Mobil versiya
Azərbaycan və Özbəkistanın böyük yürüşü: Bakı-Daşkənd xətti Türk dünyasını birləşdirir
Tarix: 23-08-2026 | Saat: 14:57
Bölmə:Karusel / Gündəm | çapa göndər

Azərbaycan və Özbəkistanın böyük yürüşü: Bakı-Daşkənd xətti Türk dünyasını birləşdirir

Azərbaycanla Özbəkistan arasında münasibətlər son illərdə sadəcə ikitərəfli əlaqələrin dinamik inkişafı ilə deyil, bütövlükdə Türk dünyasının siyasi, iqtisadi və geostrateji mənzərəsinə təsiri ilə diqqət çəkir. Bakı ilə Daşkənd arasında formalaşan yüksək səviyyəli siyasi etimad, qarşılıqlı dəstək və qardaşlıq münasibətləri artıq iki dövlətin sərhədlərini aşaraq Mərkəzi Asiya ilə Cənubi Qafqazı bir-birinə yaxınlaşdıran mühüm amilə çevrilib.

Bu münasibətlərin təməlində isə təsadüfi siyasi maraqlar deyil, əsrlər boyu formalaşmış ortaq tarix, türk kimliyi, dil, mədəniyyət, adət-ənənə və mənəvi dəyərlər dayanır. Azərbaycan və özbək xalqları bir-birini yalnız dost və tərəfdaş deyil, eyni tarixi-mədəni kökləri bölüşən qardaş xalqlar kimi qəbul edir. Məhz bu möhkəm təməl üzərində qurulan əlaqələr son illərdə keyfiyyətcə yeni mərhələyə yüksəlib. Strateji tərəfdaşlıqdan müttəfiqliyə keçid isə Bakı-Daşkənd münasibətlərinin siyasi mahiyyətini daha aydın şəkildə ortaya qoyur.

Azərbaycan-Özbəkistan münasibətlərinin bugünkü yüksək səviyyəsinin formalaşmasında Ulu Öndər Heydər Əliyevin mühüm xidmətləri var. Heydər Əliyevin 1997-ci il iyunun 18-19-da Özbəkistana rəsmi səfəri iki ölkə arasındakı münasibətlərin gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm hadisə idi. Həmin səfər zamanı imzalanan sənədlər Azərbaycan-Özbəkistan əməkdaşlığının hüquqi və siyasi əsaslarını daha da möhkəmləndirdi. Sonrakı illərdə bu münasibətlər tədricən genişlənərək siyasi dialoqdan iqtisadiyyat, nəqliyyat, energetika, mədəniyyət və digər sahələri əhatə edən çoxşaxəli əməkdaşlıq modelinə çevrildi.

Bu xətt Prezident İlham Əliyevin rəhbərliyi dövründə yeni məzmun qazandı. Cənab prezidentlə özbəkistanlı həmkarı Şavkat Mirziyoyev arasında yaranmış şəxsi münasibətlər, qarşılıqlı etimad və intensiv siyasi dialoq iki ölkə arasındakı əlaqələrin sürətli inkişafının əsas amillərindən birinə çevrildi. Son beş ildə dövlət başçılarının qarşılıqlı səfərlərinin intensivliyi də bunu təsdiqləyir. Prezident İlham Əliyevin Özbəkistana iki dövlət və dörd işgüzar səfəri, Prezident Şavkat Mirziyoyevin Azərbaycana iki dövlət və yeddi işgüzar səfəri Bakı-Daşkənd əlaqələrinin hansı səviyyəyə yüksəldiyini göstərən mühüm göstəricilərdir. Münasibətlərdə dönüş nöqtələrindən biri isə 2024-cü il avqustun 23-də Daşkənddə “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə”nin imzalanması oldu. Bununla iki ölkə arasındakı əməkdaşlıq artıq strateji tərəfdaşlıq çərçivəsindən çıxaraq müttəfiqlik səviyyəsinə yüksəldi. Həmin tarixdə Ali Dövlətlərarası Şuranın ilk iclasının keçirilməsi də münasibətlərin institusional əsaslarının möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyırdı. Azərbaycan-Özbəkistan münasibətləri siyasi iradə, qarşılıqlı etimad və uzunmüddətli strateji maraqlar üzərində qurulmuş nümunəvi tərəfdaşlıq modelidir.

Bakı-Daşkənd xətti Türk dünyasının yüksəlişində mühüm rol oynayır Azərbaycan-Özbəkistan əlaqələrini əhəmiyyətini yalnız iki ölkənin münasibətləri ilə məhdudlaşdırmaq doğru olmazdı. Çünki Bakı və Daşkənd Türk dünyasının iki mühüm dayağı kimi çıxış edir. Azərbaycan Cənubi Qafqazda, Xəzər hövzəsində və Avropa ilə Mərkəzi Asiya arasında nəqliyyat bağlantılarında strateji mövqeyə malikdir. Özbəkistan isə Mərkəzi Asiyanın mərkəzində yerləşən, böyük əhali və iqtisadi potensiala malik mühüm türk dövlətidir.
Bu baxımdan iki ölkənin yaxınlaşması yalnız siyasi əlaqələrin möhkəmlənməsi deyil, Türk dünyasının coğrafi baxımdan daha sıx birləşməsi deməkdir.

