Mobil versiya
İlham Əliyevlə xanımı beynəlxalq məktəb kompleksinin və qolf klubunun açılışında
Tarix: 04-10-2015 | Saat: 17:01
Bölmə:Siyasət / Manşet / Karusel | çapa göndər

İlham Əliyevlə xanımı beynəlxalq məktəb kompleksinin və qolf klubunun açılışında

Oktyabrın 4-də Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva “Azərsun Holdinq” Şirkətlər Qrupunun “Xəyal Adası” layihəsi çərçivəsində SABIS Sun Beynəlxalq məktəb kompleksinin və Qolf klubunun açılışında iştirak ediblər.

“Azərsun Holdinq” Şirkətlər Qrupunun Müşahidə Şurasının sədri Abdulbari Gözəl dövlətimizin başçısına “Xəyal Adası”nda görülən işlərlə bağlı ətraflı məlumat verdi.

Prezident İlham Əliyev SABIS Sun Beynəlxalq məktəb kompleksinin rəmzi açılışını bildirən lenti kəsdi.

Dövlətimizin başçısına məlumat verildi ki, məktəb kompleksində uşaq bağçası, SABIS Sun Beynəlxalq məktəbi və inzibati bina inşa olunub. İnzibati binanın foyesində ulu öndər Heydər Əliyevin təhsil sahəsinə göstərdiyi diqqəti əks etdirən fotolardan ibarət stend yaradılıb. Burada müəllim kollektivinin fəaliyyəti üçün ən yüksək şərait var. Məktəb kompleksinin növbəti mərhələləri üzrə də inşaat işləri uğurla davam etdirilir. Bu kompleks ən müasir tələblərə cavab verməklə təlim-tədris üçün bütün zəruri avadanlıqla təchiz ediləcək.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva kompleksin uşaq bağçasında yaradılan şəraitlə də maraqlandılar. Binanın foyesində ulu öndər Heydər Əliyevin müxtəlif illərdə uşaqlarla bağlı keçirilən tədbirlərdə iştirakını əks etdirən fotostend yaradılıb. Fotostenddə uşaqların həm fiziki, həm də mənəvi cəhətdən sağlam vətəndaş kimi formalaşması sahəsində Prezident İlham Əliyevin rəhbərliyi altında görülən işlər və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın gələcəyimiz olan körpələrə qayğısını əks etdirən fotolar da yer alıb.

Uşaq bağçasının bütün məşğələ otaqları müasir standartlar səviyyəsində qurulub. Burada uşaqların təlim-tərbiyəsi ilə beynəlxalq təcrübədən istifadə etməklə məşğul olmaq üçün hər cür şərait var. Bu cür uşaq müəssisələrinin yaradılması bir daha sübut edir ki, gələcəyimiz olan körpələrə diqqət və qayğı ən yüksək səviyyədədir. Bu gün dövlətimizin həyata keçirdiyi sosial-iqtisadi siyasətdə uşaqların təlim-tərbiyəsinin təşkili, onların sağlamlığının qorunması diqqət mərkəzində saxlanılır.

Uşaq bağçasında üzgüçülük hovuzu və zəruri avadanlıqla təchiz edilən idman zalı da var. Belə idman qurğularının yaradılması göstərir ki, uşaq bağçasında balacaların fiziki cəhətdən sağlam yetişməsi də diqqətdə saxlanılacaq. Yaradılan şərait uşaq bağçasında balacaların ilk yaşlarından intellektual, fiziki və əqli inkişafına, onların istedad və qabiliyyətlərinin üzə çıxarılmasına, sağlamlıqlarının qorunmasına, ünsiyyət qurmaq vərdişlərinə yiyələnməsinə imkan verəcək.

