Mobil versiya
Novruzəli Aslanov: “Azərbaycan - Özbəkistan münasibətləri geniş bir coğrafiyanın siyasi və iqtisadi imkanlarını artıran mühüm amildir”
Tarix: 22-08-2026 | Saat: 09:58
Bölmə:Manşet / Siyasət | çapa göndər

Novruzəli Aslanov: “Azərbaycan - Özbəkistan münasibətləri geniş bir coğrafiyanın siyasi və iqtisadi imkanlarını artıran mühüm amildir”

"Azərbaycan və Özbəkistan münasibətlərinin bugünkü səviyyəsi təsadüfi siyasi yaxınlaşmanın deyil, uzun illər ərzində formalaşmış etimadın və ardıcıl dövlət siyasətinin nəticəsidir. Prezident İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibəsi bu münasibətlərin mahiyyətini daha geniş prizmadan qiymətləndirməyə imkan verir. Müsahibədə səslənən fikirlərdən aydın görünür ki, Azərbaycan ilə Özbəkistan arasındakı əlaqələr artıq ikitərəfli əməkdaşlığın ən yüksək siyasi mərhələlərindən birinə yüksəlib. Bu münasibətlərin əsas üstünlüyü ondadır ki, tərəfləri birləşdirən amillər yalnız dövlət maraqları ilə məhdudlaşmır. Azərbaycan və Özbəkistan xalqları ortaq tarixi, mədəni irsi və mənəvi dəyərləri bölüşür. Bu ümumi zəmin siyasi dialoqun daha səmimi və etibarlı müstəvidə inkişafına imkan verir. Dövlət başçıları arasındakı qarşılıqlı hörmət və etimad isə həmin potensialı konkret siyasi qərarlara və layihələrə çevirir.”

Bunları aia.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Novruzəli Aslanov deyib.

Millət vəkili bildirib ki, son illərdə imzalanan mühüm sənədlər münasibətlərin institusional əsaslarını daha da möhkəmləndirib: “Strateji tərəfdaşlıqdan müttəfiqliyə keçid sadəcə siyasi termin dəyişikliyi deyil. Bu, iki ölkənin regional və beynəlxalq məsələlərdə bir-birinin mövqelərinə hörmətlə yanaşmasının, qarşılıqlı dəstəyin və uzunmüddətli əməkdaşlıq niyyətinin hüquqi-siyasi çərçivəyə salınmasıdır. Ali Dövlətlərarası Şuranın yaradılması da münasibətlərin sistemli xarakter aldığını nümayiş etdirir. Azərbaycan və Özbəkistanın beynəlxalq platformalarda bir-birinə dəstək verməsi müttəfiqliyin mühüm istiqamətlərindən biridir. İki ölkənin Türk Dövlətləri Təşkilatında fəal iştirakı, regional və qlobal gündəlikdə qarşılıqlı maraq doğuran məsələlər üzrə əməkdaşlığı türk dövlətləri arasında həmrəyliyin güclənməsinə əlavə impuls verir. Bu baxımdan Bakı ilə Daşkəndin münasibətləri yalnız iki dövlətin deyil, daha geniş coğrafiyanın siyasi və iqtisadi imkanlarını artıran amilə çevrilir. Azərbaycanın Mərkəzi Asiya ilə əlaqələrinin sürətlə genişlənməsi də bu kontekstdə xüsusi əhəmiyyət daşıyır. Özbəkistan regionun ən böyük və mühüm dövlətlərindən biri kimi Azərbaycanın Mərkəzi Asiyaya çıxışında mühüm tərəfdaşdır. Eyni zamanda Azərbaycan Cənubi Qafqazda yaratdığı nəqliyyat və logistika imkanları ilə Özbəkistanın dünya bazarlarına çıxış marşrutlarının şaxələndirilməsində əhəmiyyətli rol oynaya bilər. Belə qarşılıqlı tamamlanma iki ölkənin əməkdaşlığını geoiqtisadi baxımdan daha da qiymətli edir. Müttəfiqliyin gücü onun yalnız siyasi bəyanatlarda deyil, çətin və məsuliyyətli məqamlarda nümayiş etdirilməsi ilə ölçülür. Özbəkistanın Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bərpa-quruculuq prosesinə verdiyi töhfə bunun nümunəsidir. Füzulidə həyata keçirilən layihələr qardaş ölkənin Azərbaycanın Zəfərinə və Böyük Qayıdış prosesinə mənəvi və praktiki dəstəyinin ifadəsidir. Bu addımlar dövlətlərarası münasibətləri xalqların həyatına birbaşa təsir edən real əməkdaşlığa çevirir. Humanitar əlaqələrin inkişafı da siyasi münasibətlərin davamlılığını təmin edən mühüm amildir. Təhsil müəssisələri, mədəniyyət layihələri, media qurumları və şəhərlərarası əlaqələr Azərbaycan və Özbəkistan cəmiyyətlərini bir-birinə daha da yaxınlaşdırır. Çünki dövlətlərarası dostluğun uzunömürlü olması üçün onun xalqlar arasında da möhkəm dayaqları olmalıdır. Bütün bunlar göstərir ki, Bakı-Daşkənd münasibətləri müasir dövrdə qardaş dövlətlər arasında strateji tərəfdaşlığın uğurlu modelidir. Burada siyasi iradə iqtisadi maraqlarla, tarixi yaxınlıq müasir layihələrlə, ikitərəfli əməkdaşlıq isə daha geniş regional baxışla tamamlanır. Məhz bu bütövlük Azərbaycan və Özbəkistan müttəfiqliyinin gələcəkdə daha böyük nəticələr verəcəyini deməyə əsas yaradır” – deyə, Novruzəli Aslanov fikirlərini tamamlayıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə