Mobil versiya
Zəngilan şəhəri günü – azad torpaqlarda yeni həyatın başlanğıcı
Tarix: 20-10-2026 | Saat: 11:34
Bölmə:Siyasət | çapa göndər

Zəngilan şəhəri günü – azad torpaqlarda yeni həyatın başlanğıcı

Zəngilanın işğaldan azad olunması Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində mühüm tarixi hadisələrdən biri olmaqla yanaşı, ölkəmizin gələcək inkişafı üçün də yeni imkanlar yaratdı. Ermənistan silahlı qüvvələri tərəfindən 1993-cü il oktyabrın 30-da işğal edilən Zəngilan Azərbaycanın işğala məruz qalan sonuncu rayonu idi. 1988-ci ildən 1993-cü ilin noyabr ayınadək düşmən hücumlarına qarşı ciddi müqavimət göstərən, yüzlərlə şəhid verən rayon sakinləri yalnız qonşu Qubadlı və Cəbrayıl rayonlarının işğalından sonra mühasirəyə düşdükdə doğma torpaqlarını tərk etmək məcburiyyətində qaldılar. Əhali Araz çayını keçərək İran ərazisinə sığınmaqla öz dədə-baba yurdlarından ayrılmalı oldu.

Zəngilanın azad olunması ilə əldə edilən ən mühüm nəticələrdən biri Azərbaycan-İran dövlət sərhədinin yenidən ölkəmizin nəzarətinə qaytarılması idi. Azərbaycan Silahlı Qüvvələri 2020-ci il oktyabrın 18-də rayonun azadlığı uğrunda hərbi əməliyyatlara başladı. Oktyabrın 20-də isə Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev xalqa növbəti müraciəti zamanı Zəngilan şəhərinin, eləcə də Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan və Birinci Muğanlı kəndlərinin işğaldan azad olunduğunu bəyan etdi. Döyüş əməliyyatları nəticəsində Zəngilan şəhəri, rayonun 4 qəsəbəsi və 49 kəndi düşmən işğalından qurtarıldı. Bu qələbə yalnız ərazilərimizin azad edilməsi baxımından deyil, həm də Azərbaycan-İran sərhədinə tam nəzarətin bərpa olunması nöqteyi-nəzərindən xüsusi əhəmiyyət daşıyırdı.

Bu gün işğaldan azad edilmiş digər ərazilərimizdə olduğu kimi, Zəngilanda da genişmiqyaslı bərpa və quruculuq tədbirləri həyata keçirilir. Rayonun yenidən qurulması, müasir infrastrukturun yaradılması və əhalinin doğma yurdlarına qayıdışının təmin edilməsi dövlət siyasətinin əsas istiqamətlərindəndir. Cənab Prezident İlham Əliyevin azad edilmiş ərazilərə müntəzəm səfərləri bu prosesin daim diqqət mərkəzində saxlanıldığını göstərir. Vətən müharibəsi başa çatdıqdan sonra dövlət başçısının Zəngilana etdiyi səfərlər mühüm infrastruktur layihələrinin, yaşayış komplekslərinin təməlqoyma və açılış mərasimləri ilə yadda qalıb. Hər bir səfər rayonun inkişafı, iqtisadi potensialının artırılması və müasir yaşayış məkanına çevrilməsi baxımından yeni mərhələnin əsasını qoyur.

Zəngilan Beynəlxalq Hava Limanı bölgənin nəqliyyat imkanlarının genişləndirilməsi baxımından böyük əhəmiyyətə malikdir. Bütün növ təyyarələri, o cümlədən genişgövdəli və ağır yük təyyarələrini qəbul etmək imkanına malik olan bu hava limanı Qarabağ və Şərqi Zəngəzurun mühüm nəqliyyat qovşaqlarından birinə çevrilmək potensialına sahibdir. Hava limanı, eyni zamanda, Zəngəzur dəhlizinin nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi və regionun beynəlxalq nəqliyyat əlaqələrinin gücləndirilməsi baxımından strateji rol oynayır.

Zəngilanın gələcək inkişafında Horadiz-Zəngilan-Ağbənd dəmir yolu xəttinin inşası da mühüm yer tutur. Bu layihə azad edilmiş ərazilərə sərnişinlərin rahat gediş-gəlişinin təmin olunmasına, yükdaşımaların genişləndirilməsinə və iqtisadi əlaqələrin gücləndirilməsinə xidmət edəcək. Dəmir yolunun istifadəyə verilməsi bölgənin ölkənin digər əraziləri ilə nəqliyyat əlaqələrini yaxşılaşdırmaqla yanaşı, Zəngilanın regional və beynəlxalq logistika sistemində mövqeyini də möhkəmləndirəcək. Beləliklə, Zəngilanda həyata keçirilən bərpa-quruculuq işləri tarixi ədalətin bərpası ilə yanaşı, rayonun iqtisadi və sosial inkişafı üçün də geniş perspektivlər açır.

Bəxtiyar Mustafayev,
YAP Mingəçevir şəhər təşkilatının sədri.




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
20-10-2026