Sonra dövlətimizin başçısı və xanımı SABIS Sun Beynəlxalq məktəbində yaradılan şəraitlə tanış oldular. Bu təhsil ocağı bütün siniflər üzrə təlim-tərbiyə işinin müasir standartlar səviyyəsində qurulması baxımından hər cür şəraitə malikdir. Otaqların hamısı zəruri avadanlıq və dərs vəsaitləri ilə təchiz edilib. Dördmərtəbəli məktəbdə təhsil sahəsində keyfiyyəti ilə fərqlənən “SABIS” sistemi tətbiq olunur. Bu təhsil sistemi fəaliyyət göstərdiyi dövrdə təkmilləşdirilmiş əhatəli tədris proqramı ilə seçilir. Dünyanın 16 ölkəsində 60 məktəbi fəaliyyət göstərən “SABIS” sistemi üzrə 65 min şagird təhsil alır. Bütün bunlar bir daha göstərir ki, Azərbaycanda təhsil sahəsində əldə olunan inkişaf beynəlxalq təcrübəni də özündə ehtiva edir. Bu prinsip maddi-texniki bazanın möhkəmləndirilməsinə də geniş yer verir. Prezident İlham Əliyevin təhsilin inkişafına göstərdiyi diqqət, ölkəmizdə təhsillə bağlı qəbul edilən proqramlar bu sahənin yeni və keyfiyyətcə daha üstün mərhələyə qədəm qoymasına şərait yaradır.

Dövlətimizin başçısı təhsil kompleksinin müəllim və şagirdləri üçün nəzərdə tutulan xüsusi nəqliyyat vasitələrinə də baxdı.

“Xəyal Adasında” yaradılan yüksək şərait bir daha təsdiqləyir ki, bu cür mühüm layihələrin keyfiyyətlə və qısa müddətə reallaşdırılmasında əsas məqsəd ölkəmizin ümumi inkişafına təkan verən yeni infrastrukturun qurulmasıdır.

Sonra dövlətimizin başçısı və xanımı “Xəyal Adası”nın Qolf klubuna gəldilər. Binada idman avadanlığı mağazası var. Mağazada qolf oyunu zamanı istifadə olunan idman malları müştərilərə təqdim edilir.

Qolf klubu binasının interyeri müasirliyi ilə diqqəti cəlb edir. Binada qolf oyunçularının hazırlaşması, istirahət etməsi, komanda ilə birlikdə əylənməsi üçün bütün şərait yaradılıb. Sahəsi 5 min kvadratmetr olan Qolf klubunun yüksək zövqlə və keyfiyyətlə qurulması bir daha layihənin uğurunu nümayiş etdirir. Binada müasir səviyyədə yaradılan kafe və restoranlar qonaqların ixtiyarına veriləcək. Burada qonaqlara istər Avropa, istərsə də milli mətbəx nümunələrinin təamları təqdim ediləcək. Qolf klubunun binasındakı satış mərkəzi həm qolf, həm də layihə ilə maraqlanan müştərilərə xidmət edəcək.

Heydər Əliyev Beynəlxalq Aeroportuna gedən yolun üzərində yerləşən “Xəyal Adası”nın ərazisi 330 hektardır. Ərazi paytaxtın mərkəzindən 24 kilometr məsafədə yerləşir. Reallaşmasına 2013-cü ildən start verilən layihənin yüksək səviyyədə yerinə yetirilməsi və qısa zamanda tamamlanması üçün bütün qüvvələr səfərbər olunub.

“Xəyal Adası”nda “ASAN xidmət” mərkəzi də yaradılacaq. Ən yüksək ekoloji standartlara uyğun olaraq inşa edilən “Xəyal Adası”nda gələcəkdə müasir səhiyyə komplekslərinin yaradılması nəzərdə tutulub. Layihə çərçivəsində məktəb kompleksi, ticarət mərkəzləri, mehmanxana, beynəlxalq səviyyəli yarışların keçirilməsinə imkan verən Qolf Mərkəzi, göllər və peyzaj sahələri yaradılır. Burada 1 milyon kvadratmetrdən çox yaşıllıq sahəsi var. Ondan artıq süni göllə əhatə olunmuş ərazidə xüsusi ekosistem mövcuddur. Ən yüksək səviyyəli yaşayış standartlarını özündə birləşdirən “Xəyal Adası” layihəsinin həyata keçirilməsi ölkəmizdə beynəlxalq turizmin və qeyri-neft sektorunun inkişafına da mühüm töhfə verəcək.

