Mobil versiya
Azərbaycan etibarlı tərəfdaşdır
Tarix: 29-04-2024 | Saat: 17:00
Bölmə:Siyasət | çapa göndər

Azərbaycan etibarlı tərəfdaşdır

2023-cü ilin dekabr ayında dünya ölkələrinin yekdil qərarı ilə BMT-nin növbəti İqlim Dəyişikliyi Konfransına – COP29-a ev sahibliyi etmək hüququ Azərbaycana verilib. Ölkə Prezidenti cənab İlham Əliyev cari ilin 26 aprel tarixində Almaniyanın paytaxtı Berlində keçirilən “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində çıxış edərkən bildirib ki, bu qərarın verilməsi ölkəmiz üçün böyük şərəfdir. Birmənalı olaraq demək olar ki, bu etimad beynəlxalq ictimaiyyətin Azərbaycana və dövlətimizin gördüyü işlərə, o cümlədən ölkəmizin yaşıl enerji sahəsindəki fəaliyyətinə verilən yüksək dəyərin göstəricisidir. Azərbaycanın müxtəlif beynəlxalq təşkilatlarla əlaqələri və onlarda fəal iştirakı ölkəmizə müxtəlif qitələrin ölkələri arasında körpülər salmaq və ya onları gücləndirmək, eləcə də onların həmrəyliyini möhkəmləndirmək imkanını yaradacaq. Həmçinin dövlətimizin başçısı Azərbaycanın COP29-a ev sahibliyi edəcək ölkə kimi qlobal tədbirə hazırlığın fəal mərhələsində olduğunu diqqətə çatdırıb.

Məlum olduğu kimi, Azərbaycan 120 ölkəni birləşdirən Qoşulmama Hərəkatında dörd il ərzində uğurla sədirlik edib. Bu dövr ərzində ölkəmiz Hərəkatın bir çox üzvləri ilə olduqca məhsuldar münasibətlər qurub. Azərbaycanın sədrliyi həm də COVID-19-a təsadüf etdyinə görə, 80-dən artıq ölkəyə humanitar, maliyyə və texniki yardım göstərilib. Eyni zamanda Azərbaycanın bir çox Avropa ölkələri ilə münasibətləri uğurla inkişaf edir. Avropa İttifaqının doqquz üzvü ilə Azərbaycan “Strateji Tərəfdaşlıq” haqqında razılaşmalar və bəyannamələr imzalayıb, yaxud qəbul edib. Bu əlaqələr Azərbaycana müxtəlif qitələrdə yerləşən ölkələr arasında qlobal əlaqələrin yaradılması baxımdan effektiv vasitəçilik etmək üçün unikal imkanlar verir.

Həmçinin bu gün Almaniya-Azərbaycan əlaqələri öz sürətli inkişaf dövrünü yaşayır. Bu barədə aprelin 26-da Berlində mətbuata bəyanatla etdiyi çıxışında açıqlama verən cənab Prezident İlham Əliyev qeyd etdi ki, ölkələrimiz arasında ikitərəfli gündəlik kifayət qədər genişdir. Almaniya-Azərbaycan əlaqələrinin inkişafı həm ölkələrimiz üçün, həm də bütövlükdə Cənubi Qafqazın inkişafı və sabitliyi üçün çox böyük əhəmiyyət kəsb edir.

Əlbəttə ki, bu gün COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycanın yaşıl gündəliyi də beynəlxalq ictimaiyyət üçün çox maraqlıdır. Bu sahədə Azərbaycanın yaxın gələcəyə hesablanmış planları barədə Avropa ictimaiyyətini məlumatlandıran dövlətimizin başçısı bildirdi ki, Azərbaycan qitəyə yaşıl enerjini ixrac etmək üçün fəal çalışır və təbii qaz təchizatçısı olan ölkəmiz Avropa üçün önəmli yaşıl enerji təchizatçısı da olacaqdır. 2027-ci ilin sonuna qədər 9 günəş və külək elektrik stansiyası istismara veriləcək. Onların enerji potensialı 2 qiqavata bərabərdir. 2030-cu ilə qədər isə əlavə 10 külək və günəş elektrik stansiyası tikiləcək ki, onların da potensialı 5 qiqavata qədərdir. Lakin bütün bunlar perspektiv planlar olduğu halda, bu günümüzün reallıqları ondan ibarətdir ki, Avropada təbii qaza - yeni mənbələrdən olan qaza tələbat getdikcə artır. Beləliklə, həm ənənəvi enerji növləri, həm də bərpaolunan enerji növləri ilə zəngin Azərbaycan Avropa üçün uzun illər bundan sonra da əhəmiyyətli tərəfdaş olaraq qalacaqdır.

Arif Fərzəliyev,
YAP Cəbrayıl rayon təşkilatının sədri




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-05-2024