi ondan 43 il əvvəl yaşayıb. Xalqın maariflənməsi, milli oyanışın güclənməsi, azad fikir və sözün yayılmasına xidmət edən “Əkinçi”nin nəşri o dövr üçün arzuedilən hesab edilmir, Çar Rusiyasının maraqlarına ziddiyyət təşkil edirdi. "Əkinçi"nin həm Azərbaycan dilində çap olunması, həm də ictimai-siyasi fikrə, xalqın oyanışına təsir göstərməsi imperiya siyasəti ilə daban-dabana zidd olduğundan müxtəlif təsir vasitələri ilə 2 il sonra onun nəşri dayandırıldı. Düzdür, “Əkinçi”nin cəmi 56 nömrəsi işıq üzü görsə də, lakin qəzet milli jurnalistikanın təməlini qoymuş oldu. Ən əsası milli mətbuatın sonrakı inkişafı üçün möhkəm zəmin yaratdı. Məhz “Əkinçi”nin qoyduğu sağlam təməl və prinsiplərin nəticəsi idi ki, XIX əsrin sonu və XX əsrin əvvəllərində "Ziya", "Ziyayi-Qafqaziyyə", "Kəşkül", "Şərqi-rus", "Həyat", "İrşad", "Tərəqqi", “Molla Nəsrəddin”, "Füyuzat", "Açıq söz" kimi milli şüurun formalaşmasına, dilimizin inkişafına, ən əsası maarifçilik ideyaları ilə paralel olaraq ictimai fikrin təşəkkül tapmasına xidmət edən qəzet və jurnallar çap olunmağa başlandı.

Azərbaycan mətbuatı özünün ən çətin dövrünü sovetlərin zamanında yaşadı. Mərkəzin imperiya siyasətinə uyğun olaraq bütün qəzet və jurnalların ciddi senzuraya məruz qalması, dərc olunan materialların kommunist ideologiyasına uyğun hazırlanması mətbuatımızı açıq şəkildə desək millilikdən uzaqlaşdırdı. Həm də artıq mətbuat nə ictimai fikrə təsir gösrərə bilir, nə də milli şüurun oyanmasında rol oynayırdı.

1991-ci ildə Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra bütün istiqamələrdə olduğu kimi, mətbuat sahəsində də müsbət dinamika müşahidə edilməyə başlandı. Xüsusilə, Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə qayıtmasından sonra Azərbaycan mətbuatı yeni inkişaf mərhələsinə qədəm qoydu. Beləliklə, Ümummilli Liderin mətbuatın inkişafına xidmət edən tədbirləri nəticəsində ölkədə söz və fikir azadlığının genişlənməsi üçün hüquqi baza yaradıldı.

Heydər Əliyevin o dövr üçün atmış olduğu ən ciddi addımı və mətbuata inqilab effekti verən qərarı Azərbaycanda senzuranın ləğvi oldu. Belə ki, 1998-ci ildə ümummilli lider Heydər Əliyevin qərarı ilə Azərbaycanda senzura ləğv edildi. Bu qərar müstəqil jurnalistikanın inkişafında mühüm dönüş nöqtəsi oldu. Məhz bundan sonra media orqanları daha sərbəst fəaliyyət göstərməyə, cəmiyyətin müxtəlif problemlərini işıqlandırmağa başladılar. Azərbaycanda senzuranın ləğvi öz növbəsində müstəqil medianın inkişafına da stimul verirdi. Elə bunun nəticəsi idi ki, sonrakı illərdə qəzet və jurnallarla yanaşı internet informasiya portalları, xəbər agentlikləri, televiziya kanalları və onlayn media yaradılmağa başlandı, Azərbaycan milli mətbuatı sözün əsl mənasında intibah dövrünə qədəm qoydu.

Heydər Əliyev təkcə mətbuatın inkişafına hesablanmış hüquqi baza formalaşdırmır, bu sahənin inkişafına xidmət edən qərarlar qəbul etmirdi. Paralel olaraq yenicə müstəqillik əldə etmiş Azərbaycan mediasının çətin sosial durumunu da təhlil edir, bu istiqamətdə zəruri addımlar atırdı. Bu mənada Ulu Öndərin qəzetlərin Azərbaycan Nəşriyyatına olan borclarının dondurulması barədə qərarı o dövr üçün medianın sosial durumunun yaxşılaşdırılması istiqamətində atılmış ciddi addım idi. Belə demək mümkünsə, bu qərar illərlə Nəşriyyata külli miqdarda borcu olan qəzetlər üçün açılmış nəfəslik idi. Heydər Əliyevin Milli Mətbuatın yaranmasının 125 illiyinin qeyd edilməsi ilə bağlı sərəncamı dövlətin və onun ali rəhbərliyinin jurnalistlərə, mətbuata göstərdiyi diqqət və qayğının ən bariz nümunəsi idi. Məhz sadaldığımız amillərin nəticəsi idi ki, Ulu Öndər media ictimaiyyətinin mütləq əksəriyyətinin istəyi əsasında “Jurnalistlərin Dostu” elan edilmişdi.

