Mobil versiya
Qalib Rəhimli: Torpaqdan başlayan ömür, tarixə çevrilən elmi irs -Fotolar
Tarix: 04-06-2026 | Saat: 11:01
Bölmə:Manşet / Özəl | çapa göndər

Qalib Rəhimli: Torpaqdan başlayan ömür, tarixə çevrilən elmi irs

Akademik Məmmədtağı Cəfərovun 90 illik yubileyi
böyük alimə və böyük ziyalıya ehtiramın təntənəsi kimi


Bəzən bir insanın ömrü bütöv bir xalqın yaddaşına çevrilir. Elə insanlar var ki, onların həyatı yalnız yaşadıqları illərin çərçivəsinə sığmır. Onlar qurduqları məktəblərdə, yetişdirdikləri insanlarda, yaratdıqları elmi irsdə və xidmət etdikləri Vətəndə yaşamağa davam edirlər. Belə şəxsiyyətlər haqqında danışarkən zaman anlayışı dəyişir. Təqvimdə ötən illər əhəmiyyətini itirir, yerini əməllərin ömrü tutur.

Azərbaycan aqrar elminin görkəmli nümayəndəsi, Əməkdar elm xadimi, akademik Məmmədtağı Cəfərov da məhz belə şəxsiyyətlərdən idi. Onun anadan olmasının 90 illiyinə həsr olunan Respublika elmi-praktik konfransının Azərbaycan Dövlət Aqrar Universitetində keçirilməsi sadəcə yubiley mərasimi deyildi. Bu tədbir elmə xidmətin, ziyalı məsuliyyətinin və Vətən sevgisinin təntənəsinə çevrilmişdi. Konfrans iştirakçılarının ilk olaraq akademikin məzarını ziyarət etməsi, onun əziz xatirəsi önündə baş əyməsi xüsusi rəmzi məna daşıyırdı. Çünki bu ziyarət bir insanın yoxluğunu deyil, onun mənəvi varlığının hələ də yaşadığını nümayiş etdirirdi. Sonra universitetdə təşkil edilən sərgidə nümayiş olunan şəkillər, sənədlər və xatirələr sanki ötən əsrin müxtəlif dövrlərinə açılan pəncərəyə çevrilmişdi. Hər kadrda elmə vurğunluq, hər sənəddə zəhmət, hər xatirədə isə insanlıq görünürdü.

Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanov yubiley tədbirində çıxış edərək vurğuladı ki, akademik Məmmədtağı Cəfərovun adı Azərbaycan aqrar elminin və aqrar təhsilinin inkişaf tarixindən ayrılmazdır. Onun çoxillik fəaliyyəti yalnız elmi nailiyyətlərlə deyil, həm də güclü elm və təhsil ənənələrinin formalaşdırılması ilə xarakterizə olunur. Rektor qeyd etdi ki, Məmmədtağı müəllim öz zəngin biliyi, təşkilatçılıq qabiliyyəti və uzaqgörən baxışları ilə Azərbaycan Dövlət Aqrar Universitetinin inkişafında silinməz iz qoymuş şəxsiyyətlərdən biridir.

Akademikin rəhbərlik etdiyi dövrlərdə universitetdə tədrisin keyfiyyətinin yüksəldilməsi, elmi-tədqiqat fəaliyyətinin genişləndirilməsi, maddi-texniki bazanın möhkəmləndirilməsi və yüksəkixtisaslı kadr hazırlığının təkmilləşdirilməsi istiqamətində mühüm işlər həyata keçirilib. Həmin dövrdə formalaşan elmi mühit və yaradılan möhkəm təməl sonrakı illərdə universitetin inkişafının əsas dayaqlarından birinə çevrilib. Rektor xüsusilə vurğuladı ki, bu gün ADAU-da həyata keçirilən müasir elmi layihələr, beynəlxalq əməkdaşlıq proqramları, rəqəmsal texnologiyaların tətbiqi, innovativ təşəbbüslər və aqrar sahədə aparılan tədqiqatlar məhz Məmmədtağı Cəfərov kimi böyük alimlərin yaratdığı elmi məktəblərin və formalaşdırdığı ənənələrin üzərində yüksəlir. Universitetin müasir inkişaf strategiyasında da həmin irsin yaşadılması, elmlə təhsilin və istehsalatın inteqrasiyasının gücləndirilməsi əsas prioritetlərdən biri kimi müəyyən olunub.

