Mobil versiya
Qızıl Aypara emblemi: humanizm, hüquq və təhlükəsizliyin simvolik ifadəsi
Tarix: 11-09-2026 | Saat: 11:41
Bölmə:Manşet / Özəl | çapa göndər

Qızıl Aypara emblemi: humanizm, hüquq və təhlükəsizliyin simvolik ifadəsi

Sivilizasiyanın inkişaf tarixində sözlər qədər simvollar da mühüm rol oynayıb. İnsanlar bəzən mürəkkəb ideyaları, mənəvi dəyərləri və ictimai münasibətləri bir işarə vasitəsilə ifadə ediblər. Bəzi simvollar dövlətləri, xalqları, dinləri və ideologiyaları təmsil edir. Lakin elə simvollar da var ki, onların mahiyyəti milli, siyasi və coğrafi sərhədləri aşaraq ümumbəşəri dəyərlərlə əlaqələndirilir. Qızıl Aypara emblemi məhz belə universal humanitar simvollardan biridir.
Ağ fonda qırmızı aypara ilk baxışda sadə qrafik işarə təsiri bağışlaya bilər. Lakin, bunun arxasında uzun tarixi inkişaf, beynəlxalq humanitar hüququn müəyyən etdiyi xüsusi status, insan həyatının və ləyaqətinin qorunmasına əsaslanan mənəvi dəyərlər dayanır. Bu səbəbdən Qızıl Aypara embleminə yalnız müəyyən bir təşkilatın tanınma nişanı kimi baxmaq onun mahiyyətini məhdudlaşdırmaq olardı. Emblem, hər şeydən əvvəl, insan həyatına verilən dəyərin görünən ifadəsidir.

Azərbaycan üçün isə bu simvolun mənası daha xüsusi məzmun daşıyır. Çünki ölkəmizin müasir tarixi münaqişə, məcburi köçkünlük, humanitar problemlər, təbii fəlakətlər və müxtəlif sosial çağırışlarla müşayiət olunub. Bu şəraitdə humanitar fəaliyyət yalnız yardım göstərməkdən ibarət olmamalıdır, həmçinin insan həyatının, ləyaqətinin və sosial həmrəyliyin qorunması vasitəsinə çevrilməlidir.

Qızıl Aypara embleminin digər təşkilati simvollardan əsas fərqi onun beynəlxalq humanitar hüquqda xüsusi hüquqi əhəmiyyətə malik olmasıdır. 1949-cu il Cenevrə Konvensiyaları və onların Əlavə Protokolları Qızıl Xaç, Qızıl Aypara və Qızıl Kristal emblemlərinin istifadəsini hüquqi çərçivəyə salır. Beynəlxalq humanitar hüquqda emblemin iki əsas funksiyası fərqləndirilir: qoruyucu istifadə və tanıdıcı istifadə.
Qoruyucu istifadə zamanı emblem beynəlxalq hüquqla xüsusi qorunan tibbi xidmətləri, şəxsləri, bölmələri, nəqliyyat vasitələrini, obyektləri və müəyyən hallarda humanitar fəaliyyətləri görünən edir.
Tanıdıcı istifadə isə şəxsin və ya obyektin Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatı ilə əlaqəsini göstərir. Bu fərq çox vacibdir. Çünki emblemin hər hansı obyektin üzərində yerləşdirilməsi həmin binaya beynəlxalq humanitar hüquq baxımından diqqəti artırır. Qoruyucu hüquqi status emblemin düzgün və hüquqi məqsədlə istifadəsi ilə, konkret qorunan şəxslərin və obyektlərin statusu ilə bağlıdır. I Cenevrə Konvensiyasının 38 və 44-cü maddəsi məhz qoruyucu və tanıdıcı istifadə arasında bu prinsipial fərqi müəyyən edir.

Lakin bu hüquqi məhdudiyyət emblemin daha geniş humanitar və fəlsəfi əhəmiyyətini azaltmır. Əksinə, hüquqi statusla ictimai qavrayış bir-birini tamamlayır. Çünki hüquq qorumanın çərçivəsini müəyyən edir, emblem isə həmin qorumanı görünən edir. Qızıl Aypara emblemi beynəlxalq humanitar hüququn görünən dili kimi çıxış edir.

