Mobil versiya
Azərbaycanda keçirilən mötəbər tədbirlər ölkəmizə olan inam və etibarın bariz nümunəsidir
Tarix: 02-06-2026 | Saat: 15:44
Bölmə:Özəl | çapa göndər

Azərbaycanda keçirilən mötəbər tədbirlər ölkəmizə olan inam və etibarın bariz nümunəsidir

Müasir dünyada dövlətlərin beynəlxalq nüfuzu yalnız onların iqtisadi və hərbi potensialı ilə deyil, həm də qlobal proseslərdə iştirak səviyyəsi, beynəlxalq əməkdaşlığa verdiyi töhfələr və mötəbər tədbirlərə uğurlu ev sahibliyi etmək bacarığı ilə ölçülür. Son illər Azərbaycan məhz bu istiqamətdə mühüm nailiyyətlər əldə edərək beynəlxalq tədbirlərin keçirildiyi etibarlı platformalardan birinə çevrilmişdir. Bu gün paytaxt Bakı artıq yalnız regionun deyil, bütövlükdə Avrasiya məkanının mühüm siyasi, iqtisadi, humanitar və enerji mərkəzlərindən biri kimi tanınır. Ölkəmizdə keçirilən beynəlxalq forumlar, konfranslar, sərgilər, zirvə görüşləri və strateji platformalar Azərbaycana olan yüksək etimadın, siyasi sabitliyin və dövlətimizin beynəlxalq nüfuzunun parlaq göstəricisidir.
İyunun 1-də Bakıda keçirilən növbəti mötəbər tədbir – “Baku Energy Week” çərçivəsində təşkil olunan 31-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas”, 14-cü Xəzər Beynəlxalq Təmiz Enerji Sərgisi “Caspian Power” və 31-ci “Baku Energy Forum” Azərbaycanın beynəlxalq enerji siyasətində tutduğu strateji mövqeni bir daha nümayiş etdirmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və çoxsaylı xarici qonaqların iştirakı ilə keçirilən tədbirlər ölkəmizin qlobal enerji təhlükəsizliyində oynadığı rolun beynəlxalq miqyasda yüksək qiymətləndirildiyini göstərmişdir.
Əsası müstəqil Azərbaycanın ilk beynəlxalq enerji sərgilərindən biri olan “Caspian Oil and Gas” layihəsi ilə qoyulan Bakı Enerji Həftəsi zaman keçdikcə qlobal enerji gündəliyinin formalaşdırıldığı nüfuzlu platformaya çevrilmişdir. Bu mühüm təşəbbüsün ideya müəllifi olan Heydər Əliyev hələ müstəqilliyin ilk illərində enerji siyasətini ölkənin iqtisadi inkişafının əsas sütunlarından biri kimi müəyyən etmişdir. Məhz onun uzaqgörən siyasəti nəticəsində Azərbaycanın enerji ehtiyatları milli inkişaf strategiyasının əsas dayaqlarından birinə çevrilmiş, ölkəmiz beynəlxalq enerji xəritəsində mühüm mövqe qazanmışdır.
Bu siyasətin davamı olaraq Prezident İlham Əliyev tərəfindən həyata keçirilən enerji strategiyası Azərbaycanın beynəlxalq enerji bazarlarında mövqeyini daha da gücləndirmiş, ölkəmizi enerji təhlükəsizliyinin təmin edilməsində etibarlı tərəfdaş kimi tanıtmışdır. Bu gün Bakı Enerji Həftəsinin dünyanın ən nüfuzlu enerji tədbirlərindən biri kimi tanınması təsadüfi deyil. Tədbirdə 44 ölkədən yüzlərlə şirkətin iştirakı Azərbaycana olan beynəlxalq etimadın, əməkdaşlıq marağının və investisiya mühitinə yüksək inamın konkret göstəricisidir.
Bakı Enerji Həftəsində Almaniya, ABŞ, Böyük Britaniya, Türkiyə, Çin, İtaliya, Fransa, Rumıniya, Macarıstan, Qazaxıstan, Gürcüstan və digər ölkələrin təmsil olunması Azərbaycanın enerji diplomatiyasının geniş coğrafiyasını nümayiş etdirir. Xüsusilə Almaniya və Rusiyanın milli pavilyonlarla təmsil olunması tədbirin qlobal statusunu daha da artırır. Bu iştirak həm də onu göstərir ki, Azərbaycan müxtəlif siyasi və iqtisadi mərkəzlərlə qarşılıqlı faydalı əməkdaşlıq modeli qurmağa nail olmuşdur.
Sərgidə iştirak edən şirkətlərin əhəmiyyətli hissəsinin xarici müəssisələrdən ibarət olması ölkəmizin iqtisadi sabitliyinə və investisiya mühitinə olan inamın göstəricisidir. Bununla yanaşı, yerli şirkətlərin fəal iştirakı Azərbaycanın enerji sənayesində milli biznes imkanlarının inkişaf etdiyini və ölkədə formalaşmış peşəkar iqtisadi ekosistemin gücləndiyini nümayiş etdirir. Yeni şirkətlərin sərgidə geniş təmsil olunması isə Azərbaycanın enerji bazarının gələcək inkişaf perspektivlərinə olan marağın artdığını göstərir.