Zəfər Qurbanov qeyd etdi ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə kənd təsərrüfatının inkişafı, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi, aqrar sahədə innovasiyaların tətbiqi və yüksəkixtisaslı kadr hazırlığının gücləndirilməsi istiqamətində qarşıya qoyulan vəzifələr aqrar təhsil müəssisələrinin məsuliyyətini daha da artırır. Bu baxımdan akademik Məmmədtağı Cəfərovun elmi irsi, onun elmə və təhsilə yanaşması bu gün də universitet üçün mühüm yol göstəricisi olaraq qalır.

Məmmədtağı Cəfərovun həyat yolu Qərbi Azərbaycanın qədim yurd yerlərindən başlayır. 1936-cı ildə Amasiya rayonunun Oxçuoğlu kəndində dünyaya göz açan gələcək akademikin uşaqlıq illəri torpaqla, zəhmətlə və kənd həyatının sadə həqiqətləri ilə yoğrulmuşdu. Hələ o zamanlar torpaq onun üçün sadəcə əkin sahəsi deyildi. O, torpaqda həyatın nəfəsini, insan əməyinin müqəddəsliyini və gələcəyin təminatını görürdü. Bəlkə də buna görə sonralar bütün elmi fəaliyyətini torpağın sirrlərini öyrənməyə həsr etdi. Torpaqşünaslıq və aqrokimya sahəsində apardığı fundamental tədqiqatlar Azərbaycan aqrar elminin inkişafında yeni mərhələ yaratdı. Torpaq münbitliyinin artırılması, fosfor birləşmələrinin transformasiyası, gübrələmə sistemlərinin elmi əsaslarının işlənməsi, eroziya ilə mübarizə və torpaq ehtiyatlarının qorunması istiqamətində əldə etdiyi nəticələr bu gün də öz aktuallığını saxlayır. Əslində Məmmədtağı müəllim torpağa alim gözü ilə yanaşmaqla yanaşı, ona vətəndaş məsuliyyəti ilə də baxırdı. O anlayırdı ki, torpaq yalnız təbii sərvət deyil, milli təhlükəsizliyin, iqtisadi müstəqilliyin və gələcək nəsillərin rifahının əsas təminatlarından biridir. Bu gün ərzaq təhlükəsizliyi məsələlərinin dünyanın əsas çağırışlarından birinə çevrildiyi dövrdə onun elmi baxışları daha böyük dəyər qazanır. Lakin böyük alimləri fərqləndirən yalnız yazdıqları əsərlər olmur. Onların ən böyük əsəri yetişdirdikləri insanlardır.
Akademik Məmmədtağı Cəfərov da özündən sonra yüzlərlə mütəxəssis, alim və tədqiqatçı yetişdirən elm fədailərindən idi. Auditoriyaya daxil olanda sadəcə mühazirə oxuyan müəllim kimi deyil, düşünməyi öyrədən ziyalı kimi qarşılanırdı. O, tələbələrinə bilik verməklə kifayətlənmirdi. Onlara elmə sevgi, peşəyə məsuliyyət və Vətənə bağlılıq hissi aşılayırdı. Bu səbəbdən də yubiley tədbirində çıxış edən akademik İradə Hüseynovanın, akademik Fuad Əliyevin, akademik Adil Qəribovun, professor Hasil Fətəliyevin, professor İbrahim Cəfərovun və digər elm xadimlərinin, Milli Məclisin deputatları Müşfiq Cəfərovun, Naqif Həmzəyevin çıxışlarında bir fikir xüsusi vurğulanırdı: Məmmədtağı Cəfərov təkcə alim deyil, bütöv bir elmi məktəb idi. Onun həyatının mühüm bir hissəsi Azərbaycan Dövlət Aqrar Universiteti ilə bağlı olmuşdur. Universitetin rektoru kimi fəaliyyət göstərdiyi illər bu ali təhsil müəssisəsinin inkişaf tarixində xüsusi mərhələ təşkil edir. Yeni tədris korpuslarının inşası, maddi-texniki bazanın gücləndirilməsi, laboratoriyaların yaradılması, müasir təhsil mühitinin formalaşdırılması və tələbələrin daha keyfiyyətli təhsil alması üçün görülən işlər bu gün də minnətdarlıq hissi ilə xatırlanır.

