Mobil versiya
Adəm İsmayıl Bakuvi: “Azərbaycan müharibədən sonrakı dövrdə də sülhə, əməkdaşlığa və qarşılıqlı həmrəyliyə çağırış edən ölkə kimi çıxış edir”
Tarix: 16-09-2026 | Saat: 14:07
Bölmə:Manşet / Siyasət | çapa göndər

Adəm İsmayıl Bakuvi: “Azərbaycan müharibədən sonrakı dövrdə də sülhə, əməkdaşlığa və qarşılıqlı həmrəyliyə çağırış edən ölkə kimi çıxış edir”

“Bakıda keçirilən beynəlxalq tədbirlərin iştirakçılarının Cənab Prezident İlham Əliyev tərəfindən qəbul olunması Azərbaycanın Türk dünyasında, İslam aləmində və Qafqaz regionunda tutduğu mövqenin növbəti dəfə nümayişinə çevrildi. Türk Dövlətləri Təşkilatının müsəlman dini idarələrinin rəhbərləri Şurasının iclasının və Seyid Yəhya Bakuvi irsinə həsr olunmuş beynəlxalq konfransın eyni vaxtda paytaxtımızda keçirilməsi də xüsusi məna daşıyır. Bu tədbirlərin Bakıda təşkil olunması Azərbaycanın fərqli coğrafiyaları, xalqları və dini-mədəni mühitləri bir araya gətirən mühüm dialoq məkanına çevrildiyini göstərir. Cənab Prezident İlham Əliyev görüş zamanı Azərbaycanın bu xüsusiyyətini aydın şəkildə ifadə edərək bildirib: “Azərbaycan həm Türk dünyasının bir parçasıdır, həm də Qafqaz ölkəsidir.” Həqiqətən də, iki mühüm geosiyasi və mədəni məkanın qovşağında yerləşən Azərbaycan son illərdə bir tərəfdən Türk dövlətləri arasında əlaqələrin dərinləşdirilməsinə, digər tərəfdən isə Qafqazda sülhün və qarşılıqlı əməkdaşlığın möhkəmləndirilməsinə ardıcıl şəkildə diqqət yetirir. Cənab Prezident İlham Əliyev dini liderlərin Bakıda bir araya gəlməsinin əhəmiyyətinə toxunaraq onların cəmiyyətlərə təsir imkanlarını xüsusi qeyd edib: “Müsəlman dini liderlərin hər bir sözü, təbii ki, müsəlman icmaları üçün çox dəyərlidir, qiymətlidir. Bu sözlər sülhə, əməkdaşlığa, əmin-amanlığa, barışığa istiqamətləndirilirsə, deməli, yaşadığımız bölgələrdə də sülh və əmin-amanlıq üstünlük təşkil edəcək.” Bu yanaşma Azərbaycanın dini həmrəyliyə verdiyi önəmi də əks etdirir. Bakı artıq yalnız dini və mənəvi məsələlərin müzakirə olunduğu məkan deyil, eyni zamanda sülh, qarşılıqlı anlaşma və əməkdaşlıq çağırışlarının səsləndirildiyi beynəlxalq platformalardan biri kimi çıxış edir.”

Bu fikirləri aia.az-a verdiyi açıqlamasında Vəhdət Partiyasının sədri, ictimai-siyasi xadim Adəm İsmayıl Bakuvi səsləndirib.

Partiya sədri qeyd edib ki, görüş zamanı Qarabağ məsələsinə də geniş yer ayrılması xüsusi önəm daşıyan bir məqamdır: “Cənab Prezident beynəlxalq tədbirlərin iştirakçılarının Ağdam, Xankəndi, Xocalı və Şuşaya səfər edəcəklərini bildirərək onların həm işğal dövrünün ağır nəticələrini, həm də bu gün regionda həyata keçirilən böyük quruculuq prosesini öz gözləri ilə müşahidə edəcəklərini diqqətə çatdırdı. Dövlətimizin başçısının qeyd etdiyi kimi: “Bunu indi bütün dünya görür - viran qoyulmuş şəhərlər, kəndlər, sökülmüş evlər, talanmış milli sərvətlərimiz, dağıdılmış məscidlər.” Lakin bu gün həmin mənzərənin yerini tamamilə fərqli görüntülər tutur. İşğaldan azad olunmuş ərazilərdə həyatın bərpası sürətlə davam edir, şəhər və kəndlər yenidən qurulur, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı təmin edilir. Cənab Prezident İlham Əliyevin bildirdiyi kimi, artıq Qarabağ və Şərqi Zəngəzurda 48 şəhər və kənddə 90 mindən artıq insan yaşayır. Dövlətimizin başçısının sözləri ilə desək, “həyat qayıdıb və bu, bizim böyük nailiyyətimizdir, tarixi nailiyyətimizdir.” Bütün bunlar Qarabağ məsələsinin tamamilə yeni mərhələyə daxil olduğunu göstərir. Uzun illər ərzində Azərbaycan torpaqlarının işğaldan azad edilməsinin mümkün olmadığı barədə müxtəlif fikirlər səsləndirilirdi. Azərbaycan isə öz iqtisadi imkanlarına, siyasi iradəsinə və milli gücünə arxalanaraq bu reallığı dəyişdi. Cənab Prezidentin çıxışında vurğuladığı kimi, “Azərbaycan xalqı bu ədalətsizliyə son qoydu və dünyada bir presedent yaratdı.” Bu tarixi nəticənin izləri bu gün Qarabağın bərpa olunan şəhər və kəndlərində, çəkilən yeni yollarda, tikilən məktəblərdə və salınan yaşayış məhəllələrində aydın görünür.”

Fikirlərini davam etdirən müsahibimiz daha sonra bildirib ki, cənab Prezident İlham Əliyevin çıxışında sülh məsələsinə xüsusi diqqət ayırması heç də təsadüfi deyil: “Azərbaycan-Ermənistan arasında sülh prosesinin davam etdiyini qeyd edən dövlətimizin başçısı bu prosesin uzunmüddətli xarakter daşımasının vacibliyini vurğuladı: “Bu gün sülh var və müharibə dayanıb. Ermənistanla Azərbaycan arasında sülh prosesi gedir və əminəm ki, bu, uzunmüddətli olacaq.” Bununla yanaşı, sülhün tarixi yaddaşın silinməsi anlamına gəlmədiyi də açıq şəkildə ifadə edildi. Cənab Prezidentin sözləri ilə desək: “Xocalı qurbanlarını unutmayacağıq, dağıdılmış məscidlərimizi, təhqir edilmiş mədəni ocaqlarımızı heç vaxt unutmayacağıq və bu yaddaş bizi daha da ayıq edəcək.” Bakıda keçirilən görüşün mahiyyətini müəyyən edən əsas məqam da məhz bu yanaşmadır. Azərbaycan müharibədən sonrakı dövrdə yalnız işğaldan azad edilmiş əraziləri bərpa edən dövlət kimi deyil, eyni zamanda sülhə, əməkdaşlığa və qarşılıqlı həmrəyliyə çağırış edən ölkə kimi çıxış edir. Türk dünyasının və İslam aləminin nüfuzlu nümayəndələrinin Bakıda bir araya gəlməsi Azərbaycanın bu istiqamətlərdə oynadığı rolun və beynəlxalq əməkdaşlıq imkanlarının genişləndiyini nümayiş etdirir. Cənab Prezident İlham Əliyevin ifadə etdiyi kimi: “Azərbaycan təmsil olunduğu bütün təşkilatlarda birləşdirici, barışdırıcı və əməkdaşlığa istiqamət verən ölkə kimi çıxış edir.” Bakının beynəlxalq əhəmiyyətinin artmasının əsas səbəblərindən biri də budur. Azərbaycan öz tarixi irsinə və milli-mənəvi dəyərlərinə sadiq qalaraq gələcəyə doğru inamla irəliləyir, Qarabağda yeni həyat qurur, Türk dünyası ilə münasibətləri daha da inkişaf etdirir, İslam həmrəyliyinin möhkəmlənməsinə töhfə verir və Qafqazda davamlı sülhün təmin olunması istiqamətində mövqeyini ortaya qoyur. Bakının dünyaya çatdırdığı mesajın mahiyyəti aydındır: müharibədən sonra quruculuq, qarşıdurmadan sonra əməkdaşlıq, məcburi köçkünlükdən sonra doğma yurda qayıdış gəlməlidir. Azərbaycanın bugünkü fəaliyyətinin əsas istiqamətlərindən biri də məhz sülh, inkişaf, həmrəylik və qarşılıqlı əməkdaşlıq üzərində qurulan bu yeni reallığın möhkəmləndirilməsidir” – deyə, Adəm İsmayıl Bakuvi fikirlərini tamamlayıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-09-2026