Ulu Öndərin əsasını qoyduğu media siyasəti bu gün Cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Heydər Əliyevin zamanında qəzetlərin Azərbaycan Nəşriyyatına olan borclarının dondurulması prosesinin davamı olaraq, Cənab İlham Əliyev tərəfindən həmin borcların ləğv olunması, milli mətbuatımızın 130, 135, 140, 145 və 150 illik yubileylərinin keçirilməsi haqqında imzalanan sərəncamlar, jurnalistlərin sosial-mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə yaşayış binalarının tikilərək bu sahədə uzun illər çalışan qələm əhlinə pulsuz təqdim edilməsi, Prezident İlham Əliyevin təşəbbüsü ilə 2025-ci il 3 fevral tarixində “Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)” Azərbaycan Respublikasının yubiley medalının təsis olunması dövlətin, onun Ali Rəhbərinin media siyasətinin bariz nümunəsidir. Məhz dölətin, onun prezidentinin mətbuatın inkişafı, onun azad və müstəqil olması istiqamətində atdığı addımların nəticəsidir ki, Azərbaycan mətbuatı, onun dövlətə, dövlətçiliyə bağlı nümayəndələri də bu etimadı layiqincə doğruldur, ölkəmizin beynəlxalq səviyyədə təbliğində fəal iştirak edir, Azərbaycanın milli maraqlarının keşiyində dayanırlar. Bunun ən bariz nümunəsini 44 günlük Vətən Müharibəsində əyani şəkildə gördük. Ali Baş Komandan, Cənab İlham Əliyevin diplomatik və hərbi cəbhədə əldə etdiyi uğurları Azərbaycan mediası informasiya cəbhəsində dünyaya çatdırdı. Paralel olaraq Vətən Müharibəsi günlərində Azərbaycana qarşı erməni təxribat maşınının qarşısında əzmlə dayanaraq informasiya mübarizəsində önə çıxdı. Mətbuata göstərilən diqqət və qayğıya uyğun ortaya qoyulan fəaliyyətin nəticəsidir ki, bu gün Azərbayan mətbuatı təkcə regional deyil, eyni zamanda qlobal səviyyədə də tanınır, ictimai fikrə təsir göstərə bilir. Bütün bunlarla paralel olaraq mətbuatımız müxtəlif beynəlxalq platformalarda uğurla təmsil olunur, qlobal əhəmiyyətli mövzulara evsahibliyi edərək onları müzakirəyə çıxarır. Bu mənada bu günlərdə Şuşada keçirilən Qlobal Media Forumu xüsusi əhəmiyyət daşıyır.

Göründüyü kimi, günümüzdə Azərbaycan mediası ənənəvi və rəqəmsal jurnalistikanın vəhdəti şəraitində fəaliyyət göstərir. İnformasiya texnologiyalarının inkişafı öz növbəsində mətbuatı da daha məhsuldar olmağa sövq edir. Qəzetlərlə yanaşı internet saytları, mobil tətbiqlər və sosial media platformalarının mövcudluğu oxucunun daha operativ məlumat əldə etməsini asanlaşdırır. Təbii ki, bütün bu fəaliyyətlərdə isə mətbuatın qızıl qaydalarına, onun qarşısında duran əsas vəzifələrə, obyektivlik, dəqiqlik, operativlik və peşə etikasına riayət edilməlidir. Həmçinin, dezinformasiya, saxta xəbərlər, informasiya təhlükəsizliyi və kiberməkanda yayılan əslsiz məlumatlarla mübarizə də medianın mühüm vəzifələrindən olmalıdır. Hər bir cəmiyyət üzvü kimi, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin mətbuatdan gözləntiləri də məhz budur. Dövlət başçısının dediyi kimi, bu gün Azərbaycan mətbuatı müasir informasiya cəmiyyəti quruculuğunda, sosial ədalət və şəffaflığın təmin edilməsində, milli həmrəyliyin və tolerantlığın möhkəmləndirilməsində, demokratik özünüdərkin, siyasi mədəniyyətin inkişafında, milli-mənəvi və ümumbəşəri dəyərlərin qorunub saxlanılması və təbliğində mühüm rol oynamalı, tədris və maarifləndirmə sahəsində fəaliyyətini gücləndirməlidir. Azərbaycan jurnalistikası peşəkarlıq, obyektivlik, qərəzsizlik, yüksək milli şüur və vətənpərvərlik prinsiplərinə dönmədən əməl etməli, söz və məlumat azadlığından sui-istifadənin qarşısı qətiyyətlə alınmalıdır.

Nəsib Məhəməliyev,
Milli Məclisin deputatı




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
20-07-2026