Məmmədtağı müəllim üçün universitet sadəcə iş yeri deyildi. O, bu ali təhsil ocağını gələcəyin alimlərinin, mütəxəssislərinin və vətənpərvər gənclərinin yetişdiyi böyük elm məbədi hesab edirdi. Onun şəxsiyyətini xarakterizə edən əsas xüsusiyyətlərdən biri də yüksək mənəvi keyfiyyətləri idi. Sadəliyi, səmimiyyəti, insanlara diqqəti və prinsipiallığı onu yalnız elmi mühitdə deyil, cəmiyyətdə də böyük nüfuz sahibi etmişdi. Yubiley tədbirində çıxış edən akademik Abel Məhərrəmovun xatirələri də bir daha göstərdi ki, Məmmədtağı Cəfərov hər şeydən əvvəl böyük insan idi. Onun həyat yolu elm və təhsil ilə yanaşı, dövlətçilik tariximizlə də sıx bağlıdır. Azərbaycanın mürəkkəb ictimai-siyasi mərhələlərdən keçdiyi dövrlərdə Məmmədtağı Cəfərov ziyalı məsuliyyətini dərindən hiss edən insanlardan biri olmuşdur. Yeni Azərbaycan Partiyasının yaradılması prosesində fəal iştirakı, partiyanın Gəncə şəhər təşkilatının ilk sədri kimi fəaliyyəti onun dövlətə və dövlətçiliyə sədaqətinin təzahürü idi. O yaxşı bilirdi ki, müstəqil dövlətin gələcəyi yalnız siyasi institutlarla deyil, elm, təhsil və milli intellektual potensialla müəyyən olunur. Buna görə də həm alim, həm də ictimai xadim kimi fəaliyyətində daim Azərbaycanın inkişafına xidmət etməyə çalışırdı.

Yubiley mərasimində ən duyğulu məqamlardan biri isə akademikin həyat yoldaşı Şəlalə Cəfərovanın çıxışı oldu. O, ailəsi adından göstərilən yüksək ehtirama görə tədbirin təşkilatçılarına, alimlərə, ziyalılara və iştirakçılara dərin minnətdarlığını bildirdi. Şəlalə xanım qeyd etdi ki, Məmmədtağı müəllimin ömrünü həsr etdiyi elmə və təhsilə bu cür dəyər verilməsi onun xatirəsinə göstərilən ən böyük ehtiramdır. Onun səmimi və kövrək çıxışı tədbir iştirakçıları tərəfindən xüsusi həssaslıqla qarşılandı. Şəlalə xanım vurğuladı ki, Məmmədtağı Cəfərovun ən böyük arzusu Azərbaycanın inkişafı, aqrar elmin yüksəlişi və gənclərin savadlı mütəxəssis kimi yetişməsi idi. Bu gün həmin arzuların həyata keçdiyini görmək ailəsi üçün böyük mənəvi təsəlli və qürur mənbəyidir. Onun ifadə etdiyi minnətdarlıq hissi əslində bir ailənin deyil, böyük alimin xatirəsini yaşadan bütün insanların duyğularının ifadəsi kimi səsləndi.

Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda elmə, təhsilə və insan kapitalının inkişafına göstərilən diqqət və qayğı böyük alimlərin ideyalarının yaşadığını göstərir. Məhz belə bir dövrdə akademik Məmmədtağı Cəfərovun 90 illik yubileyinin qeyd olunması xüsusi məna daşıyır. Bu yubiley keçmişə baxış deyil, gələcəyə ünvanlanan çağırışdır. Elmə hörmət etməyin, ziyalı irsini yaşatmağın və milli dəyərləri qorumağın vacibliyini xatırladan mühüm hadisədir. Çünki böyük insanlar dünyadan köçəndə belə getmirlər. Onlar öz ömürlərini xalqa bağlayaraq əbədiyyət qazanırlar. Akademik Məmmədtağı Cəfərovun ömrü də belə ömürlərdəndir. Torpaqdan başlayan bu yol Azərbaycan elminin zirvələrinə yüksəldi, minlərlə insanın taleyinə işıq saldı və bütöv bir məktəbin təməl daşına çevrildi. Bu gün onun 90 illiyini qeyd edən Azərbaycan elmi əslində bir alimin yubileyini deyil, elmə sədaqətin, ziyalılığın, dövlətçilik düşüncəsinin və Vətənə xidmət fəlsəfəsinin yubileyini qeyd edir. Çünki Məmmədtağı Cəfərovun adı artıq yalnız bir insanın adı deyil. O, Azərbaycan aqrar elminin tarixində yaşayan bir məktəb, bir irs və bir örnəkdir.

Qalib Rəhimli




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
04-06-2026