Mobil versiya
Zaur Şükürov Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının (ASEAN) Parlamentlərarası Assambleyasının (AİPA) Baş Assambleyasının 45-ci sessiyasında iştirak edib
Tarix: 21-10-2024 | Saat: 15:34
Bölmə:Gündəm | çapa göndər

Zaur Şükürov Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının (ASEAN)  Parlamentlərarası Assambleyasının (AİPA) Baş Assambleyasının 45-ci sessiyasında iştirak edib

Milli Məclisin deputatı, Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının (ASEAN) Parlamentlərarası Assambleyasında (AİPA) Azərbaycan nümayəndə heyətinin rəhbəri Zaur Şükürov qurumun Baş Assambleyasının 45-ci sessiyasında iştirak etmək məqsədilə 18-20 oktyabr tarixlərində Laos Xalq Demokratik Respublikasının paytaxtı Vyentyan şəhərində səfərdə olub.
Səfər çərçivəsində nümayəndə heyətinin rəhbəri Baş Assambleyanın 45-ci sessiyasında çıxış edib, həmçinin 3-cü AİPA-Azərbaycan dialoquna qatılıb. Deputat, AİPA-nın Baş Katibi, Laos Xalq Demokratik Respublikasının Milli Assambleyasının Hüquq komitəsinin sədri və Kamboca parlamentinin Beynəlxalq əlaqələr komitəsinin sədri ilə ikitərəfli görüşlər keçirib. Bununla yanaşı, qardaş Türkiyənin, Vyetnamın, Filippinin, Malayziyanın, Tailandın və Sinqapurun nümayəndə heyətlərinin rəhbərləri ilə səmərəli fikir mübadiləsi aparılıb.
Baş Assambleyanın sessiyasında çıxışında, habelə AİPA-Azərbaycan dialoqu zamanı deputat Azərbaycanla ASEAN və AİPA arasında, həmçinin təşkilata üzv dövlətlərlə ikitərəfli formatda əməkdaşlığın inkişaf perspektivləri və bu prosesdə parlamentarilərin rolundan danışıb. Ölkəmizin etibarli tərəfdaş kimi beynəlxalq miqyasda nüfuzunun get-gedə daha da artığını deyən millət vəkili, Azərbaycanın Qoşulmama Hərəkatına uğurlu sədrliyi dövründə həyata keçirilən qlobal əhəmiyyətli təşəbbüslərin, dünya dövlətlərinin yekdil qərarı ilə cari ilin noyabr ayında BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) Bakı şəhərinin ev sahibliyi etməsinin bunun sübutu olduğunu qeyd edib.
Sessiyada çıxış edən Ermənistan parlamentinin nümayəndə heyətinin rəhbəri öz ölkəsini sülhün tərəfdarı və təşəbbüskarı kimi təqdim etməyə çalışıb. Lakin Azərbaycan nümayəndə heyətinin rəhbəri çıxışı zamanı, həmçinin AIPA-Azərbaycan dialoqu əsnasında erməni tərəfinin həqiqətdən uzaq fikirlərini ifşa edib. Belə ki, torpaqlarımız erməni işğalından azad olunduqdan sonra məhz Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qarşılıqlı şəkildə bir-birinin ərazi bütövlüyü və suverenliyinin tanınmasını ehtiva edən 5 prinsip əsasında Ermənistan ilə sülh müqaviləsinin hazırlanması təşəbbüsü ilə çıxış etdiyi, buna baxmayaraq, Ermənistanın sülh prosesinə süni şəkildə əngəl törətdiyi, onun Konstitusiyasında hələ də ölkəmizə qarşı ərazi iddiasının saxlanıldığı, bu ölkənin regionda həqiqətən də davamlı və etibarlı sülhdə maraqlıdırsa, məhz Konstitusiyasında zəruri dəyişiklik etməli olduğu vurğulanıb.
AİPA-Azərbaycan dialoqu, habelə ikitərəfli təmaslar zamanı görüş iştirakçıları Ermənistanın mina terrorunun nəticələrinin aradan qaldırılması məqsədilə mina problemindən zərər çəkmiş ASEAN dövlətləri ilə təcrübə mübadiləsi, işğaldan azad olunmuş ərazilərdə irimiqyaslı yenidənqurma və bərpa işləri və Böyük Qayıdış proqramı, həmçinin Ermənistandan didərgin salınmış həmvətənlərimizin öz tarixi dədə-baba yurdlarına geri qayıdış hüququnun gerçəkləşdirilməsi ilə əlaqədar atılan addımlarla bağlı məlumatlandırılıblar.
Bununla yanaşı, ölkəmizdə keçiriləcək qlobal əhəmiyyətli COP-29 tədbirinə hazırlıq prosesi barədə də görüş iştirakçılarına məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb.







Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
21-10-2024