Mobil versiya
YAP-ın yaranması ilə 1992-ci ildə hələ çox zəif olan Azərbaycan üçün real inkişaf perspektivləri açıldı
Tarix: 21-11-2024 | Saat: 16:38
Bölmə:Ölkə | çapa göndər

YAP-ın yaranması ilə 1992-ci ildə hələ çox zəif olan Azərbaycan üçün real inkişaf perspektivləri açıldı

1990-cı ilin əvvəllərində Azərbaycanda bir sıra siyasi təşkilat və partiyalar yaranmışdı. Lakin bu partiyaların heç biri ölkəni düşdüyü ağır iqtisadi, siyasi, mənəvi böhrandan nəinki qurtara bilmədi. Əksinə, bu qüvvələr ölkədəki siyasi-ictimai vəziyyəti daha da ağırlaşdıraraq təhlükəli böhran həddinə çatdırdılar. Məhz belə bir ağır və təhlükəli dövrdə Azərbaycan ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə Yeni Azərbaycan Partiyası yaranmışdır. Yeni Azərbaycan Partiyasının yaranması 1988-ci ildən başlayaraq ölkəmizdə cərəyan edən hadisələrin yekunu və mövcud olan ictimai-siyasi şəraitin məntiqi nəticəsi idi. Xalqın, dövlətin taleyini düşünən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər. Təbii ki, sadəcə yeni siyasi partiyanın yaradılması ilə problemlər həll olunmayacaqdı. Bu partiyanın həqiqətən də ölkəni düşdüyü böhrandan çıxara bilməsi üçün onun rəhbərliyində güclü şəxsiyyət, xalqın güvəndiyi lider durmalı idi. Məhz buna görə də yeni siyasi partiyanın yaradılması təşəbbüsü ilə çıxış edən insanlar xalqın sınanmış lideri və müdrik oğlu Heydər Əliyevin şəxsiyyəti ətrafında birləşdilər. 91 nəfər Azərbaycan ziyalısının imzası ilə Naxçıvana, Ulu Öndər Heydər Əliyevə müraciət göndərildi. Azərbaycanın görkəmli ziyalıları, tanınmış insanları və nüfuzlu şəxsiyyətlərinin imzaladıqları bu müraciətdə Ulu Öndər Heydər Əliyevdən yeni yaradılacaq siyasi partiyaya rəhbərlik etmək xahiş olunurdu. Həmin müraciətə Azərbaycan xalqının Ümummilli Lideri belə cavab vermişdir: “Güman edirəm ki, müstəqil Azərbaycan dövlətinin gələcək həyatının və fəaliyyətinin əsasını təşkil edən demokratiya və siyasi plüralizm şəraitində Sizin müraciətinizdə göstərilən Yeni Azərbaycan Partiyasının yaradılması obyektiv zərurətdən doğur. Belə partiya Azərbaycanın siyasi-ictimai həyatında fəal iştirak edərək yeni, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər.”
1992-ci il noyabrın 21-də Ulu Öndərimizin sədrliyi ilə Azərbaycanın bütün regionlarından seçilmiş nümayəndələrin təmsil olunduğu konfrans keçirildi. 550 nəfərdən ibarət təşəbbüs qrupu Naxçıvana gedərək partiyanın təsis konfransını orada keçirməyə nail oldular. Təsis konfransı Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar, partiyanın Proqram və Nizamnaməsini qəbul etdi. Konfransda Heydər Əliyev yekdilliklə partiyanın Sədri seçildi. Habelə, partiyanın Siyasi Şurası, İdarə Heyəti və sədrin müavinləri seçildi. Beləliklə, müstəqil Azərbaycanın tarixində öz üzərinə böyük tarixi missiya götürən Yeni Azərbaycan Partiyası yarandı. Beləliklə, 1992-ci ilin noyabr ayında gənc və hələ çox zəif Azərbaycan üçün real inkişaf perspektivləri yaranmış oldu.
Ölkə Prezidenti cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VII qurultayında etdiyi çıxışında dediyi kimi, faktiki olaraq məhz 1992-ci ilin noyabr ayı gənc ölkəmizin həyatında yeni bir mərhələyə yol açdı. Ondan sonra heç bir il keçməmiş – 1993-cü ilin oktyabr ayında Ulu Öndər Heydər Əliyev xalqın mütləq əksəriyyətinin dəstəyi ilə Prezident vəzifəsinə seçildi və ölkəmizin böhrandan çıxma prosesi də məhz həmin tarixdən başladı.
Qeyd etmək lazımdır ki, Yeni Azərbaycan Partiyasının 5 mart 2021-ci il tarixində keçirilmiş VII qurultayı ölkəmizin ictimai-siyasi həyatında önəmli hadisə olmuşdur. Qurultayda qəbul edilmiş qərar əsasında Yeni Azərbaycan Partiyasının yeni Nizamnaməsi, 40 nəfər tərkibdə İdarə Heyəti, 13 nəfərdən ibarət Təftiş Komissiyası və yeni qurum olaraq YAP-ın Veteranlar Şurasının 35 nəfərlik tərkibi təsdiq edilmişdir. VII qurultayda qəbul olunmuş qərarlar hakim partiyanın “iqtidar-xalq” modelinin real işə düşdüyünü, milli həmrəyliyin yeni inkişaf mərhələsinin başlandığını nümayiş etdirdi. Prezident seçkilərindən sonra ərazi bütövlüyümüzün bərpası birinci dərəcəli vəzifə kimi qarşıya məqsəd qoyuldu və bu vəzifə uğurla icra olundu. Prezident seçkilərindən sonra ölkə başçısının bəyan etdiyi proqram ardıcıllıqla icra edilir. Verdiyi vədlərə sadiq qalmış Azərbaycan iqtidarı bütün islahatları bu gün də ardıclıqla icra edir.

Kamran Qasımov,
YAP Tovuz rayon təşkilatının məsul əməkdaşı.




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-12-2024