31-ci “Baku Energy Forum”un açılış mərasimində çıxış edən Prezident İlham Əliyev Azərbaycanın enerji siyasətinin fəlsəfəsini və gələcək inkişaf istiqamətlərini aydın şəkildə ifadə etmişdir. Dövlət başçısı qeyd etmişdir ki, Xəzər Neft və Qaz Sərgisi müasir Azərbaycanın enerji inkişafının təməlini qoymuşdur və zaman keçdikcə daha böyük beynəlxalq platformaya çevrilmişdir. Bu yanaşma bir daha təsdiqləyir ki, Azərbaycan enerji sektoruna yalnız iqtisadi gəlir mənbəyi kimi deyil, həm də geosiyasi təsir və beynəlxalq əməkdaşlıq vasitəsi kimi yanaşır.
Prezident İlham Əliyevin çıxışında enerji təhlükəsizliyi ilə ekoloji məsuliyyət arasında balansın qorunması məsələsi xüsusi yer tutmuşdur. Dövlət başçısı vurğulamışdır ki, dünya bu gün qazıntı yanacağı olmadan yaşaya bilməz. Eyni zamanda iqlim dəyişiklikləri ilə mübarizə, daha sağlam ekoloji mühitin formalaşdırılması və yaşıl enerji mənbələrinə keçid də strateji zərurətdir. Prezidentin bu fikirləri Azərbaycanın praqmatik və balanslaşdırılmış enerji siyasətini aydın şəkildə göstərir. Azərbaycan bir tərəfdən neft və qaz ehtiyatları ilə enerji təhlükəsizliyinə töhfə verir, digər tərəfdən isə bərpaolunan enerji mənbələrinin inkişafını prioritet istiqamət kimi müəyyən edir.
Bu gün Azərbaycanın iqtisadi göstəricilərinin müsbət dinamikası da məhz düzgün siyasi və iqtisadi kursun nəticəsidir. Xarici borcun azaldılması, yoxsulluq səviyyəsinin minimum həddə endirilməsi, işsizliyin azalması və beynəlxalq kredit reytinqlərinin yüksəlməsi ölkədə həyata keçirilən inkişaf modelinin uğurunu təsdiq edir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan artıq investisiya səviyyəli reytinqə malik dövlət kimi beynəlxalq iqtisadi sistemdə daha güclü mövqelər qazanmışdır.
Azərbaycanın enerji siyasətinin mühüm istiqamətlərindən biri də beynəlxalq enerji bağlantılarının genişləndirilməsidir. Xüsusilə Qara dəniz enerji kabeli layihəsi Azərbaycanın enerji resurslarının Avropa bazarlarına daha geniş çıxışını təmin etməyə xidmət edir. Azərbaycan–Gürcüstan–Rumıniya–Macarıstan xətti boyunca enerji ötürülməsi Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolunu daha da artıracaq. Bununla yanaşı, Azərbaycan–Gürcüstan–Türkiyə–Bolqarıstan quru elektrik kabeli layihəsi regional enerji əməkdaşlığının yeni mərhələsinə keçid deməkdir.
Ölkəmizin nəqliyyat-logistika siyasəti də enerji strategiyasını tamamlayan mühüm istiqamət kimi diqqət çəkir. Dəmir yolu və avtomobil yollarına qoyulan investisiyalar regionda yeni iqtisadi əlaqələrin yaranmasına xidmət edir. Şərq–Qərb nəqliyyat dəhlizinin fəaliyyəti Azərbaycanın tranzit imkanlarını artırmış, ölkəmizi Avrasiyanın mühüm logistika mərkəzinə çevirmişdir.
Bu gün Bakı Enerji Həftəsi artıq yalnız ənənəvi enerji sərgisi deyil. Tədbir enerji keçidi, yaşıl texnologiyalar, rəqəmsallaşma, logistika, sənaye innovasiyaları və süni intellekt həllərini bir araya gətirən beynəlxalq biznes platforması funksiyasını yerinə yetirir. Bu isə Azərbaycanın yalnız neft-qaz ölkəsi deyil, həm də innovasiya, texnologiya və dayanıqlı inkişaf sahələrində regional liderə çevrilmək niyyətini ortaya qoyur.
Bütün bunlar bir daha göstərir ki, Azərbaycanda keçirilən mötəbər beynəlxalq tədbirlər ölkəmizə olan etimadın, siyasi sabitliyin, iqtisadi inkişafın və düzgün dövlət idarəçiliyinin real nəticəsidir. Bu gün dünya Azərbaycanın sözünə güvənən, əməkdaşlığına maraq göstərən və onun təşəbbüslərinə hörmətlə yanaşan tərəfdaş kimi çıxış edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu daxili və xarici siyasət nəticəsində Azərbaycan beynəlxalq münasibətlər sistemində nüfuzunu daha da artıraraq qlobal əməkdaşlıq məkanında etibarlı və strateji tərəfdaş statusunu möhkəmləndirməkdə davam edir.

Bayram Xudayarov
Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun əməkdaşı,
"Heydər Əliyev məktəbinin davamçıları" Feysbuk qrupunun təsisçisi və rəhbəri,
YAP-ın fəal üzvü.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
02-06-2026