Mobil versiya
Xüsusi təyinatların əfsanəsi -Fotolar
Tarix: 09-04-2024 | Saat: 11:30
Bölmə:Özəl | çapa göndər

Xüsusi təyinatların əfsanəsi

(2024-cü il 12 apreldə Astarada Aprel döyüşlərinin şəhidi gizir Pəncəli Teymurovun şəhadətinin 8-ci ildönümü münasibətilə mərasim keçirilər.)
 " Dostlar, həqiqətən bəzi şeylər var ki, bizim əlimizdə deyil. Amma mən sidq ürəklə deyirəm. Hər zaman, hər an xalqım üçün, torpağım üçün, Vətənim üçün canımdan, qanımdan keçməyə hazıram. Həmişə özümə arzu etmişəm ki, Vətənim üçün şəhid olum, tabutum Azərbaycan Respublikasının üçrəngli, ay-ulduzlu bayrağına bükülüb dəfn olunmağa aparılsın".
Bu fikirləri 24 mart 1981-ci ildə Astara rayonunun Əzərüd kəndində dünyaya göz açan xüsusi təyinatların əfsanəsi, Aprel döyüşlərində qana susamış erməni dığalarına qan qusduran, bu gün adı dillərdən düşməyən gizir Pəncəli Teymurov 2013-cü ildə öz toy günündə bildirmişdi. Qəhrəman Vətən sevdalısı üç il sonra, ömrünün 35-ci baharında arzusuna çatıb. Şanlı zəfərimizin başlanğıcı olan Aprel döyüşlərin üçüncü günündə son damla qanına qədər vuruşaraq qəhrəmancasına əbədiyyət adlı dünyasına qovuşub. Ölümsüz həyatı ilə milyonların qəlbinə köç edən Astaranın igid oğlu dövlət tərəfindən “ İgidliyə görə”, “Vətən uğrunda”, digər medallara layiq olub.

Vətənin müqəddəsliyinə tapınan, qəlbən onun torpağına, daşına bağlanan Pəncəli 1992-ci ildə baş vermiş Xocalı soyqırımının kadrlarını izləyəndə hərbçi olmağa və yurduna dadanmış yağıdan qisas almağa söz verib. Orta məktəbi başa vurub, ürəyində Vətənə məhəbbət, düşmənə nifrət 1999-cu ildə ordu sıralarına yola düşüb. Xidmət zamanı kəşfiyyatçı peşəsinə yiyələnib və hərbi hissənin ən mahir kəşfiyyatçısı olub. Mübarizə meydanında düşmənə qalib gəlmək üçün son dərəcə mərd, cəsur, ağıllı gənc verilən bütün tapşırıqları layiqincə yerinə yetirib, ən çətin təlimlərdə belə fərqlənib. Məhz bunlara görə əsgərlərin, zabitlərin sevimlisinə çevrilib.
Pəncəlinin əsgərlik həyatı üzüağ başa çatsa da, amma düşməndən alacağı öcü hələ qalırdı. Odur ki, hərbi xidməti başa vurduqdan sonra könüllü olaraq xidmətini yenicə yaradılan Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin kəşfiyyatçı-diversant taborunda davam etməyə qərar verib. Vətən naminə göstərdiyi qəhrəmanlıqlar bir-birini əvəz edib. Düşmənə nifrəti günbəgün alovlanıb. Xocalı faciəsi zamanı azərbaycanlıları öldürən erməni hərbçi general rütbəsi almağa gedərkən Pəncəli Teymurov onu izləyib və əlverişli məqam düşən kimi o dünyaya göndərib. Bundan sonra erməni ordusunda böyük çaxnaşma yaranıb. 2015-ci ildə kəşfiyyat qrupu ilə Kəlbəcərə keçən Pəncəli 4 erməni zabitin və 20 əsgərin olduğu “Ural” markalı maşını partladaraq onların hamısını məhv edib. Bir dəfə erməni hərbçiləri Pəncəlini tutmaq üçün pusquya salırlar, o isə 21 gündən sora pusqudan çıxaraq növbəti dəfə düşmənin canına vəlvələ salıb. Cəbhə xəttində düşmənlə dəfələrlə qarşı-qarşıya gəlib, həmişə də Vətənə, torpağa məhəbbəti sayəsində ağır sınaqlardan üzü ağ çıxıb...
17 il Azərbaycan ordusunun gizir Pəncəli Teymurov öz doğma Vətənini göz-bəbəyi kimi qoruyub, 2016-cı ilin Aprel döyüşlərində ona olan sonuncu borcunu şərəflə verib. Vətənin yaşaması naminə ölümü özünə şərəf bilib.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-04-2024