Mobil versiya
Azərbaycan, həmçinin Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafında mühüm rol oynayır
Tarix: 08-07-2024 | Saat: 16:18
Bölmə:Özəl | çapa göndər

Azərbaycan, həmçinin Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafında mühüm rol oynayır

Ölkəmizin yürütdüyü çevik siyasətlə bu qurumun üzv ölkələri ilə ikitərəfli səviyyədə də yaxşı münasibətlər qurulub və həmin əlaqələr ildən-ilə genişlənir. Azərbaycan sağlam və səmimi dayaqlar üzərində qurduğu əməkdaşlığın inkişafı zəminində mötəbər təşkilatda müşahidəçi statusu almaq niyyətindədir. Ölkəmizə müşahidəçi statusunun verilməsi Şanxay Əməkdaşlıq Təşkilatı üçün də böyük fəxr və xeyirli tərəfdaş qazancı sayıla bilər. Azərbaycan-ŞƏT əlaqələri kontekstində siyasi, iqtisadi, xüsusilə nəqliyyat, kommunikasiya, enerji və digər sahələrdə əməkdaşlığın möhkəmlənməsi zamanın diktəsindən irəli gələn ehtiyacdır.

Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzrə qarşılıqlı fəaliyyət Azərbaycan ilə ŞƏT-ə üzv dövlətlər arasında əməkdaşlığın vacib sahəsini təşkil edir. İyulun 4-də "ŞƏT plyus" formatında keçirilən görüşdə ikinci dəfədir ki, ŞƏT-in Zirvə toplantısına dəvət olunduğunu Azərbaycanla üzv dövlətlər arasında inkişaf edən tərəfdaşlığın göstəricisi kimi dəyərləndirən Prezident İlham Əliyev bildirdi: "Şərq-Qərb və "Şimal-Cənub" nəqliyyat dəhlizləri üzrə qarşılıqlı fəaliyyət Azərbaycan ilə ŞƏT-ə üzv dövlətlər arasında əməkdaşlığın vacib sahəsini təşkil edir. Coğrafi mövqeyi və nəqliyyat infrastrukturuna qoyulmuş böyük sərmayələr Azərbaycana Avrasiyanın nəqliyyat-logistika qovşaqlarından birinə çevrilmək imkanı verib.Orta Dəhlizin tərkib hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolunun illik ötürücülük qabiliyyəti Azərbaycanın sərmayələri hesabına 1 milyon tondan 5 milyon tona qədər artıb. Azərbaycan, həmçinin Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafında mühüm rol oynayır. Şimal-Cənub dəhlizinin Azərbaycan seqmentinin dəmir yolu və avtomobil infrastrukturu hazırdır və uğurla fəaliyyət göstərir.2023-cü ilin sentyabrında Azərbaycan beynəlxalq səviyyədə tanınmış əraziləri üzərində suverenliyini tam bərpa etdi. Azərbaycan Ermənistanın otuzillik işğalına son qoydu və BMT Təhlükəsizlik Şurasının otuz il kağız üzərində qalmış 4 qətnaməsinin icrasını hərbi-siyasi vasitələrlə təmin etdi.“Çoxtərəfli dialoqun möhkəmləndirilməsi - davamlı sülhə və inkişafa nail olmaq” mövzusuna həsr olunan Zirvə görüşündə ŞƏT-ə üzv ölkələrin dövlət və hökumət başçıları siyasi, iqtisadi-ticari, mədəni-humanitar əməkdaşlıq və digər məsələlərə dair geniş spektrdə aktual mövzuları müzakirə edəcəklər. Əsas siyasi sənəd olan Astana Bəyannaməsi ŞƏT-in bir çox aktual məsələlərlə bağlı mövqeyini ortaya qoyacaq, təşkilatın fəaliyyətini qiymətləndirəcək və gələcək üçün istiqamətləri müəyyənləşdirəcək.Astanada "Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə"nin qəbulu da buna bariz nümunədir. Sənəddə yekdilliklə hesab olunur ki, diplomatik münasibətlərin qurulduğu 2 aprel 1992-ci ildən etibarən iki ölkə arasında ikitərəfli əməkdaşlıq müxtəlif sahələrdə səmərəli nəticələr verib. İki ölkə arasında ticarət-iqtisadi əlaqələrin davamlı və dinamik inkişafı da yüksək qiymətləndirilir. Tərəflər Azərbaycan və Çin arasında sənayeləşmə və investisiya üzrə əməkdaşlıq mexanizmindən tam istifadə edəcəklər. Onlar ikitərəfli ticarətin həcmini daha da artırmağa, əmtəələrin strukturunu optimallaşdırmağa və malların bazarlara çıxışını asanlaşdırmağa hazır olduqlarını bildirirlər. Məlum olduğu kimi, bu ölkə ilk idxal mənbəyimiz və beş əsas ticarət tərəfdaşımızdan biridir. Azərbaycan Çinin irəli sürdüyü "Bir kəmər, bir yol" təşəbbüsünü ilk dəstəkləyən ölkələrdən biridir və Çinlə nəqliyyat-logistikaya dair qlobal təşəbbüslər müstəvisində sıx əməkdaşlıq qurub. Ölkəmiz bu istiqamətdə ciddi praktiki layihələr həyata keçirib və "Bir kəmər, bir yol" layihəsinin mühüm hissəsi olan Orta dəhlizin infrastrukturunun inkişafına əhəmiyyətli investisiyalar yatırıb. Astana müzakirələri bu qurumla əməkdaşlığın daha geniş sahələri əhatə etməsi, gələcək perspektivlərin müəyyənləşdirilməsi baxımından böyük əhəmiyyətə malikdir. Hazırda dünyanın ən böyük beynəlxalq tədbirlərindən olan COP29-a hazırlıq çərçivəsində Şanxay Əməkdaşlıq Təşkilatı ilə ölkəmiz arasında daha fəal əməkdaşlıq məsələləri də diqqət mərkəzində saxlanılır.

Azərbaycan hazırda ŞƏT-də dialoq tərəfdaşı statusuna sahibdir. 2016-cı ildə Azərbaycan ilə ŞƏT arasında əməkdaşlıq sahələrini əks etdirən memorandum imzalanıb. ŞƏT ilə əməkdaşlıq istiqamətləri arasında təşkilatın ənənəvi prioritet sahələri olan və Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edən terrorizm, ekstremizm və separatizm ilə mübarizə, regional təhlükəsizliyin və sabitliyin təminatı müəyyənləşdirilib. Həmçinin ölkəmizin beynəlxalq müstəvidə mühüm rol oynadığı sivilizasiyalararası dialoq, multikulturalizm və tolerantlığın təşviqi sahələri də diqqət mərkəzində olan məsələlərdəndir.

Anar Məmmədov,
YAP Gədəbəy rayon təşkilatının məsul əməkdaşı




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
05-10-2024