Mobil versiya
Milli Məclisin deputatı İmamverdi İsmayılovun “Bayquş və qarovulçu” kitabının təqdimatı keçirilib -Fotolar
Tarix: 06-10-2025 | Saat: 18:44
Bölmə:Manşet / Ölkə | çapa göndər

Milli Məclisin deputatı İmamverdi İsmayılovun “Bayquş və qarovulçu” kitabının təqdimatı keçirilib

XI Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Milli Məclisin deputatı İmamverdi İsmayılovun “Bayquş və qarovulçu” kitabının təqdimat mərasimi keçirilib.

Tədbirdə çıxış edən Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov əsər barədə fikirlərini bölüşüb.

Kitabın bəşəri mövzulara toxunduğunu vurğulayan deputat deyib: “Əsər dünyada baş verən haqsızlıqlardan, müharibələrdən və insan faciələrindən bəhs edir. Təəssüf ki, biz mifologiyada çox şeyi bayquşun üzərinə atırıq, amma əslində pislikləri törədən elə insanların özüdür. Bu əsəri oxuyarkən müəllifin süjet xəttini çox ustalıqla qoruduğunu görmək olur”.

Akademik Nizami Cəfərov diqqətə çatdırıb ki, müəllif bu əsəri ilə cəmiyyətin mühüm mənəvi problemlərini qaldırıb. “İnsanlar dünyanın hər yerində daha yaxşı həyat şəraiti üçün mübarizə aparırlar, lakin əsas məsələ mənəviyyatın qorunmasıdır. Bu əsərdən hər kəs fərqli nəticə çıxarır, bu isə yazıçının çoxsəsliliyindən irəli gəlir. O, həm yazıçı, həm də sosioloq kimi müşahidə və təhlil qabiliyyətinə malikdir”,- deyə N.Cəfərov əlavə edib.

Akademik İsa Həbibbəyli qeyd edib ki, “Bayquş və qarovulçu” Azərbaycan ədəbiyyatında fərqli hadisədir. Müəllifin publisistika və bədii yaradıcılıqda özünəməxsus üsluba malik olduğunu vurğulayan akademik deyib: “Bu əsərdə ilk dəfə bayquş obrazı müsbət simvol kimi təqdim olunub. Əsərdə obrazların adının olmaması da təsadüfi deyil. Bu, hekayədə təsvir olunan məsələlərin yalnız bir xalqa deyil, bütün bəşəriyyətə aid olduğunu göstərir. Əsər bədii baxımdan mükəmməl qurulub və müəllifin aforizm yaradıcılığını daha da zənginləşdirib”.

Professor Cahangir Məmmədli müəllifin tələbəlik illərindən ədəbiyyata bağlı olduğunu qeyd edib. O bildirib ki, İmamverdi İsmayılovun ilk hekayəsi hələ ikinci kursda oxuyarkən “Ulduz” jurnalında dərc olunub.

Sonda müəllif İmamverdi İsmayılov “Bayquş və qarovulçu” kitabını oxucular üçün imzalayıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
06-10-2025