Mobil versiya
Azərbaycan tarixinə xeyirxahlığı ilə iz salan ziyalı qadın
Tarix: 09-04-2024 | Saat: 17:16
Bölmə:Özəl | çapa göndər

Azərbaycan tarixinə xeyirxahlığı  ilə iz salan ziyalı qadın

Azərbaycan cəmiyyətində işıqlı əməlləri ilə yoxluğundan sonra anılmaq hüququ əldə edən, özünə ölməzlik qazandıran şəxsiyyətlərdən biri də akademik Zərifə xanım Əliyevadır. Akademik Zərifə xanım Əliyeva yüksək intellektə malik ziyalı, dünya tibb elminə əvəzolunmaz töhfələr verən həkim-oftolmoloq, bir sözlə, Allahın öz bəndəsinə bəxş elədiyi bütün müsbət keyfiyyətləri özündə birləşdirən bir insandır. Zərifə xanım bütün həyatını, əməli fəaliyyətini Azərbaycanda təbabət elminin inkişafına həsr etmiş, göz xəstəliklərinin tədqiqi sahəsində elmi kəşflərin müəllifi kimi dünyada tanınmışdır. Zərifə xanımın zəkasının dərinliyi və aydınlığı, zəngin klinik təcrübəsi zəngin elmi yaradıcılığında öz əksini tapmışdır.
Fitri istedada malik olan görkəmli alim Zərifə Əliyeva zərifliyin və humanizmin timsalı olmaqla yanaşı, dünyada ilk dəfə olaraq peşə patologiyasını araşdıran elmi tədqiqat laboratoriyası yaratmaqla praktik olaraq elm aləmində yeni bir istiqamətin – peşə oftalmologiyasının əsasını qoymuşdur. Zərifə xanımın özəl xüsusiyyətlərindən biri isə onun təkcə həkimlik fəaliyyətilə kifayətlənməyib, daim axtarışda olması idi. Belə ki, o bu sahədə işləyən zaman çox fəal elmi işlə məşğul olmağa başlayıb. Xüsusən də, Zərifə xanım Azərbaycanın bölgələrində yayılan traxomaya qarşı mübarizədə fəal iştirak edib, traxoma kimi ağır xəstəliyin çox sadə müalicə üsulunu kəşf edib. Bundan sonra Zərifə xanımın elmi fəaliyyəti peşə xəstəliklərinə həsr olunub. Zərifə xanım Əliyeva Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutunun laboratoriyasında çalışmaqla yanaşı, Bakıda fəaliyyət göstərən Bakı Kondisonerlər Zavodunda laboratoriyanın açılmasına nail olaraq, orada da eksperimentlər aparmağa başlayıb və doktorluq dissertasiyasını müdafiə edib. Beləliklə, Zərifə Əliyeva traxomanın ləğvində böyük bir təcrübi bilik yaradıb. Maraqlıdır ki, tibb elminin sürətlə inkişaf etməsinə baxmayaraq, Azərbaycan tibb təcrübəsində hələ də onun müəyyən etdiyi bir sıra üsullardan geniş istifadə olunur və nailiyyətlər əldə edilir. Zərifə xanım bir sıra elmi işlərin də müəllifi olub. Onun 150 yə yaxın elmi işi və çap olunmuş 10 monoqrafiyası mövcuddur. Daim axtarışda olan Zərifə xanım Əliyeva elmi fəaliyyətdən əlavə, çox fəal ictimai işlərlə məşğul olub. Eyni zamanda bir sıra tibbi jurnal redaksiyalarının üzvü kimi çalışan Zərifə Əliyeva bir neçə doktorluq dissertasiyasının elmi rəhbəri və çox sayda namizədlik dissertasiyasının müəllifi olub. Zərifə xanımın ən böyük xidmətlərindən biri isə onun oftamologiyanı, nəinki Azərbaycanda, eləcə də çox uzaq xarici ölkələrdə də tanıtması olub. Zərifə Əliyeva daha çox Moskva alimləri ilə sıx əlaqədə olaraq, onlarla bərabər elmi monoqrafiyalar yazıb. Elə bu yöndə yorulmaz fəaliyyətinə görə də Zərifə Əliyeva SSRİ Tibb Elmləri Akademiyasının akademiki M.İ.Averbax mükafatına layiq görülüb. Zərifə Əliyevaya verilən bu ad əslində Azərbaycan oftamologiyasına verilən böyük qiymət idi. Çünki Zərifə Əliyevanın tibb sahəsində gördüyü işlərin elmi dairəsi çox geniş idi və o, öz yorulmaz fəaliyyəti ilə həm də Azərbaycan tibb elminin adını ucaldırdı.
15 aprel gözəl ana, vəfalı ömür-gün yoldaşı, intellektual keyfiyyətləri özündə birləşdirən ziyalı, böyük oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anım günüdür. Ömür vəfa etsəydi, istedadı və həyat enerjisi ilə gələcəkdə çox işlər görə bilərdi. Ömrünün sonuncu anına kimi ailəsinə sevgisi, peşəsinə bağlılığı, həyat eşqi və üzündəki təbəssüm onu tərk etmədi. Zərifə xanımın işıqlı obrazı yüksək vətənpərvərlik və humanizm rəmzi kimi həmişə bizimlə qalacaq, onun parlaq xatirəsi daim anılacaq, qədirbilən xalqımızın qəlbində əbədi yaşayacaqdır.

Yeni Azərbaycan Partiyası
Zəngilan rayon təşkilatının sədr müavini Tutu Kamal qızı




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-04-2024