Mobil versiya
Dövlətin milyonlarını belə mənimsəyiblər - "Ölü canlar", 16 saxta MMC və məhkəmədə ifşalar!
Tarix: 05-10-2026 | Saat: 22:30
Bölmə:Siyasət | çapa göndər

Dövlətin milyonlarını belə mənimsəyiblər - "Ölü canlar", 16 saxta MMC və məhkəmədə ifşalar!


Bakı Ağır Cinayətlər Məhkəməsində Səhiyyə Nazirliyinin İnformatika və Statistika İdarəsinin sabiq rəisi Mehdi Əmrahovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. Hakim Nemət Məmmədovun sədrliyi ilə baş tutan iclasda səhiyyə sistemindəki büdcə yeyintiləri və tender fırıldaqlarının dəhşətli mexanizmi üzə çıxıb.

Məhkəmədə ifadə verən şahidlərin dili ilə dövlət büdcəsinin necə talan edildiyi, pulların MMC-lər üzərindən necə nağdlaşdırıldığı və zəncirvari şəkildə kimlərə çatdırıldığı bir-bir sadalanıb.

Prosesdə ilk olaraq şahid Sahib Qarayev dindirilib. Məlum olub ki, S.Qarayev əvvəlcə Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində təqsirləndirilən şəxs qismində cəlb edilib. Lakin o, istintaq dövründə vurduğu ziyanı tam ödəyib, üstəlik ziyanın əlavə 25 faizini də dövlətə ödədiyindən barəsindəki cinayət təqibinə xitam verilib və iş üzrə şahid statusu alıb.

Sahib Qarayev ifadəsində bildirib ki, səhiyyə sahəsindəki 16 müəssisə tenderdə iştirak edib. Qalib gələn şirkətlərin hesabına köçən vəsaitləri şirkət rəhbəri Yaşar Əmənov nağdlaşdıraraq ona, o isə öz növbəsində Arif Şıxəliyevə verib: "Onun pulu kimə çatdırdığını bilməmişəm. Hər götürülən məbləğin 1-3 faizi mənə çatıb".

Lakin ibtidai istintaq zamanı elan olunan ifadəsindən aydın olub ki, 2023–2025-ci illərdə büdcədən ayrılan vəsaitlərdən Yaşar Əmənova: 85 min 131 manat, Arif Şıxəliyevə 10 min 718 manat, Xidmət haqqı kimi özünə 16 min 991 manat və Mehdi Əmrahova 514 min 476 manat çatıb.
Şahid ibtidai istintaqdakı bu ifadəsini məhkəmədə də tam təsdiqləyib.

Daha sonra dindirilən digər şahid Arif Şıxəliyev də dövlətə vurduğu ziyanı ödədiyini və 50 faiz məbləğində əlavə cərimə-ödəniş etdiyi üçün barəsindəki cinayət təqibinə xitam verildiyini qeyd edib. A.Şıxəliyev tender sxemini detallı şəkildə acıqlayıb:

"2023-cü ildəki tenderlərdən gələn pulları Əlimusa Musayevə vermişəm, o da Mehdi Əmrahova çatdırıb. 2024-cü ildə olan tenderlərdən gələn pulu isə Mehdi Əmrahova şəxsən özüm çatdırmışam".

Hakim pulların çatdırılması ilə bağlı təqsirləndirilən Mehdi Əmrahova sual ünvanlasa da, sabiq rəis bu məsələyə münasibət bildirməkdən imtina edərək susmağa üstünlük verib.

Digər şahid Yaşar Əmənov məhkəməyə bildirib ki, ittihamda adı çəkilən 16 MMC onun iştirakı ilə açılıb. Hər əməliyyat üçün MMC kimin adına rəsmiləşdirilibsə, ona 500-600 manat verilib. Y.Əmənov da vurduğu ziyanın 50 faizi daxil olmaqla ümumilikdə 128 min manat ödəyərək məsuliyyətdən azad edilib.
İttihama əsasən, Mehdi Əmrahov 2022–2025-ci illərdə idarədə faktiki işləməyən şəxslərin adına əməkhaqqı yazaraq 12 işçinin maaşı hesabına 155 min manatdan çox vəsaiti mənimsəyib. Eyni zamanda, tender müqavilələri üzərindən 627 min manatdan çox dövlət vəsaiti mənimsənilib.
Dövlətə dəymiş ümumi ziyan 783 min manat təşkil edir.

Mehdi Əmrahova qarşı Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.
Əvvəlcə barəsində polis nəzarəti qətimkan tədbiri seçilsə də, hazırlıq iclasında o, birbaşa məhkəmə zalından həbs edilib. Buna səbəb sabiq rəisin dövlətə dəymiş 783 min manatlıq ziyanı ödəmək üçün heç bir təşəbbüs göstərməməsidir. Dəymiş ziyan ödənilmədiyi halda onu 10 ildən 14 ilə qədər ağır həbs cəzası gözləyir.

Məhkəmə prosesi oktyabrın 19-da davam etdiriləcək.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
05-10-2026