Mobil versiya
Konstitusiya müstəqil Azərbaycanın hüquqi təməli və dövlətçilik andıdır
Tarix: 06-11-2026 | Saat: 16:02
Bölmə:Siyasət | çapa göndər

Konstitusiya müstəqil Azərbaycanın hüquqi təməli və dövlətçilik andıdır

Hər bir dövlətin tarixində elə sənədlər var ki, onların əhəmiyyəti yazıldıqları səhifələrdən çox-çox kənara çıxır. Bu sənədlər xalqın iradəsini ifadə edir, dövlətin gələcək yolunu müəyyənləşdirir, cəmiyyətlə hakimiyyət arasındakı münasibətlərin hüquqi əsaslarını yaradır. Azərbaycan Respublikasının Konstitusiyası da müstəqil dövlətçiliyimizin belə fundamental sənədlərindən biridir. O, xalqımızın azadlıq və müstəqillik arzularının hüquqi ifadəsi, dövlətimizin idarəçilik sisteminin təməli, insan və vətəndaş hüquqlarının qorunmasının əsas təminatıdır. 12 Noyabr – Konstitusiya Günü bizə yalnız mühüm tarixi hadisəni xatırlatmır, həm də müstəqil dövlətimizin hansı hüquqi prinsiplər üzərində qurulduğunu bir daha düşünməyə çağırır.
Azərbaycanın konstitusiya tarixi mürəkkəb və ziddiyyətli dövrlərdən keçib. 1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşasa da, xalqımızın müstəqil dövlətçilik ənənələrinin inkişafında əvəzsiz iz qoydu. Lakin Cümhuriyyət özünün əsas qanununu qəbul edə bilmədi. Sonrakı onilliklərdə Azərbaycan sovet dövlətinin tərkibində yaşadı və qəbul edilən konstitusiyalar müstəqil milli iradənin deyil, mövcud siyasi sistemin çərçivəsində formalaşdı. Bununla belə, xalqımızın dövlətçilik düşüncəsi, azad yaşamaq arzusu və milli kimliyini qorumaq iradəsi heç vaxt yox olmadı. Müstəqilliyin bərpası ilə Azərbaycan qarşısında yeni tarixi vəzifə dayandı: öz dövlətinin hüquqi əsaslarını müstəqil şəkildə müəyyənləşdirmək.

1991-ci ildə dövlət müstəqilliyimizin bərpası ölkəmizin tarixində yeni mərhələnin başlanğıcı oldu. Ancaq müstəqilliyi elan etmək onun dayanıqlı əsaslarını yaratmaq demək deyildi. Ölkədəki ağır siyasi böhran, idarəçilik problemləri və qeyri-sabitlik dövlət quruculuğunun qarşısında ciddi maneələr yaradırdı. Belə bir şəraitdə Azərbaycanın gələcək inkişafı üçün möhkəm hüquqi təmələ, cəmiyyətdə sabitliyə və dövlət idarəçiliyində ardıcıllığa ehtiyac vardı. 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi altında ölkədə ictimai-siyasi sabitliyin təmin edilməsi və dövlət institutlarının möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atıldı. Yeni Konstitusiyanın hazırlanması da müstəqil dövlət quruculuğunun əsas vəzifələrindən birinə çevrildi.

Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış Konstitusiya layihəsi 1995-ci il noyabrın 12-də ümumxalq referendumuna çıxarıldı və xalqın iradəsi ilə qəbul edildi. Həmin gün Azərbaycan müasir dövlətçilik tarixinin ən mühüm səhifələrindən birini yazdı. Konstitusiya noyabrın 27-də qüvvəyə mindi və müstəqil Azərbaycanın hüquqi sisteminin əsasını təşkil etdi. Bu sənəd ölkəmizin demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu istiqamətini müəyyənləşdirdi, hakimiyyət bölgüsünün prinsiplərini təsbit etdi, insan və vətəndaş hüquq və azadlıqlarının qorunmasını dövlətin əsas vəzifələrindən biri kimi müəyyənləşdirdi. Beləliklə, Konstitusiya yalnız dövlət orqanlarının fəaliyyətini tənzimləyən hüquqi sənəd deyil, həm də müstəqil Azərbaycanın gələcək inkişaf yolunu müəyyən edən strateji əsas oldu.
Konstitusiyanın mahiyyətini anlamaq üçün onun maddələrinə nəzər salmaqla yanaşı, hər bir vətəndaşın həyatındakı yerini də dərk etmək lazımdır. İnsan hüquqları, azadlıq, bərabərlik, qanunun aliliyi və dövlət qarşısında vətəndaşın hüquqi statusu bu sənədin əsas məzmununu təşkil edir. Konstitusiyanın insan və vətəndaş hüquqlarına həsr edilmiş müddəaları hər kəsin hüquqlarının tanınması və müdafiəsi baxımından mühüm əhəmiyyət daşıyır. İnsanın dili, dini, irqi və etnik mənsubiyyəti onun hüquqlarının məhdudlaşdırılması üçün əsas ola bilməz. Hüquqi dövlətin gücü yalnız qəbul etdiyi qanunlarla deyil, həmin qanunların həyatın bütün sahələrində necə tətbiq olunması və insanların hüquqlarının nə dərəcədə qorunması ilə ölçülür.
Əsas Qanunun qəbulundan sonra Azərbaycanın hüquq sistemi tədricən inkişaf etdirildi, konstitusiya nəzarəti mexanizmləri formalaşdırıldı və Konstitusiya Məhkəməsi fəaliyyətə başladı. Ölkənin dəyişən ictimai-siyasi və sosial-iqtisadi reallıqları nəzərə alınaraq Konstitusiyaya referendumlar vasitəsilə əlavə və dəyişikliklər edildi. Bu proseslər dövlət idarəçiliyinin təkmilləşdirilməsi, hüquq və azadlıqların müdafiəsi mexanizmlərinin inkişafı və konstitusion prinsiplərin müasir tələblərə uyğunlaşdırılması baxımından əhəmiyyət daşıyır. Əsas Qanunun yaşaması onun yalnız qəbul edildiyi tarixlə deyil, dövlətin və cəmiyyətin həyatında davamlı hüquqi əhəmiyyət daşıması ilə müəyyən olunur.

Azərbaycanın müasir tarixində Konstitusiyanın əhəmiyyəti ərazi bütövlüyümüzün və dövlət suverenliyimizin bərpası ilə yeni məna da qazandı. 2020-ci ildə Vətən müharibəsində qazanılan tarixi Qələbə, 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror tədbirlərindən sonra ölkəmizin bütün ərazilərində suverenliyin təmin olunması dövlətçiliyimizin mühüm mərhələsi oldu. Konstitusiyanın hüquqi qüvvəsinin Azərbaycanın bütün ərazisində bərqərar olması dövlət müstəqilliyimizin bütövlüyünü ifadə edir. 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi də Konstitusiyanın qəbulunun 30-cu ildönümü və suverenliyimizin tam bərpasının tarixi əhəmiyyəti ilə bağlı idi. Bu, hüquqi dövlət quruculuğu ilə müstəqilliyimizin qorunmasının bir-birindən ayrılmaz olduğunu göstərən mühüm məqamdır.
12 Noyabr – Konstitusiya Günü müstəqil Azərbaycan dövlətinin hüquqi əsaslarını, dövlətçilik tariximizin mühüm mərhələlərini və gələcək qarşısında daşıdığımız məsuliyyəti xatırladan əlamətdar gündür. Bu tarix Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış və ümumxalq səsverməsi ilə qəbul edilmiş Əsas Qanunun dövlət quruculuğundakı rolunu bir daha önə çıxarır. Konstitusiya müstəqilliyimizin hüquqi dayağı, dövlət suverenliyimizin əsaslarından biri və vətəndaş hüquqlarının müdafiəsi üçün mühüm təminatdır.

Dövlətin gələcəyi yalnız onun iqtisadi və hərbi qüdrəti ilə deyil, hüquqi əsaslarının möhkəmliyi, qanunun aliliyinə münasibəti və vətəndaşlarının hüquq mədəniyyəti ilə də müəyyən olunur. Konstitusiyamızın prinsiplərini qorumaq, onun mahiyyətini anlamaq və hüquqi dövlət ənənələrini inkişaf etdirmək hər birimizin məsuliyyətidir. Çünki müstəqillik yalnız tarixdə qazanılmış nailiyyət deyil, hər gün qorunmalı və gələcək nəsillərə etibarlı şəkildə ötürülməli olan müqəddəs dəyərdir.

İlqar Kərimov,
YAP Tovuz Rayon Təşkilatının sədr müavinui




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
06-11-2026