Mobil versiya
Asudə Cəfərova: “Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu Azərbaycançılıq ideologiyası bütün dünya azərbaycanlılarını əhatə edərək, onların birləşdirici amilinə çevrilib”
Tarix: 28-04-2024 | Saat: 15:17
Bölmə:Gündəm | çapa göndər

Asudə Cəfərova: “Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu Azərbaycançılıq ideologiyası bütün dünya azərbaycanlılarını əhatə edərək, onların birləşdirici amilinə çevrilib”

“Görkəmli tarixi şəxsiyyət Heydər Əliyev 1969-cu ilin iyulunda Azərbaycan KP MK-nın I katibi seçildikdən sonra ilk növbədə respublikanın iqtisadiyyatında nəzərəçarpacaq irəliləyiş yarandı. Qısa müddətdə Azərbaycan aqrar respublikadan sənaye respublikasına çevrildi. Ölkəmizdə neçə-neçə zavod və fabriklər fəaliyyətə başladı. Xüsusilə müasir, yüksək texnoloji istehsal proseslərinin tətbiq olunduğu müəssisələrin sayı artmağa başladı. Sənayenin inkişafı ilə həm də respublikanın İttifaq miqyasında tanınmasına, milli mədəniyyətin daha şəbəkəli səviyyədə təbliğinə şərait yarandı. Bakının ittifaq miqyasında ən iri şəhərlərdən birinə çevrilməsi də həmin illərə təsadüf edir. Bakıda ilk metro xəttinin tikintisi başa çatdı, yeni ali təhsil ocaqları fəaliyyətə başladı. Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyasına əsaslanan siyasi kursu Azərbaycanın müttəfiq respublika kimi inkişafında önəmli rol oynadı. Azərbaycana rəhbərlik etdiyi illərdə Ulu Öndər Heydər Əliyev gələcək müstəqil dövlətimizin sağlam əsasının yaradılması istiqamətində vacib addımlar atdı.”

Bu sözləri saytımıza verdiyi müsahibəsində Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Neftçala rayon təşkilatının sədri Asudə Cəfərova deyib.

Öz fikirlərini davam etdirən müsahibimiz daha sonra qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda ikinci dəfə hakimiyyətə gəlişi artıq müstəqillik dövründə, daha dəqiq desək bu müstəqilliyin az qala itirilməsi ərəfəsində tarixi zərurət kimi baş verdi: “1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edildi. Azərbaycanın müstəqilliyi bərpa olundu. Lakin bir tərəfdən ölkədə formalaşmış separatçılıq meyilləri və bu zəmində yetişməkdə olan vətəndaş qarşıdurması, digər tərəfdən erməni işğalı Azərbaycanda dövlətçiliyin itirilməsi təhlükəsini bir reallıq olaraq ortaya çıxarmışdı. Belə bir təhlükəli və mürəkkəb məqamda Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevi təkidlə hakimiyyətə çağırdı. Heydər Əliyev xalqın israrlı dəvətini qəbul etdi, bununla da Azərbaycanın dövlət müstəqilliyinin itirilməsi təhlükəsi aradan qalxdı. 1993-cü il iyunun 15-də isə Ümummilli Lider Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi. Həmin gün ölkəmizin siyasi tarixində keyfiyyətcə yeni bir mərhələnin başlanğıcı oldu. Azərbaycanın mürəkkəb kataklizmlərlə müşayiət edilən daxili siyasi böhrandan qurtulması məhz bundan sonra mümkün oldu. 1993-cü il oktyabrın 3-də ölkəmizdə keçirilən prezident seçkilərində Ümummilli Lider Heydər Əliyev xalqımızın böyük əksəriyyətinin etimadını qazanaraq 98,84 faiz səslə Azərbaycan Respublikasının Prezidenti seçildi. Bundan sonra Ulu Öndər Heydər Əliyevin gərgin fəaliyyəti və səyləri sayəsində ölkəmizdə ictimai-siyasi sabitlik təmin edildi və sosial-iqtisadi vəziyyət yaxşılaşdırıldı. Ən əsası, 1994-cü il mayın 12-də cəbhədə atəşkəsin əldə edilməsindən sonra dövlətçiliyin möhkəmləndirilməsi, nizami ordu quruculuğu, eləcə də ölkə həyatının bütün sahələrində dinamik inkişafın təmin edilməsi baxımından zəruri addımlar atıldı. Reallaşdırılan ardıcıl və sistemli tədbirlərin nəticəsi kimi, ölkədə əmin-amanlıq yarandı, sabitlik bərqərar oldu, azad bazar iqtisadiyyatına keçidlə bağlı genişmiqyaslı islahatlara başlandı. Uğurlu dövlət quruculuğu xətti Azərbaycanın müstəqilliyini möhkəmləndirdi. Ümummilli Lider Heydər Əliyevin öz xalqı, öz ölkəsi və dövləti qarşısında olan misilsiz xidmətləri Azərbaycan xalqının qan yaddaşına əbədi həkk olunmuşdur.”

Həmçinin Asudə Cəfərova Ulu Öndərin milli maraqlara əsaslanan çoxşaxəli inkişaf strategiyasının və siyasi kursunun bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini və əsasda möhtəşəm tarixi nailiyyətlərin əldə olunduğunu qeyd edib: “Azərbaycan artıq uzun illərdir ki, Cənubi Qafqaz regionunun tək lider dövlətidir. Ölkəmiz hazırda Avropanın enerji təhlükəsizliyinin təminatı baxımından önəmli rol oynayır. Azərbaycan Avrasiya məkanında həyata keçirilən irimiqyaslı beynəlxalq enerji və logistik layihələrin vacib və zəruri iştirakçısıdır. Ölkəmiz Şimal-Cənub, Şərq-Qərb transmilli nəqliyyat dəhlizlərinin mühüm tranzit məntəqəsidir. Ən əsası da bu gün Azərbaycan artıq dünyada öz torpaqlarını işğaldan azad etmiş, ərazi bütövlüyün və tam suverenliyini bərpa etmiş qalib ölkə olaraq tanınır. 2020-ci ildə, 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə əldə etdiyi tarixi Qələbə nəticəsində özünün ərazi bütövlüyünü bərpa edən müstəqil Azərbaycan bu gün də məhz Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi kursla irəliyə doğru inamlı addımlar atır. Bütün bunlar bir daha göstərir ki, ölkəmizin hərtərəfli inkişafı üçün Ümummilli Liderimizin hazırladığı və dövlətimizin başçısı tərəfindən hazırda inamla inkişaf etdirilən strateji istiqamətlər bu gün də müstəqil dövlətimizin daha da möhkəmləndirilməsi və gücləndirilməsi, iqtisadi qüdrətinin artırılması, xalqımızın rifah səviyyəsinin daha da yüksəldilməsi işinə xidmət edir və bu, uzun illər bundan sonra da davam edəcək” – deyə, Asudə Cəfərova müsahibəsini başa çatdırıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-05-2024