Mobil versiya
Diplomatik səfərə qarşı kampaniya Ermənistanın sülh gündəminə ziddir
Tarix: 17-09-2026 | Saat: 11:47
Bölmə:Siyasət | çapa göndər

Diplomatik səfərə qarşı kampaniya Ermənistanın sülh gündəminə ziddir

Sentyabrın 11-12-də Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfəri mühüm siyasi məna kəsb edir. Xarici diplomatların bölgədə mövcud vəziyyətlə bilavasitə tanış olması baxımından xüsusi əhəmiyyət daşıyan bu səfərin Ermənistan cəmiyyətinin bəzi dairələrində narahatlıqla qarşılanması da təsadüfi xarakter daşımır. Qarabağ Azərbaycanın beynəlxalq səviyyədə tanınmış suveren ərazisidir və xarici diplomatların ölkənin müxtəlif bölgələrinə səfər etməsi tamamilə normal praktikadır. Bu səbəbdən səfəri hədəfə alan, diplomatlara qarşı təzyiq və linç ritorikasından istifadə edən kampaniya Ermənistanın Azərbaycanın ərazi bütövlüyü və suverenliyi ilə bağlı məsələyə hələ də sağlam yanaşma nümayiş
etdirmədiyini göstərir. Belə münasibət eyni zamanda Azərbaycanın daxili işlərinə müdaxilə cəhdi kimi qiymətləndirilə bilər.

Xarici diplomatların bölgədə müşahidə etdikləri mənzərə Ermənistan tərəfindən uzun illər ərzində yaradılmış təsəvvürlərlə ciddi şəkildə ziddiyyət təşkil edib. Şuşa, Xankəndi və digər yaşayış məntəqələrində həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq layihələri, həmçinin Zəfər Parkına səfər Qarabağın bu gün hansı sürətlə dəyişdiyini əyani şəkildə nümayiş etdirib. Natəvanın, Bülbülün və Üzeyir Hacıbəylinin güllə izləri olan büstlərinin vəziyyəti də bölgənin yaxın keçmişinə dair mühüm faktlardan biri kimi xüsusi diqqət çəkib.

Diplomatların Gəncəsər və Xudavəng monastırlarında olması isə Ermənistanda əlavə narazılığa səbəb olub. Azərbaycan ərazisində yerləşən tarixi-mədəni irsin siyasi məqsədlər naminə mənimsənilməsi və başqa kimliyə aid edilməsinə cəhd qəbuledilməzdir. Qafqaz Albaniyasının Azərbaycan ərazilərində mövcudluğu tarixşünaslıqda məlum olan faktdır. Bu tarixi irsin məqsədli şəkildə inkar edilməsi obyektiv elmi yanaşmadan uzaqdır. Daha ziddiyyətli məqam isə Ermənistanın öz ərazisində Azərbaycan xalqına məxsus tarixi-mədəni izlərin qorunması məsələsində fərqli mövqe nümayiş etdirməsidir. Qərbi Azərbaycanda məscidlərin, qəbiristanlıqların və digər tarixi abidələrin dağıdılması ilə bağlı faktlar mövcud olduğu halda, Qarabağdakı bəzi abidələrə yalnız bir tərəfin müstəsna hüququ kimi yanaşılması ikili standart təsəvvürü yaradır. Tarixi irsin müdafiəsi onun siyasi məqsədlərə uyğunlaşdırılmasından deyil, elmi və obyektiv şəkildə araşdırılmasından keçir. Bütün bunlar Ermənistanın sülh gündəliyinə münasibəti ilə bağlı da müəyyən suallar doğurur.

Hakimiyyətə yaxın media resurslarında aparılan kampaniya və parlament rəhbərinin səsləndirdiyi qəbuledilməz fikirlər revanşist ritorikanın yenidən ön plana çıxarıldığını göstərir. Bir tərəfdən sülhdən danışmaq, digər tərəfdən isə Azərbaycanın suveren ərazisinə təşkil olunan beynəlxalq səfəri hədəfə almaq arasında ciddi ziddiyyət mövcuddur. Azərbaycan isə bu məsələdə tamamilə fərqli yanaşma ortaya qoyur. Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı quruculuq prosesi ardıcıl şəkildə davam etdirilir, xarici diplomatlar bölgəyə dəvət olunur və onların mövcud vəziyyətlə birbaşa tanış olmaları üçün şərait yaradılır.

Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas xüsusiyyətlərindən biri həqiqətləri gizlətmək deyil, onları beynəlxalq ictimaiyyətə əyani şəkildə təqdim etməkdir. Ermənistanın revanşist dairələrini narahat edən əsas məqam da məhz budur: Qarabağda yaranan yeni reallıqlar Azərbaycanın suverenliyini və bölgənin tarixi həqiqətlərini bir daha nümayiş etdirir.

Anar Abbasov,
YAP Nərimanov rayon təşkilatının sədr müavini.




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-09-2026