Türk Dövlətləri Təşkilatının güclənməsi də bu prosesin mühüm hissəsidir. Azərbaycan və Özbəkistan TDT çərçivəsində siyasi, iqtisadi, humanitar və mədəni inteqrasiyanın əsas iştirakçıları sırasında yer alır. Qəbələdə keçirilən TDT Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə təşkilatın artan siyasi və geosiyasi çəkisinin xüsusi vurğulanması da təsadüfi deyil. Türk dünyası artıq yalnız tarixi və mədəni bağların ifadə olunduğu məkan deyil. Burada iqtisadi əməkdaşlıq, nəqliyyat, enerji, müdafiə, təhlükəsizlik, rəqəmsallaşma və investisiya kimi istiqamətlərdə daha sistemli inteqrasiya prosesi gedir. Azərbaycan-Özbəkistan münasibətləri də bu böyük prosesin aparıcı xəttlərindən biridir.

Azərbaycanın Mərkəzi Asiya ilə münasibətlərinin sürətlə inkişaf etməsində Özbəkistan xüsusi yer tutur. Eyni zamanda Özbəkistanın Azərbaycanla əlaqələrinin genişlənməsi Mərkəzi Asiyanın Cənubi Qafqaz və Avropa istiqamətində çıxış imkanlarını artırır.
2025-ci il noyabrın 16-da Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə “C5” formatına tamhüquqlu iştirakçı kimi qəbul edilməsi bu baxımdan mühüm hadisə oldu. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycanın bu formata qoşulmasını tarixi qərar kimi qiymətləndirərək Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında daha möhkəm əlaqələrin qurulması üçün yeni imkanların yarandığını bildirdi. Əslində, bu qərar son illərdə formalaşan yeni regional reallığın məntiqi nəticəsidir.
Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında münasibətlər getdikcə daha sıx xarakter alır. Burada ortaq tarix və mədəniyyətlə yanaşı, geoiqtisadi maraqlar da mühüm rol oynayır. Azərbaycan Xəzər üzərindən Mərkəzi Asiyanı Qafqaz və Avropa ilə birləşdirən əsas bağlantı nöqtələrindən birinə çevrilib. Özbəkistan isə bu prosesdə xüsusi əhəmiyyət daşıyır. Çünki Mərkəzi Asiyanın mərkəzində yerləşən ölkənin Azərbaycan üzərindən Qərb bazarlarına çıxış imkanlarının genişlənməsi hər iki tərəf üçün ciddi iqtisadi üstünlüklər yaradır.
Orta Dəhliz Bakı ilə Daşkəndi daha da yaxınlaşdırır
Azərbaycan-Özbəkistan münasibətlərində nəqliyyat və logistika xüsusi yer tutur.
Orta Dəhliz bu əməkdaşlığın ən perspektivli istiqamətlərindən biridir. Mərkəzi Asiyanın istehsal və ixrac potensialını Xəzər dənizi, Azərbaycan və Türkiyə üzərindən Avropa bazarlarına çıxaran bu marşrut regionun iqtisadi xəritəsini dəyişmək imkanına malikdir.
Azərbaycanın Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, dəmir yolları, avtomobil magistralları, hava limanları, gəmiçilik və logistika imkanları Özbəkistanın istehsal və ixrac potensialı ilə birləşdikdə ortaya kifayət qədər böyük geoiqtisadi imkanlar çıxır.
Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun inkişafı da bu baxımdan mühüm əhəmiyyət daşıyır. Gələcəkdə bu xəttin Azərbaycan üzərindən Avropa istiqamətində mövcud nəqliyyat dəhlizləri ilə daha sıx əlaqələndirilməsi regional ticarət üçün yeni perspektivlər aça bilər.
2022-ci ildə imzalanmış beynəlxalq avtomobil əlaqələri haqqında saziş də iki ölkə arasında yükdaşımaların inkişafına əlavə stimul verib.
2025-ci ildə Azərbaycanla Özbəkistan arasında tranzit daşımaların 1,4 milyon tona çatması bu sahədə əməkdaşlığın artıq real iqtisadi nəticələr yaratdığını göstərir.

