Mobil versiya
Kamran Əliyev Qazaxıstanda mühüm toplantıda - Fotolar
Tarix: 11-09-2026 | Saat: 18:21
Bölmə:Gündəm / Siyasət | çapa göndər

Kamran Əliyev Qazaxıstanda mühüm toplantıda - Fotolar


Qazaxıstanlı həmkarının dəvəti əsasında Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti sentyabrın 10-da Qazaxıstanın Türküstan şəhərinə rəsmi səfərə gəlib.

“aia.az” xəbər verir ki, Qazaxıstan Baş prokuroru Berik Asılovla ikitərəfli görüşdə ev sahibi dövlətlərimiz arasında müxtəlif istiqamətlər üzrə ardıcıl şəkildə genişlənən əməkdaşlığın, xüsusilə prokurorluq orqanları arasında formalaşmış sıx və səmərəli əlaqələrin yüksək səviyyəsindən məmnunluğunu bildirib.

Baş prokuror Kamran Əliyev yüksək qonaqpərvərliyə və səmimi qəbula görə həmkarına minnətdarlığını bildirərək, təməli xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulmuş və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən Azərbaycan-Qazaxıstan münasibətlərinin siyasi, iqtisadi, ticari, nəqliyyat, mədəni və digər sahələrdə ardıcıl şəkildə inkişaf etdiyini vurğulayıb.

Baş prokuror bildirib ki, iki ölkə rəhbərinin siyasi iradəsi və qarşılıqlı etimada əsaslanan münasibətləri dövlətlərimiz arasında strateji tərəfdaşlığın və müttəfiqlik əlaqələrinin daha da möhkəmlənməsinə mühüm töhfə verir. Bu baxımdan, 24 avqust 2022-ci ildə Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında strateji münasibətlərin möhkəmləndirilməsi və müttəfiqlik qarşılıqlı fəaliyyətinin dərinləşdirilməsi haqqında Bəyannamə”nin ikitərəfli münasibətlərin inkişafında mühüm mərhələ olduğunu qeyd edib. Bu prosesin Prokurorluq orqanları arasında əməkdaşlığa da münbit zəmin yaratdığını qeyd edən Kamran Əliyev həm ikitərəfli münasibətlər, həm də çoxtərəfli platformalar və beynəlxalq təşkilatlar çərçivəsində həyata keçirilən qarşılıqlı fəaliyyətin əhəmiyyətini vurğulamış, iki ölkənin prokurorluq orqanları arasında mövcud əməkdaşlığın gələcəkdə də davamlı şəkildə inkişaf etdiriləcəyinə əminliyini ifadə edib.

Baş prokuror, həmçinin, 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfərdən sonra işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən genişmiqyaslı quruculuq və bərpa işlərinə qardaş Qazaxıstanın verdiyi dəstəyi xüsusi vurğulayıb. O, Qazaxıstan xalqının Azərbaycan xalqına hədiyyəsi olaraq Füzuli şəhərində inşa edilmiş Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin 12 mart 2024-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin iştirakı ilə açılışını ölkələrimiz və xalqlarımız arasında möhkəm dostluq və qardaşlıq münasibətlərinin bariz nümunəsi kimi qeyd edib.

Eyni zamanda, həmin tarixdə dövlət başçılarının Füzulidə inşa olunacaq Mərkəzi Rayon Xəstəxanasının layihəsi ilə tanış olmalarını və bu layihənin icrasında Qazaxıstan şirkətinin də iştirakını iki ölkə arasında əməkdaşlığın işğaldan azad edilmiş ərazilərin dirçəldilməsi istiqamətində də uğurla davam etdirilməsinin göstəricisi kimi dəyərləndirib.

Görüş zamanı qarşılıqlı maraq kəsb edən bir sıra məsələlər ətrafında müzakirələr aparılıb, əməkdaşlığın perspektiv istiqamətləri və gələcək fəaliyyətin prioritetləri barədə fikir mübadiləsi keçirilib.

Daha sonra Baş prokuror Kamran Əliyev sentyabrın 11-də Türküstan şəhərində Türk Dövlətləri Təşkilatına üzv Dövlətlərin Baş Prokurorları Şurasının 5-ci iclasında iştirak edib.

Baş prokuror çıxışında mühüm tədbirin yüksək səviyyədə təşkilinə görə Qazaxıstan Respublikasının Baş prokuroru Berik Asılova minnətdarlığını bildirib. O, Azərbaycan Respublikasında Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi şəhərsalma və memarlıq sahəsində qanunçuluğun təmin edilməsində prokurorluq orqanlarının rolu mövzusunda çıxış edib.

Baş prokuror qeyd edib ki, ölkəmiz iqtisadi cəhətdən inkişaf etdikcə şəhərlərimizin siması da dəyişərək modernləşmişdir. Bununla paralel olaraq, Azərbaycan öz tarixi memarlıq mirasının və ənənələrinin qorunmasına da xüsusi həssaslıqla yanaşır.

Tədbir çərçivəsində, həmçinin Türkiyə Respublikasının Baş prokuroru Muhsin Şentürkün rəhbərlik etdiyi heyətlə ikitərəfli görüş keçirilib. Görüşdə ölkələrimiz arasında tarixi qardaşlıq münasibətlərinin, xüsusilə dövlət başçılarımız İlham Əliyev və Rəcəb Tayyib Erdoğan arasındakı dostluq əlaqələrinin türk dünyasının birliyinin möhkəmlənməsinin təməlində durması vurğulanıb. Daha sonra prokurorluq arasında əməkdaşlıqla bağlı qarşılıqlı maraq kəsb edən məsələlər, eyni zamanda birgə beynəlxalq tədbirlərin təşkili ətrafında fikir mübadiləsi aparılıb.





Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
11-09-2026