İnsan təbiəti etibarilə görünən işarələr vasitəsilə görünməyən anlayışları dərk edə bilir. Dövlət bayrağı dövlətçiliyi, tərəzi ədaləti, bir çox humanitar simvollar isə insanlıq ideyasını ifadə edir. Qızıl Aypara da yalnız özünü göstərmir. O, öz arxasında dayanan insanlıq, mərhəmət, yardım, neytrallıq, qərəzsizlik və humanitar məsuliyyət anlayışlarını görünən edir. Burada mühüm fəlsəfi məqam ortaya çıxır:

Görünən simvol görünməyən dəyəri cəmiyyətin şüurunda real sosial fakta çevirir.

İnsan Qızıl Aypara emblemini gördükdə yalnız qırmızı ayparanı görmür. Onun şüurunda həmin işarə yardım, insan həyatının qorunması və humanitar fəaliyyət haqqında müəyyən təsəvvür yaradır. Emblem sadəcə bir nişan kimi çıxış etmir, etimad yaradan sosial simvola çevrilir. Etimad isə təhlükəsizliyin görünməyən sütunlarından biridir.

Təhlükəsizlik anlayışı çox vaxt sərhədlər, hərbi müdafiə, hüquq-mühafizə və fiziki qorunma ilə əlaqələndirilir. Lakin müasir insan təhlükəsizliyi anlayışı daha genişdir. İnsan yalnız fiziki müdaxilədən qorunduğu zaman təhlükəsiz hesab olunmamalıdır. O, həm də həyatının, sağlamlığının, ləyaqətinin və fundamental hüquqlarının qorunduğunu hiss etdiyi zaman təhlükəsiz olur. Bu baxımdan humanitar təhlükəsizlik fiziki təhlükəsizliyin alternativi kimi çıxış etmir, əksinə onun mühüm tamamlayıcısı qismində çıxış edir. Bir ərazidə səhiyyə, sosial xidmət, ilk yardım, fövqəladə hallara hazırlıq, humanitar yardım, könüllülük və digər sosial-humanitar fəaliyyətlər inkişaf etdikcə həmin məkanda insan təhlükəsizliyinin sosial infrastrukturu daha da güclənir. Qızıl Aypara emblemi bu prosesin görünən tərəflərindən biri ola bilər.

Bu yanaşma Azərbaycanın işğaldan azad edilmiş əraziləri, xüsusilə Qarabağ və Şərqi Zəngəzur üçün xüsusi əhəmiyyət daşıya bilər. Uzun illər münaqişənin ağır nəticələrini yaşamış bu ərazilərdə bu gün yeni həyat qurulur. Yaşayış məntəqələri bərpa olunur, insanlar doğma torpaqlarına qayıdır, məktəblər, səhiyyə və sosial obyektlər yaradılır, yeni ictimai məkanlar formalaşır. Lakin torpağın yenidən qurulması yalnız binaların tikilməsi demək deyil. Torpağın həqiqi bərpası insanın həmin torpaqda özünü təhlükəsiz, ləyaqətli və gələcəyə inamlı hiss etməsi ilə tamamlanır. Humanitar fəaliyyətin coğrafiyası genişləndikcə insan təhlükəsizliyinin sosial və institusional dayaqları da güclənir.
Təsəvvür edək ki, Qarabağın müxtəlif yaşayış məntəqələrində Qızıl Aypara Cəmiyyətinin yerli fəaliyyət məkanları, humanitar xidmət nöqtələri, ilk yardım və maarifləndirmə mərkəzləri mövcuddur. Təbii ki, bu məkanların hər birində emblem görünür. Bu mənzərə yalnız təşkilati fəaliyyətin genişlənməsi demək deyil. Bu, müəyyən mənada ərazinin humanitar xəritəsinin formalaşmasıdır. Humanitar xəritədə insanın güvənc duyduğu yerlər, yardımın mövcud olduğu məkanlar və insan həyatının qorunmasına xidmət edən institutlar görünür.

Qızıl Aypara emblemi belə bir humanitar xəritənin görünən simvollarından birinə çevrilə bilər. Qarabağda və Şərqi Zəngəzurda emblem daşıyan humanitar obyektlərin, yardım və xidmət məntəqələrinin, ilk yardım və maarifləndirmə mərkəzlərinin mövcudluğu yalnız emblemlərin fiziki olaraq çoxalması kimi qiymətləndirilməməlidir. Burada əsas məsələ emblemlərin təmsil etdiyi humanitar dəyərlərin və fəaliyyətin coğrafiyasının genişlənməsidir. Bu, yalnız yardım göstərilən məkanların artması anlamına gəlmir. Əksinə, insan təhlükəsizliyinin, ilk yardım və humanitar maarifləndirmənin, sosial həmrəyliyin və humanizm prinsiplərinin gündəlik ictimai həyatın bir hissəsinə çevrilməsini ifadə edir.

Bu fəaliyyətin dövlət qurumları ilə qarşılıqlı əməkdaşlıq və koordinasiya şəraitində həyata keçirilməsi isə humanitar xəritənin institusional mahiyyətini daha da gücləndirir. Dövlətin müəyyən etdiyi sosial və humanitar prioritetlərlə Qızıl Aypara Cəmiyyətinin humanitar fəaliyyəti arasında koordinasiyanın mövcudluğu insanların ehtiyaclarının daha düzgün və çevik müəyyənləşdirilməsinə, yardım və xidmətlərin daha səmərəli təşkilinə, humanitar prinsiplərin yerli səviyyədə daha geniş təşviqinə imkan yaradır.

Qarabağda formalaşan humanitar obyektlər və fəaliyyət məntəqələri şəbəkəsi yalnız yerli əhali üçün xidmət infrastrukturu deyil, eyni zamanda dövlət, milli humanitar qurum və beynəlxalq humanitar ictimaiyyət arasında əlaqəni görünən edən humanitar iştirak xəritəsi yarada bilər.

Emblemin tanıdıcı istifadəsi ilə qoruyucu istifadəsini bir-birindən fərqləndirmək və onları qarışdırmamaq çox vacibdir. Milli Cəmiyyətin emblemdən Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının üzvü kimi istifadə etməsi Qızıl Ayparanın beynəlxalq səviyyədə tanınan humanitar qurum kimi ictimai məkanda daha aydın təmsil olunmasına imkan yaradır. Bu təmsilçilik isə insan amilini, humanitar məsuliyyəti və beynəlxalq humanitar normalara hörmət məsələsini daha görünən və daha aydın şəkildə gündəmə gətirir.
Başqa sözlə, Qızıl Aypara emblemi xarici müdaxiləyə qarşı hüquqi toxunulmazlıq yaradan və ya hər hansı ərazi və obyekti fiziki-hüquqi baxımdan qoruyan müstəqil hüquqi mexanizm deyildir. Emblemin qoruyucu mahiyyəti onun beynəlxalq humanitar hüquqla müəyyən edilmiş statusundan, onun qanuni və düzgün istifadəsindən, habelə real humanitar fəaliyyətlə və müvafiq dövlət qurumları ilə koordinasiya ilə tamamlanmasından irəli gəlir. Bununla belə, emblem humanitar fəaliyyətin xarakterini və məqsədini aydın şəkildə nümayiş etdirərək, həmin məkanda humanitar iştirakın görüntüsünü artırır, humanitar dəyərlərin ictimai şüurda möhkəmlənməsinə və beynəlxalq humanitar diqqətin formalaşmasına mühüm töhfə verir.
Bu baxımdan, emblemi “hüquqi divar” kimi deyil, hüquqi statusu görünən və tanınan edən müdafiəsi vacib humanitar nişan kimi qiymətləndirmək daha doğru olar. Onun əsas gücü fiziki maneə yaratmasında deyil, insan həyatının və ləyaqətinin qorunması ilə bağlı beynəlxalq humanitar prinsipləri simvolik və institusional müstəvidə təmsil etməsindədir. Bu mənada Qızıl Aypara emblemi humanitar mövcudluğun görünən ifadəsi, etimadın simvolu və humanitar məkanın mənəvi-institusional dayağıdır.