Bakı ilə Daşkənd arasındakı nəqliyyat əməkdaşlığı da sadəcə iki ölkənin ticarət ehtiyaclarına xidmət etmir. Bu əməkdaşlıq bütövlükdə Mərkəzi Asiya ilə Avropa arasında yeni iqtisadi bağlantıların qurulmasına töhfə verir. Ticarətdən sənaye kooperasiyasına
İki ölkə arasında iqtisadi münasibətlər də son illərdə yeni məzmun qazanıb. Əvvəllər əsasən ticarət dövriyyəsi ilə xarakterizə olunan iqtisadi əlaqələr artıq birgə istehsal, sənaye kooperasiyası və investisiya layihələri ilə zənginləşir. Tərəflərin 2030-cu ilədək qarşılıqlı ticarət dövriyyəsini 1 milyard ABŞ dollarına çatdırmaq məqsədi müəyyənləşdirməsi iqtisadi münasibətlərin qarşıdakı illərdə daha da genişlənəcəyini göstərir.

Son illərdə qarşılıqlı mədəniyyət günlərinin keçirilməsi iki xalq arasındakı mənəvi bağların möhkəmləndirilməsinə mühüm töhfə verir.
2023-cü və 2025-ci illərdə Azərbaycanda Özbəkistan Mədəniyyəti Günlərinin, 2024-cü ildə isə Özbəkistanın Elm və Mədəniyyət Günlərinin keçirilməsi bu istiqamətdə görülən işlərin miqyasını göstərir. Özbəkistanda Azərbaycan Mədəniyyəti Günlərinin təşkili, Xivədə “Şuşa günləri”nin keçirilməsi də iki ölkənin mədəniyyət diplomatiyasının xüsusi nümunələrindəndir.
Daşkənddə Heydər Əliyev Meydanının yaradılması isə Azərbaycan xalqının Ümummilli Liderinə Özbəkistanda göstərilən ehtiramın mühüm ifadəsidir. 2022-ci ildə Prezident İlham Əliyev və Prezident Şavkat Mirziyoyevin meydanın açılışında iştirakı iki ölkə arasındakı münasibətlərin siyasi və mənəvi tərəflərinin vəhdətini nümayiş etdirdi.
Bakıdan Şuşaya, Xivədən Səmərqəndə uzanan qardaşlıq
Azərbaycan-Özbəkistan münasibətlərinin dərinliyi ölkələrin regionları və şəhərləri arasında qurulan əlaqələrdə də özünü göstərir. Bakı-Daşkənd, İsmayıllı-Riştan, Şuşa-Xivə, Lənkəran-Buxara, Şəki-Kokand, Biləsuvar-Termez, Mingəçevir-Namanqan, Füzuli-Güliston, Quba-Cizak və Beyləqan-Şəhrisəbz arasında qardaşlaşma münasibətlərinin yaradılması xalqlar arasında birbaşa təmasların genişləndiyini göstərir. Ürgənc ilə Naxçıvan, Ürgənc ilə Xankəndi, Buxara ilə Laçın arasında da qardaşlaşma münasibətlərinin qurulması istiqamətində qərarların qəbul edilməsi bu prosesin daha da genişləndiyini göstərir.
Bu əlaqələr dövlət başçıları səviyyəsində mövcud olan siyasi münasibətlərin cəmiyyətlər arasında da möhkəmlənməsinə xidmət edir.

Türk dövlətlərinin iqtisadi gücünün artırılması, nəqliyyat dəhlizlərinin birləşdirilməsi, enerji əməkdaşlığının genişləndirilməsi və ortaq mədəni məkanın möhkəmləndirilməsi istiqamətində Bakı-Daşkənd əməkdaşlığının xüsusi çəkisi var. Məhz buna görə Azərbaycan-Özbəkistan münasibətlərini sadəcə iki qardaş ölkə arasındakı uğurlu diplomatik əlaqələr kimi qiymətləndirmək kifayət deyil. Bu münasibətlər Türk dünyasının yüksəlişinin, Mərkəzi Asiya ilə Cənubi Qafqazın yaxınlaşmasının və yeni geoiqtisadi reallığın formalaşmasının mühüm dayaqlarından biridir. Azərbaycan və Özbəkistan arasında möhkəmlənən qardaşlıq göstərir ki, ortaq tarix üzərində qurulan siyasi iradə, iqtisadi maraqlar və qarşılıqlı etimad böyük regional layihələr üçün güclü zəmin yarada bilər.

Bakı ilə Daşkəndin yolu getdikcə daha çox yerdə kəsişir. Bu yolun bir istiqaməti Türk dünyasının siyasi və iqtisadi inteqrasiyasına, digər istiqaməti isə Mərkəzi Asiya ilə Cənubi Qafqazı birləşdirən yeni regional əməkdaşlıq məkanına aparır. Və görünən odur ki, Azərbaycan-Özbəkistan qardaşlığının qarşıdakı illərdə əsas missiyalarından biri məhz bu iki böyük coğrafiyanı daha sıx birləşdirmək olacaq.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə