Mobil versiya
Azərbaycan əsrlərdir Şərqlə Qərb arasında mədəniyyət körpüsü rolunu oynayır
Tarix: 29-10-2026 | Saat: 09:59
Bölmə:Siyasət | çapa göndər

Azərbaycan əsrlərdir Şərqlə Qərb arasında mədəniyyət körpüsü rolunu oynayır

Prezident İlham Əliyev oktyabrın 27-də Bakıda “Ortaq gələcək naminə dialoq” mövzusunda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxış edərək Azərbaycanın multikulturalizm ənənələri, milli həmrəyliyi, ərazi bütövlüyünün bərpası, Ermənistanla sülh prosesi və beynəlxalq münasibətlərdə ikili standartlar barədə fikirlərini bölüşüb.

Dövlət başçısı bildirib ki, ötən 15 il ərzində Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu qlobal gündəlikdə duran aktual məsələlərin müzakirəsi, mədəniyyətlər və dinlər arasında münasibətlərin möhkəmləndirilməsi baxımından səmərəli beynəlxalq platformaya çevrilib. Qeydiyyatdan keçmiş 2000-dən artıq iştirakçının və 100-dən çox ölkədən gələn 500-dən artıq qonağın iştirakı forumun beynəlxalq əhəmiyyətini göstərir.

Prezident vurğulayıb ki, Azərbaycan tarixən Şərqlə Qərb arasında mədəniyyət körpüsü rolunu oynayıb. Multikulturalizm, dini və etnik dözümlülük xalqımızın əsrlər boyu qoruyub saxladığı dəyərlərdir. Onun sözlərinə görə, ölkənin sabit inkişafının əsas amillərindən biri cəmiyyətdə mövcud olan həmrəylik, qarşılıqlı hörmət və anlaşmadır. Azərbaycanda bütün etnik və dini qrupların nümayəndələri Konstitusiya ilə təsbit edilmiş bərabər hüquqlara malikdir və vahid cəmiyyətin tərkib hissəsi kimi yaşayırlar.

İlham Əliyev qeyd edib ki, azərbaycançılıq ideyası ölkədə yaşayan müxtəlif xalqları birləşdirən əsas dəyərlərdəndir. Bu birlik Azərbaycanın müstəqillik tarixinin ən çətin dövrlərində, Ermənistanın hərbi təcavüzü və işğalı zamanı, eləcə də İkinci Qarabağ müharibəsində özünü aydın şəkildə göstərib. Dövlət başçısının sözlərinə görə, müxtəlif etnik və dini qrupların nümayəndələri ölkənin ərazi bütövlüyünün bərpası uğrunda vahid amal ətrafında birləşiblər.

Prezident Azərbaycanın müxtəlif siyasi sistemlərdə yaşamasına baxmayaraq, milli dəyərlərini, dilini, ənənələrini və həyat tərzini qoruyub saxladığını bildirib. O vurğulayıb ki, 1991-ci ildə dövlət müstəqilliyinin bərpasından sonra ölkə öz taleyini müstəqil şəkildə müəyyənləşdirmək imkanı əldə edib. Müstəqillik illərində əldə olunan nailiyyətlərlə yanaşı, milli-mənəvi dəyərlərin qorunması və daha da möhkəmləndirilməsi də mühüm əhəmiyyət daşıyıb.

Çıxışında təhlükəsizlik məsələlərinə toxunan dövlət başçısı ideoloji risklərin də fiziki təhlükələr qədər ciddi olduğunu diqqətə çatdırıb. O bildirib ki, müasir dünyada baş verən proseslər ölkələrdən daim ayıq-sayıq olmağı, dövlətçiliyi, müstəqilliyi və milli özünəməxsusluğu qorumağı tələb edir.

Prezident Ermənistan-Azərbaycan münaqişəsinin həlli tarixindən danışarkən uzun illər davam edən danışıqların nəticəsiz qaldığını qeyd edib. Onun sözlərinə görə, Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərinə, o cümlədən BMT Nizamnaməsinin 51-ci maddəsində təsbit olunmuş özünümüdafiə hüququna əsaslanaraq ərazi bütövlüyünü bərpa edib. İlham Əliyev bildirib ki, 2020-ci ildə baş vermiş İkinci Qarabağ müharibəsi və 2023-cü ildə keçirilmiş antiterror əməliyyatı nəticəsində Azərbaycanın suverenliyi bütün ərazisi üzərində təmin olunub.

Dövlət başçısı Azərbaycanın münaqişədən sonra Ermənistana sülh təklif etməsini xüsusi vurğulayıb. O bildirib ki, Azərbaycan qisas siyasəti yürütmək niyyətində olmayıb və müharibədən sonra sülhün təmin olunmasını prioritet hesab edib.

İlham Əliyev beynəlxalq təşkilatların qərarlarının icra mexanizmlərinin gücləndirilməsinin vacibliyini də diqqətə çatdırıb. O xatırladıb ki, BMT Təhlükəsizlik Şurası 1993-cü ildə Azərbaycanın işğal olunmuş əraziləri ilə bağlı dörd qətnamə qəbul etsə də, həmin sənədlər uzun illər icra edilməyib. Prezident hesab edir ki, beynəlxalq təşkilatların qərarlarının kağız üzərində qalmaması üçün effektiv mexanizmlər yaradılmalıdır.

Dövlət başçısı beynəlxalq münasibətlərdə ikili standartların aradan qaldırılmasının vacibliyini vurğulayıb. Onun sözlərinə görə, Azərbaycanın üzləşdiyi işğal, etnik təmizləmə və tarixi-mədəni abidələrin dağıdılması faktlarına münasibətdə beynəlxalq ictimaiyyətin mövqeyi ilə digər münaqişələrə yanaşmalar arasında fərqlər ikili standartlar məsələsini gündəmə gətirib. Prezident bildirib ki, Azərbaycan bundan sonra da dövlətlərin suverenliyinə hörmət, qarşılıqlı münasibətlərdə bərabərlik və daxili işlərə qarışmamaq prinsiplərini müdafiə edəcək.

Çıxışda Azərbaycanın müstəqillik illərində əldə etdiyi iqtisadi və diplomatik nailiyyətlərə də toxunulub. İlham Əliyev qeyd edib ki, ölkə dağıntılardan və iqtisadi çətinliklərdən inkişaf və tərəqqiyə doğru uzun yol keçib. Prezidentin sözlərinə görə, Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmlənməsi, enerji və nəqliyyat sahələrində artan rolu, eləcə də müstəqil xarici siyasəti ölkənin beynəlxalq əməkdaşlıq imkanlarını genişləndirib.
Dövlət başçısı Azərbaycanın Çin və ABŞ ilə strateji tərəfdaşlıq münasibətlərini, Avropa İttifaqına üzv ölkələrlə əməkdaşlığını, eləcə də beynəlxalq təşkilatlardakı rolunu ölkənin xarici siyasətinin mühüm istiqamətləri kimi qiymətləndirib. Bildirib ki, Azərbaycan gələn il İslam Əməkdaşlıq Təşkilatının Zirvə Görüşünə ev sahibliyi edəcək və təşkilata sədrlik edəcək. 2028-ci ildə isə Avropa Siyasi Birliyinin Zirvə Görüşünün Bakıda keçirilməsi nəzərdə tutulur. Prezidentin fikrincə, bu tədbirlər Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanı kimi rolunu nümayiş etdirir.

İlham Əliyev Azərbaycanın Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirədə sədrliyinin daha iki il uzadılmasını, həmçinin ölkənin Mərkəzi Asiya Məşvərət Formatına tamhüquqlu üzv kimi dəvət edilməsini də beynəlxalq əməkdaşlıq baxımından əhəmiyyətli hadisələr kimi qeyd edib.

Prezident çıxışında Azərbaycanın enerji təhlükəsizliyi və beynəlxalq nəqliyyat bağlantılarındakı rolunu da önə çəkib. Qeyd edib ki, ölkənin əlverişli coğrafi mövqeyi, müasir infrastrukturu, həyata keçirilən investisiyalar və qonşu dövlətlərlə qurulan münasibətlər Azərbaycanı regional bağlantılar baxımından mühüm tərəfdaşa çevirir.

Forumdakı çıxışının sonunda İlham Əliyev Ermənistanla sülh prosesinə bir daha toxunaraq, sülh sazişi layihəsinin 2025-ci ilin avqustunda Vaşinqtonda, Ağ Evdə ABŞ Prezidenti Donald Trampın iştirakı ilə paraflandığını xatırladıb. O bildirib ki, həmin tədbir zamanı Azərbaycan və Ermənistan arasında sülhün təşviqinə yönəlmiş üçtərəfli Bəyannamə də imzalanıb.

Prezidentin sözlərinə görə, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi, ardınca sülh təşəbbüsü ilə çıxış etməsi Cənubi Qafqazda yeni münasibətlər mərhələsinin formalaşması üçün zəmin yaradıb. Dövlət başçısı beynəlxalq ictimaiyyətin qarşılıqlı hörmət, suverenliyə ehtiram və əməkdaşlıq prinsiplərinə əsaslanmasının münaqişələrin azalmasına, xalqlar arasında dialoqun genişlənməsinə xidmət edəcəyinə əminliyini ifadə edib.

İkram Manafov
Xırdalan şəhər 11 illik musiqi məktəbinin direktoru, əməkdar müəllim



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-10-2026