Qolf klubunun binasında Prezident İlham Əliyev bu idman növündə oynamağa gələn xarici ölkələrin nümayəndələri ilə görüşdü. Qonaqlar Qolf klubunda yaradılan şəraitdən razılıqlarını bildirdilər. Qeyd edildi ki, dünyanın bir çox yerindən iş adamları, müxtəlif peşə sahibləri ailələri ilə birlikdə Bakıya gəlir, burada həm qolf oynayır, həm istirahət edir, həm də vaxtlarını səmərəli keçirirlər. Qonaqlar qeyd etdilər ki, ölkəmizdə yaradılan idman infrastrukturu müasirliyi ilə seçilir.

Daha sonra Prezident İlham Əliyev Qolf klubunun dünyanın müxtəlif ölkələrindən olan üzvləri ilə və Qolf Akademiyasında təhsil alanlarla görüşdü. Onlar da burada qolf oynamaq üçün hərtərəfli şəraitin yaradıldığını dedilər.

Dövlətimizin başçısı və qolf üzrə üç dəfə Major kubokun sahibi Kolin Montqomerie qolf meydançasının rəmzi açılışını bildirən lenti kəsdilər.

Kolin Montqomerie bildirdi ki, burada yaradılan qolf sahəsi müasir dünya standartlarına cavab verir. Peşəkar Qolf Assosiasiyasının standartlarına tam uyğun olan və beynəlxalq təcrübə nəzərə alınaraq yaradılan qolf sahəsində 18 çuxur var. Ərazisi 65 hektar olan qolf sahəsindəki şərait beynəlxalq səviyyəli yarışların təşkilinə imkan verir. Burada yaradılan Qolf Akademiyasında kiçik yaşlarından başlayaraq uşaqlara peşəkarlar tərəfindən qolf öyrədiləcək, müxtəlif treninqlər keçiriləcək. Qolf Akademiyası gələcəkdə ölkəmizin adını bütün dünyada ləyaqətlə təmsil edəcək idmançıların yetişdirilməsində mühüm rol oynayacaq.

Sonra Kolin Montqomerie Prezident İlham Əliyevə xatirə hədiyyəsi təqdim etdi.

Daha sonra xatirə şəkli çəkdirildi.

Prezident İlham Əliyev layihə çərçivəsində inşa edilən villada yaradılan şəraitlə də maraqlandı. Məlumat verildi ki, “Xəyal Adası”nda 2100 mənzil, fərqli ölçülərdə və konseptlərdə 300 villa inşa olunur. Onların hamısı müasir tələblərə cavab verir və yüksək keyfiyyətləri ilə seçilir. Buradakı villaların bir hissəsi artıq hazırdır, digərlərinin inşası davam edir. Yaşayış binalarında isə inşaat işləri gələn ilin ortalarında bitəcək. “Xəyal Adası” layihəsi burada yaşayacaq insanların bütün ehtiyaclarını ödəməyə hesablanıb. Yüksək standartlara cavab verən yaşayış, ticarət, əyləncə və idman sahələrindən ibarət “Xəyal Adası” şəhərciyi həm də ətraf ərazilərdə yaşayan insanlar üçün böyük məşğulluq mərkəzi olacaq.

Beləliklə, bu cür mühüm infrastruktur layihələrinin icrası Azərbaycan dövlətinin həyata keçirdiyi sosial siyasətin ardıcıl və məqsədyönlü olduğunu bir daha aydın nümayiş etdirir. Bu işlər sübut edir ki, bütün dünyada hökm sürən iqtisadi böhrana baxmayaraq, dövlətimizin həyata keçirdiyi siyasət nəticəsində nəzərdə tutulan bütün layihələr uğurla icra olunur.

Prezident İlham Əliyev tikinti işlərinin yüksək səviyyədə həyata keçirilməsi üçün müvafiq tapşırıq və tövsiyələrini verdi.( AZƏRTAC)



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-12-2024