Qızıl Aypara embleminin iki müxtəlif, lakin bir-birini tamamlayan qoruyucu mahiyyətinə nəzər salaq. Birinci səviyyə hüquqi qorunmadır. Bu, beynəlxalq humanitar hüququn müəyyən etdiyi hallarda qorunan tibbi və humanitar fəaliyyətin, şəxslərin, obyektlərin və nəqliyyat vasitələrinin tanınması və müdafiəsi ilə bağlıdır.

İkinci səviyyə isə humanitar və institusional qorunmadır.

Bu, humanitar fəaliyyətin etibarlılığının, neytrallığının, qərəzsizliyinin, müstəqilliyinin və ictimai etimadının qorunmasıdır. Buna görə emblemə hörmət yalnız bir təşkilata hörmət deyil. Bu, beynəlxalq humanitar hüquqa və insanlıq prinsipinə hörmətdir.
Azərbaycan cəmiyyətində Qızıl Aypara emblemi uzun illər ərzində insanlara yardım, sosial həmrəylik, humanizm və ehtiyacı olan insanların yanında olmaq kimi anlayışlarla əlaqələndirilib. Bu, emblemin cəmiyyətin yaddaşında yalnız bir nişan kimi deyil, müəyyən humanitar dəyərlərin daşıyıcısı kimi formalaşdığını göstərir.

Sülh dövründə emblemə münasibətin formalaşması isə böhran və fövqəladə vəziyyətlər zamanı onun humanitar mesajının qəbul edilməsində mühüm rol oynayır. Cəmiyyət emblemin mahiyyətini nə qədər düzgün tanıyır və onun arxasında dayanan humanitar prinsipləri nə qədər aydın anlayırsa, böhran zamanı həmin simvolun ifadə etdiyi etimad, tərəfsizlik və humanizm mesajı da bir o qədər sürətli və düzgün qəbul edilir.

Fəlsəfi baxımdan emblemə hörmət, əslində, bir simvola deyil, həmin simvolun təmsil etdiyi insani dəyərə münasibətdir. Qızıl Aypara yalnız müəyyən bir təşkilatın nişanı deyil. O, insan həyatının, ləyaqətinin və ehtiyac içində olan insana yardım etməyin siyasi, dini və sosial fərqlərdən üstün tutulduğunu ifadə edən universal bir işarədir. Buna görə də emblemin qorunması onun özünün qorunmasından daha geniş məna daşıyır, bu, insanlığa münasibətin qorunması deməkdir.

Sülh dövründə emblemə göstərilən hörmət cəmiyyətin böhran zamanı necə davranacağının mənəvi hazırlığıdır. Çünki təhlükə anında insanın yaddaşında ilk növbədə əvvəldən formalaşmış dəyərlər dayanır. Əgər cəmiyyət emblemi yardımın, neytrallığın və insan ləyaqətinin işarəsi kimi qəbul edibsə, böhran zamanı həmin işarənin mənası daha asan tanınır və ona qarşı etimad daha davamlı olur.
Bu mənada Qızıl Aypara embleminin həqiqi gücü onun maddi formasında deyil, insan şüurunda yaratdığı mənadadır. Emblem divar deyil, lakin görünməz bir sərhəd yaradır: zorakılıqla humanizm, laqeydliklə mərhəmət, dağıtmaqla qorumaq arasında mənəvi sərhəd. Onun qorunması isə yalnız bir nişanın qorunması deyil, həmin sərhədin cəmiyyətin yaddaşında və şüurunda yaşadılmasına xidmət edir.
Ona görə də emblemə hörmət sülh dövrünün kiçik görünən, lakin böhran anında böyük əhəmiyyət qazanan humanitar sərmayəsidir. Bu gün cəmiyyətin emblemlə qurduğu münasibət, sabah onun humanitar fəaliyyətə göstərəcəyi münasibətin mənəvi əsasını formalaşdırır.

Rövşən Əliyev
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin vitse-prezidenti




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə