Mobil versiya
Yerli tədqiqatçılar tərəfindən də Şamaxı hadisələri ilə bağlı müvafiq araşdırmalar aparılmışdır
Tarix: 30-03-2024 | Saat: 10:09
Bölmə:Özəl | çapa göndər

Yerli tədqiqatçılar tərəfindən də Şamaxı hadisələri ilə bağlı müvafiq araşdırmalar aparılmışdır

Ötən əsrin 90-cı illərindən etibarən yerli tədqiqatçılar da Şamaxı hadisələri ilə bağlı bir sıra araşdırmalar aparıblar. Onların tədqiqatı nəticəsində (yüz nəfərə yaxın şahiddən toplanan xatirə və məlumatlar) müəyyən edilib ki, erməni cinayətkarları Şamaxı şəhərində təqribən 14-16 min, onun 40 kənd və obasında 6-8 min nəfəri qətlə yetirib. Şamaxı qəzasından didərgin düşənlərin sayı isə 18 min nəfərdən çox olub.
Şamaxı soyqırımı – 1918-ci ilin mart-aprel aylarında ermənilərin Şamaxı qəzasında azərbaycanlılara qarşı törətdikləri soyqırım, etnik təmizləmə siyasətidir.
Şamaxı soyqırımının baş verdiyi dəqiq tarix bilinmir. Bəzi kitab və məqalələrdə hadisələrin 1918-ci il martın 18-də, bəzilərində 1918-ci ilin aprel ayında, bəzilərində isə 3–16 apreldə baş verdiyi qeyd olunur. Araşdırmalar Şamaxı soyqırımının qısa fasilələrlə bir neçə mərhələdə, Bakı və Qubadakı qırğınlardan əvvəl baş verdiyini təsdiq edir:18 mart 1918-ci il, səhər saat 6-da ermənilər Şamaxını mühasirəyə alaraq 10 top, yüzlərlə pulemyot və digər silahlarla şəhəri atəşə tutmuşlar. Bundan sonra şəhərin bir neçə məhəlləsində yanğınlar başlamış, şəhər əhalisi təslim olmağa məcbur olmuşdu. Şamaxıya daxil olan ermənilər şəhəri yenidən talan etmişlər. Şəhərdə az-çox salamat qalmış tikililər yandırılmışdır. Şamaxıda ermənilərin törətdikləri cinayətlər xüsusi qəddarlıqla həyata keçirilmişdir. Qətl edilənlərin qolları, qıçları, burunları, qulaqları kəsilib, gözləri çıxarılıb, qarınları yırtılıb, yandırılıb, işgəncə ilə öldürülüblər. Şamaxı soyqırımı zamanı öldürülənlərin sayı haqqında müxtəlif məlumatlar mövcuddur. Bəzi məlumatlarda öldürülənlərin sayı 7 min, bəzilərində 8 minə qədər, bəzilərində 8–12, bəzilərində isə 40 minə qədər olduğu göstərilir. 1920-ci ildə mühacir ədəbiyyatında öldürülənlərin sayı bir mənbədə 12 minə qədər, digər bir mənbədə isə 17 min nəfər olduğu göstərilir.
Ekspertlərin arxivdəki aktlarda olan rəqəmlər üzrə hesablamalarına görə Şamaxı qəzasının 53 kəndində 8027 nəfər azərbaycanlı qətlə yetirilmiş, onlardan 4190 nəfəri kişi, 2560 nəfəri qadın və 1277 nəfəri uşaq olmuşdur. Hesablamalara görə bu kəndlərə dəyən ümumi maddi zərər o dövrün qiymətləri ilə 339,5 milyon manat olmuşdur. Digər mənbədə isə Şamaxının 72 kəndində 7 min nəfər, 1653 qadın və 965 uşağın qətlə yetirildiyi bildirilir.

Gülzar Cavadzadə Qurban qızı
Azərbaycan Dövlət Pedaqoji Universiteti




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-04-2024