Mobil versiya
Novruzəli Aslanov: “Qubadlı zəfəri Qələbəmizi yaxınlaşdıran tarixi hadisə oldu”
Tarix: 20-10-2026 | Saat: 10:18
Bölmə:Manşet / Siyasət | çapa göndər

Novruzəli Aslanov: “Qubadlı zəfəri Qələbəmizi yaxınlaşdıran tarixi hadisə oldu”

“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə işğaldan azad edilmiş ərazilər üzrə şəhər günlərinin təsis edilməsi tarixi Qələbəmizin əbədiləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu əlamətdar günlərin hər il qeyd olunması xalqımızın öz torpaqlarına bağlılığını, milli yaddaşına və tarixinə ehtiramını nümayiş etdirir. Həmin Sərəncama əsasən, 25 oktyabr Qubadlı şəhəri günü kimi müəyyən edilib. Qubadlı rayonunun Ermənistanla 120 kilometrlik sərhədə malik olması onu uzun illər ərzində düşmənin hücumlarının hədəfinə çevirmişdi. 1988-ci ildən etibarən həm Ermənistan, həm də keçmiş Dağlıq Qarabağ istiqamətindən rayona qarşı təcavüzkar hücumlar həyata keçirilir, dinc əhaliyə qarşı terror törədilirdi. Nəticədə, 1993-cü il avqustun 31-də Qubadlı Ermənistan silahlı qüvvələri tərəfindən işğal olundu. İşğalın ağır nəticələri olaraq 29 997 nəfər doğma yurdunu tərk etmək məcburiyyətində qaldı. Rayonun 94 yaşayış məntəqəsi, minlərlə fərdi ev, sosial və mədəniyyət obyekti dağıdıldı, ərazinin iqtisadi potensialına ciddi ziyan vuruldu. İşğal dövründə Ermənistan tərəfindən beynəlxalq hüquq normalarına zidd olaraq qanunsuz məskunlaşdırma siyasəti də həyata keçirilirdi. Xaricdən gətirilən ermənilər üçün Qubadlının Xanlıq kəndində qəsəbə salınması bu siyasətin konkret nümunələrindən biridir. İşğal olunmuş ərazilərdə belə məskunlaşma beynəlxalq humanitar hüququn prinsiplərinə ziddir. Azərbaycan Prezidentinin təşəbbüsləri və həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində işğal dövründə törədilmiş dağıntıların və qanunsuz əməllərin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində də mühüm işlər görülüb”.

Bunları Milli Məclisin deputatı Novruzəli Aslanov 25 oktyabr – Qubadlı şəhəri günü ilə bağlı aia.az-a verdiyi açıqlamasında deyib.

Millət vəkili 44 günlük Vətən müharibəsində Qubadlının azad edilməsinin strateji əhəmiyyətini vurğulayaraq bildirib ki, bu əməliyyat Azərbaycan Ordusunun yüksək döyüş hazırlığının, peşəkarlığının və hərbi məharətinin parlaq nümunəsi idi: “2020-ci il oktyabrın 25-də Azərbaycan Ordusunun Qubadlı şəhərini azad etməsi müharibənin gedişində mühüm dönüş nöqtələrindən birinə çevrildi. Düşmən şəhərdə güclü istehkamlar qurmuş, ətraf yüksəkliklərdə hərbi mövqelər yerləşdirmişdi. Buna görə də əməliyyatın uğurla nəticələnməsi üçün ilk növbədə strateji yüksəkliklərin ələ keçirilməsi vacib idi. Ordumuz qarşıya qoyulan vəzifələri yüksək peşəkarlıqla yerinə yetirərək düşmənin müdafiə sistemini yarıb keçdi və oktyabrın 25-də şəhəri işğaldan azad etdi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Qubadlının azad edilməsinin tarixi əhəmiyyətini belə ifadə edib: “Qubadlıya öz sahibləri qayıdıb. Qubadlının işğaldan azad edilməsi tarixi hadisə idi. Oktyabrın 25-də Qubadlı şəhərinin azad edilməsi bizim qələbəmizi yaxınlaşdırdı”. Qubadlı əməliyyatının uğurla başa çatdırılması Ordumuzun sonrakı hərbi əməliyyatları üçün də əlverişli şərait yaratdı. Noyabrın 9-dək şəhərlə yanaşı, rayonun 41 kəndi də işğaldan azad edildi. Bu qələbə Laçın istiqamətində irəliləyişə, strateji mövqelərin nəzarətə götürülməsinə və düşmənin hərbi imkanlarının məhdudlaşdırılmasına mühüm töhfə verdi. Azərbaycan əsgərinin şücaəti, xalqımızın birliyi və Ali Baş Komandanın qətiyyətli rəhbərliyi sayəsində torpaqlarımızın azadlığı təmin olundu. Qubadlıda bu gün yeni həyatın qurulması da tarixi Zəfərin mühüm nəticələrindəndir. Şəhərin yeni Baş planın təsdiqlənməsi, enerji təminatının gücləndirilməsi, yeni avtomobil yollarının çəkilməsi, Mahruzlu və Zilanlı kəndlərində bərpa işlərinin aparılması doğma yurda qayıdışın möhkəm təməlini yaradır. Qubadlı şəhəri günü həm qəhrəmanlıq tariximizin, həm də azad edilmiş torpaqlarda başlanan quruculuq mərhələsinin rəmzidir” – deyə, Novruzəli Aslanov fikirlərini tamamlayıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
20-10-2026